Türk dövlətləri ortaq dəhliz üçün birləşdi
29-05-2024, 10:58
2022-ci il noyabrın 11-də Səmərqənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri Orta Dəhliz boyu gömrük prosedurlarını sadələşdirilməsi haqqında saziş imzalamışdı. Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan bu sazişi hələ 2023-cü ildə ratifikasiya etmişdilər, TDT ölkəsindən yalnız Qazaxıstan qalmışdı ki, o da bu həftə sadələşdirilmiş gömrük dəhlizinə qoşulmağı təsdiqləyib.
Türk dövlətləri (TDT) Orta Dəhliz boyu gömrük prosedurlarını sadələşdirir – bu isə o deməkdir ki, Şərq-Qərb-Şərq dəhlizi üzrə “yaşıl koridorlar”, vahid tranzit tarifləri olacaq. Bu gün Orta Dəhlizin ən böyük rəqibi Rusiya-Belarus üzərindən keçən dəmir yolu xəttdidir. Qərb-Rusiya qarıdurmasına baxmayaraq bu yolla, məsələn, ötən il 56,7 milyard dollarlıq yük daşınıb. Amma ciddi problemlər də yaranıb, əsas problem odur ki, Qərb sığorta şırkətləri Rusiyadan keçən yüklərin sığortasından imtina edirlər, dolayı sanksiyalarla üzləşməkdən çəkinirlər. Deməli Rusiya yoluna alternativ ola biləcək Orta Dəhliz layihəsinin sürətlə reallaşdırmaq lazımdır. Çünki, Qərb-Rusiya qarşıdurması hələ onillər davam edəcək, indi məqamdır, Rusiya üzərindən keçən yüklərin, heç olmasa 25-30%-i cəlb edə bilsək, ciddi iş olacaq.
ADY (Azərbaycan Dəmir Yolları) QSC-nin bu ilin 4 ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcmi ötən illə müqayisədə 35% artıb, Çinin Sian şəhərindən bu dəhlizlə ümumilikdə 60 blok qatar yola salınıb. Bu yaxınlarda aparılmış yenidənqurma işlərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalar bərpa edilib və onun yükburaxma qabiliyyəti illik 5 milyon tona çatdırılıb – bütün bunlar yaxşıdır, amma azdır. Tək ADY yox, bütün dövlət qurumları sinxron işləməlidir, əsas məsələ də Gömrük Komitəsinin işidir, əgər onlar, “aç görüm nə aparırsız”, modunda işləməyə davam etsələr, işə yanaşmalarını dəyişməsələr, uğurlu nəticə əldə etmək çətin olacaq.
Azərbaycan Türk Dövlətləri Təşkilatının açar ölkəsi, Orta Dəhlizin (Şərq-Qərb-Şərq) qapısıdır – qapı yaxşı, doğru açılıb-bağlanmalı, dürüst işləməlidir ki, işin effekti də artsın...
Natig Cəfərli
TEREF