İsrailin Rəfah əməliyyatı pislənir, amma ABŞ-a görə, "qırmızı xətt keçilməyib"

30-05-2024, 18:34           
İsrailin Rəfah əməliyyatı pislənir, amma ABŞ-a görə, "qırmızı xətt keçilməyib"
Beynəlxalq Ədalət Məhkəməsinin İsraili Rəfaha hücumu dayandırmağa çağıran qərarına baxmayaraq, İsrail ordusu şəhərdə əməliyyatlarını davam etdirir.

Bazar günündən bəri İsrail hücumları nəticəsində azı 66 fələstinli həyatını itirib.

Sosial mediada "All eyes on Rafah" ("Bütün gözlər Rəfahdadır") adlı Rəfaha dəstək fotosu 37 milyon dəfə paylaşılıb, Sky News çərşənbə günü səhər yazıb.

BMT Təhlükəsizlik Şurası Rəfah zərbəsi ilə bağlı təcili iclas çağırıb və BMT-nin baş katibi António Guterres hücumu pisləyib və onu "bu ölümcül münaqişədən qaçmaq istəyən onlarla günahsız mülki şəxsin öldürülməsi" adlandırıb.

“Qəzzada təhlükəsiz yer yoxdur. Bu dəhşətə son qoyulmalıdır”, - Guterres sosial mediada yazıb. BMT-nin digər rəsmiləri insidentin hərtərəfli araşdırılmasına çağırıblar.

Digər ölkə liderləri də İsrarili Rəfah-da əməliyyatı dayandırmağa və dinc insanların təhlükəsizliyini təmin etməyə çağırıb.

Ağ Evin sözçüsü John Kirby bildirib ki, ABŞ İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərini genişmiqyaslı işğal etməyə başladığına inanmır.

Jurnalistlərə danışan cənab Kirby yayılan görüntüləri "ürək parçalayan" və "dəhşətli" adlandırıb.

ABŞ Prezidenti Joe Biden bu ay demişdi ki, əgər İsrail yüz minlərlə mülki şəxsin hələ də sığındığı güman edilən "Rəfahın mərkəzlərinə" girərsə, ona silah tədarükünü məhdudlaşdıracaq.

Mayın 27-dən 28-nə keçən gecə döyüşlərin intensivləşdiyi, Rəfahın qərb hissəsinin ağır bombardman və artilleriya atəşi altında qaldığı bildirilib.

Bu, mayın əvvəlində hərbi əməliyyatın başlanmasından bəri ən ağır döyüş olub.

Şahidlərin sözlərinə görə, İsrail tankları Fələstin-Misir sərhədinə baxan, ən hündür təpə sayılan strateji əhəmiyyətli Zorub təpəsini nəzarətə götürüb.

Şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, bir neçə İsrail tankı çərşənbə axşamı Rəfahın mərkəzinə çatıb.

Onların sözlərinə görə, Əl-Avda məscidi yaxınlığında tanklar görünüb.

İsrail hərbçiləri bu xəbərləri dərhal şərh etməyib, daha sonra Rəfah əməliyyatı ilə bağlı açıqlama verəcəyini vəd ediblər.

Hava hücumları yüzlərlə ailəni yaxınlıqdakı xəstəxanaya qaçmağa məcbur edib və xilasedicilər partlayış yerinə çatmaqda çətinlik çəkib.

Həmas-ın idarə etdiyi səhiyyə nazirliyi mayın 28-də günortadan sonra Rafahın qərbində məcburi köçkünlərin düşərgəsinə endirilən zərbələr nəticəsində ümumilikdə 21 nəfərin öldüyünü və 64 nəfərin yaralandığını bildirib.
Bazar günü İsrail Həmas yaraqlılarının ölkənin mərkəzi hissəsinə etdiyi raket hücumlarına cavab olaraq, Rəfahdakı qaçqın düşərgəsinə zərbələr endirib.

Qəzzanın Həmas-ın nəzarətində olan səhiyyə nazirliyinin məlumatına görə, azı 45 nəfər həlak olub, yüzlərlə insan yanıq, sınıq və qəlpə yaraları alıb.

İsrail rəsmiləri bildiriblər ki, hücumda Həması-ın iki yüksək rütbəli silahlısı - Yasin Rabia və Xalid Naqar Rəfahda öldürülüb.

"Zərbə beynəlxalq hüquqa uyğun olaraq, dəqiq döyüş vasitələrindən istifadə etməklə və Həmas-ın ərazidən istifadə etdiyini göstərən dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, qanuni hədəflərə qarşı həyata keçirilib", - İsrail hərbi rəsmiləri bazar günü bildiriblər.

İsrailin Baş naziri Benyamin Netanyahu Rəfah qaçqın düşərgəsinə endirilən və onlarla fələstinlinin ölümü ilə nəticələnən hava hücumunun beynəlxalq səviyyədə qınanılmasına baxmayaraq, Həmas-a qarşı müharibəni davam etdirəcəyinə söz verib.
İsrail parlamentində çıxış edən Netanyahu zərbənin "faciəli hadisə"yə səbəb olduğunu deyib, lakin əlavə edib: "Bütün məqsədlərə çatana qədər müharibəni bitirmək niyyətində deyiləm".

Onun sözlərinə görə, İsrail mülki insanları qorumaq üçün bütün mümkün ehtiyat tədbirləri görür və ordu münaqişədə iştirak etməyənlərə zərər verməmək üçün səy göstərir.

“Rəfahda bir milyon insanı evakuasiya etdik, lakin səylərimizə baxmayaraq, dünən faciəli hadisə baş verdi”, - Netanyahu parlamentdə çıxışı zamanı deyib.

O əlavə edib ki, bu “insidentdən nəticə çıxaracaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.