Paşinyan zor yolu ilə devrilərsə: - “Azərbaycan sülh danışıqlarına getməyəcək”

27-05-2024, 18:58           
Paşinyan zor yolu ilə devrilərsə: -
Ermənistanda keçirilən vətəndaş itaətsizliyi aksiyasında saxlanılanların sayı yüzü keçib.

Saxlanılan vətəndaşlar bildirirlər ki, polis şöbələrində yer qalmayıb. Bu barədə mayın 27-də səhər saatlarında “Vətən Uğrunda” hərəkatının “Facebook” səhifəsində yayılan məlumatda deyilir. “Polis saxlanılanlara boş yerlər axtarmaq üçün şöbələri gəzdirməyə məcburdur”, - deyə mesajda deyilir. Xatırladaq ki, Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları bu gün səhər saat 8-də başlayıb.

Maraqlıdır, qısa bir zaman ərzində Paşinyan hakimiyyətinə qarşı çevriliş cəhdlərinin baş tutması ehtimal oluna bilər?

Məsələ ilə bağlı Xəqani Cəfərli “Cebhe.info”-ya şərhində qeyd edib ki, hazırda Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq qeyri-mümkündür:

“Radikal və revanşist müxalifətin Nikol Paşinyanı legitim yolla hakimiyyətdən kənarlaşdırması variantı mövcud olmadığı üçün onun qanuni hakimiyyətini qeyri-qanuni yolla devirməyə cəhd edirlər. “Vətən naminə hərəkat”a rəhbərlik edən Tavuş yeparxiyasının rəhbəri, keşiş Baqrat Qalstanyan Paşinyanı hakimiyyətdən sakit və legitim yolla kənarlaşdıra bilməyəcəyini anlayır. Ona görə də o və digər revanşist müxalifətçilər vətəndaş qarşıdurması yaratmağa çalışır və bu qarşıdurmadan istifadə edərək hakimiyyəti devirmək imkanı qazanmaq istəyirlər”.

Ekspert bildirib ki, Paşinyanın hakimiyyətini dinc və demokratik yolla son qoymaq qeyri-mümkündür:

“Çünki Ermənistanda xalqın əksəriyyəti Qalstanyanın hərəkatını dəstəkləmir. Onun hərəkatını dəstəkləyənlər heç bir 1 % də təşkil etmir. Paşinyan da bunu bildiyi üçün istefa vermək məcburiyyətində olmur. Həmçinin Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası parlamentdə çoxluğa malikdir. Bu isə hakimiyyətinin legitimliyini möhkəmləndirir”.

Politoloqun sözlərinə görə, Paşinyan hakimiyyətinin zorakı və güc yolu ilə devrilməsi Ermənistan üçün fəlakət ola bilər:

“Əgər Rusiyanın dəstəyi ilə keşiş Baqrat Qalstanyan indiki hakimiyyəti zorakılıq yolu ilə devirərsə, bu, Ermənistanda çox ağır və ziyanlı proseslərə gətirib çıxaracaq. Bu, Ermənistanın tam olaraq beynəlxalq aləmdən təcrid olunmasına və Azərbaycanla aparılan sülh danışıqların fiaskoya uğramasına səbəb olacaq.

Azərbaycan qeyri-legitim hakimiyyət ilə sülh danışıqlarına getməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.