Ermənilərə son tarixi verildi – “Çıxın, azərbaycanlılar gəlirlər”
22-05-2024, 12:20
Azərbaycanın Xeyrimli kəndində qanunsuz məskunlaşmış ermənilərə ərazidən çıxmaları üçün vaxt verilib.
bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Dünən axşam saatlarında Kirants kəndində Tavuş vilayətinin rəhbərliyi ilə sakinlər arasında görüş keçirilib.
Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində qanunsuz yolla məskunlaşdıqları Azərbaycan ərazilərindən çıxanlara hökumətin yardımı ilə bağlı olub.
“Hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir, artıq kənddə tikinti işlərinə başlanılıb. Məsələ budur ki, Azərbaycana təhvil verilmiş ərazilərdə qalan iki evin sahiblərinə möhlət verilib ki, iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar sözügedən ərazidə yerləşəcəklər”, – məlumatda deyilir.
Ermənilər işğal dövründə Qazax rayonunun Xeyrimli kəndinin ərazilərini qanunsuz yolla mənimsəmişdilər. Amma demarkasiya nəticəsində bu ərazilər Azərbaycana qaytarılır. Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən Tavuş-Qazax istiqamətində sərhədin demarkasiyasının tamamlanmaq üzrə olduğunu açıqlayıb. Qızılhacılı, Aşağı Əskipara və Bağanıs Ayrım istiqamətlərində işin tamamlandığına, sərhəd dirəklərinin basdırıldığına dair məlumat var. Ermənilər Xeyrimli istiqamətində Azərbaycana məxsus olan əraziləri mübahisələndirməyə çalışsalar da, bu bədnam niyyətləri baş tutmayıb.