“UKRAYNA RUSİYA ƏRAZİSİNİ QƏRB SİLAHI İLƏ VURUB” - Sensasiyalı iddia

30-05-2024, 11:34           
“UKRAYNA RUSİYA ƏRAZİSİNİ QƏRB SİLAHI İLƏ VURUB” - Sensasiyalı iddia
Məlum olduğu kimi, Ukraynaya qarşı işğalçılıq müharibəsinin ilk vaxtlarından ABŞ başda olmaqla, Qərb dövlətləri Ukraynaya verdiyi silahlardan Rusiya ərazisini vurmağı qadağan edib. Bu qadağa xeyli vaxtdır Ukrayna ordusunun əl-qolunu bağlayır və Rsuiya ərazisindəki hərbi obyektlərin vurulmasına imkan vermir. Rusiya isə bundan istifadə edərək, istədiyi vaxt, sərhədin istənilən istiqamətində öz qoşunlarını arxayınlıqla toplayaraq, Xarkov vilayətində olduğu kimi, Ukrayna ərazisinə soxula bilir.

Son günlər sözügedən qadağanın götürülməsinin zəruriliyi barədə müzakirələr çoxalıb. Əvvəllər bunun qəti əleyhinə olan ABŞ administrasiyası təmsilçiləri, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinken qadağanın götürülməsinin mümkünlüyünə dair eyhamlar vurur. Böyük Britaniya və İsveç isə öz silahlarının Rusiya ərazisindəki obyektlərin vurulmasında istifadəsinə icazə verdiklərini bəyan ediblər. Buna baxmayaraq, hələ ki, bu silahların birbaşa Rusiya ərazisinə hücumlarda istifadəsinə dair fakta rast gəlinmirdi. Lakin belə görünür ki, artıq Ukrayna sözügedən qadağaya riayət etmək fikrində deyil.

“AzPolitika” xəbər verir ki, Fransanın AFP(Frans-Press) agentliyi Ukraynanın Rusiya ərazisini Qərb silahı ilə vurduğuna dair sensasiyalı məlumat yayıb. AFP öz mənbələrinə istinadla yazır ki, Ukrayna artıq bir neçə dəfə Rusiyadakı, ən son isə Krasnodardakı hədəflərin vurulmasında Qərb silahlarından istifadə edib. Agentlik hansı silahlardan söhbət getdiyini açıqlamayıb. Lakin iddia edib ki, Ukrayna Silahlı Qüvvələri Amerika silahları ilə Krasnodardakı hərbi hədəfi vurub.

Eyni zamanda, Almaniyanın “Bild” nəşri də eyni iddia ilə çıxış edib. “Bild” yazır ki, Ukrayna qoşunları Rusiya ərazisindəki hərbi hədəfə qarşı ən azı bir dəfə “Patriot” zenit sistemindən istifadə edib.

Qeyd olunur ki, bu, “Patriot”un istehsal olunduğu ABŞ-nin, eləcə də onu Ukraynaya təhvil verən Almaniyanın tələblərinə zidd olaraq baş verib. “Bild” də “Patriot” kompleksinin konkret olaraq hansı hədəfə qarşı istifadə edildiyini açıqlamayıb. Lakin xatırladıb ki, son vaxtlara qədər Qərb ölkələri nəinki Rusiya ərazisinin vurulmasını qadağan edib, hətta Rusiya raketləri və ya qırıcılarının Ukraynanın hava sərhədini keçməyincə vurulmasına belə icazə verməyib.

“Bild” iddia edir ki, Ukrayna Rusiya ərazisindəki obyekti “Patriot”-la vurandan sonra alman və amerikalı rəsmilər Kiyevlə əlaqə saxlayıblar və kəskin iradlarını bildiriblər. Hətta tərəflər arasında “gərgin dialoq” olduğu və Ukrayna tərəfinin raket tədarükünün dayandırılması ilə hədələndiyi iddia edilir.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski məlum qadağanı pozmadıqlarını deyib: “Biz heç vaxt Rusiya ərazisində Qərb silahlarından istifadə etməmişik, çünki buna bizim (Qərbdən) razılığımız yoxdur. Biz bütün silah tədarükü həcmini riskə ata bilmərik”.

Bu arada Rusiya mətbuatının yazdığına görə, Krasnodar vilayətinin səlahiyyətliləri və Rusiya Müdafiə Nazirliyi sözügedən vilayətin atəşə tutulması zamanı xarici silahlardan istifadə edilməsi barədə heç bir məlumat verməyib.

“The Wall Street Journal” isə yazır ki, ABŞ-dəki Ukrayna parlamentinin nümayəndə heyəti Amerika hakimiyyətindən nəinki məhdudiyyətləri aradan qaldırmağı, həm də Rusiya ərazisindəki hədəflərin seçilməsində köməklik etməyi xahiş edib.

NATO-nun Baş katibi Yens Stoltenberq də ABŞ-nin mövqeyini tənqid edib. O, ittifaq ölkələrini məhdudiyyətləri aradan qaldırmağa çağırıb: “Ukraynanın Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı bu silahlardan istifadə etmək imkanından məhrum edilməsi onların müdafiəsini çox çətinləşdirir”.

Stoltenberq əmin olduğunu bildirib ki, dəyişən şərtlər eskalasiyaya səbəb olmayacaq, çünki qərar bütün NATO səviyyəsində deyil, hər bir ölkə tərəfindən müstəqil şəkildə qəbul ediləcək.

Lakin Rusiya hakimiyyəti bütün bu müzakirələri “məsuliyyətsiz” və “nəticələrinə görə təhlükəli” adlandırıb. Yəni, Rusiyanın məntiqinə görə, rus ordusu işğalçılıq müharibəsini Ukrayna ərazisində davam etdirə, Ukrayna şəhərlərini istədiyi kimi bombalaya, dinc əhaliyə divan tuta bilər. Ukrayna isə Rusiya ərazisinə zərbə endirə bilməz.

Lakin görünür, Qərb dövlətləri xüsusilə də Rusiyanın Xarkov istiqamətində həyata keçirdiyi işğalçı hücum əməliyyatından sonra öz silahlarının Rusiya ərazisində tətbiqinə dair qadağanı aradan qaldırmaq qərarına gəlib. Hər şey buna doğru gedir və yaxın zamanda Rusiyadakı legitim hərbi obyektlərin açıq şəkildə Qərb silahları ilə vurulmasının şahidi ola bilərik. Bu isə müharibənin taleyinə təsir göstərə bilər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.