Əlil olan hərbçilərin pensiyasına əlavələrin hesablanması qaydası dəyişir
27-05-2024, 09:44
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev nəzərə çatdırıb ki, qanunun 20.16.2-ci maddəsinə təklif edilən dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlil olan hərbçilərin pensiyasına əlavələrin hesablanması qaydası dəyişir.
Bu, Milli Məclisin cümə günü keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev nəzərə çatdırıb ki, qanunun 20.16.2-ci maddəsinə təklif edilən dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Hazırda həmin şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin 60 faizi, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 55 faizi, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
Dəyişikliyə əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin 70 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavələr müəyyən ediləcək.
Beləliklə, müvafiq təminat xərcliyinin 60 faizi 70 faizə qaldırılır.
Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 55 faizi, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavələr müəyyən edilməsi isə qüvvədə qalacaq.
Bu qanun qəbul ediləcəyi təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qanunun 20-ci maddəsi "Qulluq stajına görə əmək pensiyasına əlavələr" adlanır.
Xatırladaq ki, mövcud qanuna əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq orqan tərəfindən müəyyən olunur.
Hərbi qulluqçular sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər:
-müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;
-hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.
Əlavə edək ki, mövcud qanuna əsasən, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin 100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 80 faizi həcmində əmək pensiyasına əlavələr müəyyən edilir.