Əməkhaqqının yeni forması: saatbaşına ödəniş və açıq qalan suallar... - AKTUAL

29-05-2024, 08:26           
Minimum əmək haqqı sistemi tezliklə aylıqdan saatlığa dəyişə bilər. Bu, işçilərin həyatına necə təsir edəcək - onları yaxşılaşdıracaq, yoxsa çətinləşdirəcək? Dəyişikliklər Dünya Bankının “Business Ready” Qrupunun hesabatı əsasında müvafiq sahədə təkmilləşdirmələr və kommunikasiyalar üzrə 2024-cü il üçün “yol xəritəsində” öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin iyulun 1-dək belə bir əvəzetmənin həyata keçirilməsi üçün müvafiq təkliflər hazırlayıb təqdim etməlidir.

Sözügedən xəbər bir çox vətəndaşı təşvişə saldı və onları anlamaq olar. Keçmiş sovet məkanı ərazisində belə təkliflər az deyil. Deyirlər, Qərbdə belədir, deməli, bizdə də belə olmalıdır. Doğrudan da, bir çox ölkələr var ki, orada minimum əmək haqqı saatla hesablanır, lakin bu yanaşma bizim əmək bazarı ilə Qərb bazarı arasındakı fərqi nəzərə almır.

Mütəxəssislər qeyd edirlər ki, bu ödəniş forması çevik iş qrafiki və ya natamam işləyən işçilər, eyni vaxtda bir neçə işlə məşğul olanlar və ya qısamüddətli işə cəlb olunanlar üçün daha uyğundur. Digərləri üçün bu, işləri çətinləşdirə bilər, çünki işəgötürən əvvəlki kimi eyni miqdarda işin öhdəsindən daha qısa müddət ərzində gələ biləcəklərinə qərar verə bilər.

İndi bizdə meyar kimi aylıq minimum əmək haqqı götürülür ki, bu da hazırda 345 manat təşkil edir. Eyni zamanda, noyabrın əvvəlinə qədər təqdim edilməli olan “minimum əmək haqqı”nın artırılması ilə bağlı təkliflər hazırlanır. Amma bu vaxta qədər əmək haqqı mexanizminin necə olacağı bəlli deyil.

Hələlik ekspertlər öz proqnozlarını verməklə, yeni formanın tətbiqi üçün yalnız təxmini ssenarini güman edə bilərlər. Belə ki, iqtisadçı ekspert Rauf Qarayev AYNA-ya bildirib ki, əməkhaqqının formasında mümkün dəyişikliklə bağlı pilot layihə barədə məlumat var. Lakin onların sonda hər yerdə ona keçməyə qərar verib-verilməyəcəyi hələ məlum deyil.

“Məsələn, ABŞ-da minimum əmək haqqı saatla müəyyən edilir. Eyni zamanda, müxtəlif ştatlarda fərqlidir - birində məsələn, 16 dollar, digərində isə 25 dollardır. Azərbaycanda bu, necə nəzərə alınacaq? Bütün ölkə üçün vahid tarif cədvəli olacaq, yoxsa müxtəlif iqtisadi rayonlar üçün fərqli olacaq? Çox güman ki, ölkəmizin ərazisinin kiçikliyini nəzərə alaraq, ikincisi olacaq. Əməkhaqqının bu forması bütün günü iş yerində olmalı, əslində isə cəmi bir neçə saat işləyənlər üçün daha sərfəli olacaq. Məsələn, bunlar rəhbər işçilər üçün sürücülərdir”, - ekspert qeyd edib.

İqtisadçının sözlərinə görə, indi bəzi şirkətlərdə buna bənzər bir şey tətbiq edilib və elə peşələr var ki, maaş iş saatından asılıdır, ona görə də bu, köklü yenilik deyil: “Əslində qanunda iş münasibətləri saatların sayına əsaslanır. Belə ki, qanuna görə, gündə 8 saatdan, həftədə isə 40 saatdan çox işləyə bilməzsiniz. Ancaq yeni bir sistemə keçərkən, bir çox nöqtəni, xüsusən də qeyri-iş günlərində hansı tariflə və neçə saat ödəniləcəyini dəqiqləşdirməli olacaqsınız. Bundan əlavə, nəhayət, əmək qanunvericiliyində uzaqdan məşğulluğu qanuniləşdirməli olacağıq. Bu məsələ bir neçə il əvvəl müzakirə edilib, lakin nəticəsi olmayıb. Bu da faktdır ki, pandemiyadan sonra distant rejimdə işləyənlər daha çox olub”.

Onun fikrincə, minimum əmək haqqını ləğv etməyə ehtiyac yoxdur, sadəcə olaraq, onunla bərabər saatlıq əmək haqqı tətbiq edilməlidir.

“Avropada həm saatlıq, həm də aylıq əmək haqqı var. Bu o deməkdir ki, işçi özünə daha uyğun olan variantı seçə bilər. Məncə, bu, optimal həll yoludur. Vətəndaşların əksəriyyəti saatlıq tarifə üstünlük verərsə, indiki əməkhaqqı formasının özü aradan çıxacaq. İndi minimum əmək haqqını saatlara bölsəniz, iş saatı üçün minimum ödəniş təxminən 2 manatdır. Amma minimum saatlıq əməkhaqqı daha çox, deyək ki, 3-5 manat olmalıdır ki, işçiləri onu seçməyə həvəsləndirsin”, - iqtisadçı fikirlərini yekunlaşdırıb.

Müstəqil Həmkarlar İttifaqları Assosiasiyasının sədri Fuad Əliyev də öz növbəsində AYNA-ya deyib ki, belə bir qərar qəbul olunarsa, böyük ehtimalla əmək haqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması lazım olacaq: “Məsələn, ABŞ-da bu, uğurla işləyir və işdən asılı olaraq, saatlıq əmək haqqı əhəmiyyətli dərəcədə dəyişir. Amma bizdə bu sistem tətbiq olunanda bir çox vətəndaş qazanc itirə bilər. Bundan istifadə edən işəgötürən tam iş günü, yəni 8 saat əvəzinə işçinin yalnız yarım gün işə getməsi barədə qərar verə bilər. İşçilərin hüquqlarının pozulmaması üçün saatlıq minimum əmək haqqını artırmaq, dünya standartlarına uyğun olmasa, heç olmasa onlara yaxınlaşmaq lazım gələcək. Belə olan halda hər gün daha da az saat işləməklə insan özünü və ailəsini dolandıra biləcək”.

“Xidmət-iş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov isə AYNA-ya bildirib ki, bəzilərinin qənaətincə, bir saatlıq əməkhaqqı ilə iş vaxtından artıq işləməklə daha çox qazana bilər, lakin icazə verilən əlavə iş saatlarının sayı qanunla ciddi şəkildə məhdudlaşdırılıb. O, əmindir ki, yeni modelə keçmək qərara alınarsa, hər bir sahə işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola biləcək öz iqtisadi cəhətdən əsaslandırılmış təkliflərini verməlidir. C.İsmayılov vurğulayıb ki, ilk növbədə hər şeyi diqqətlə düşünmək lazımdır.

Mütəxəssislərin sözlərindən də göründüyü kimi, minimum saatlıq əmək haqqının tətbiqi yalnız iş saatının indikindən əhəmiyyətli dərəcədə yüksək qiymətləndirilməsi ilə müsbət nəticələrə səbəb ola bilər. Bəs bu gün bu nə dərəcədə mümkündür? Sual açıq qalır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.