Qurban bayramı gəlməmiş qiymətlər ARTDI
30-05-2024, 12:18
Xalid Kərimli: “Ətin bahalaşması birbaşa Qurban bayramı ilə əlaqəli deyil, yayda...”
Azərbaycanda heyvan bazarında qiymətlər artıb, xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində fərq hiss olunur. Bunun Qurban bayramı ilə bağlı olduğu deyilir. Qeyd edək ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.
Digər tərəfdən, Rusiyanın Samara şəhərində xırdabuynuzlu heyvanlar arasında yayılan brüsellyoz xəstəliyi ilə əlaqədar bölgədə karantin tətbiq edilib. Bununla əlaqədar xəstə heyvanların müalicəsi, kəsilməsi və sağılması qadağan olunub. Ekspertlərə görə, ölkəmiz ət istehlakı baxımından idxaldan asılıdır. Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem də qoyun ətinin qiymətində artıma səbəb ola bilər. Yəni Azərbaycana idxal olunan qoyun ətinin qiyməti bahalaşa bilər. Bu heyvanların da idxalda böyük hissəsi Rusiya və Gürcüstanın payına düşür.
Rusiya mediası yazır ki, xırdabuynuzlu heyvanlar arasında brüsellyoz xəstəliyi böyük sürətlə yayıldığından regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, keçi və qoyunların sağalması qadağan edilib.
Onu da qeyd edək ki, ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar artıq deməkdir. Məlumdur ki, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68%-nı təşkil edib.
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ətin bahalaşması bir başa Qurban bayramı ilə əlaqəli deyil:
“Amma Qurban bayramı ərəfəsində əvvəlki həftələrlə müqayisədə daha baha olur. Amma Qurban bayramı ilə əlaqəli bahalaşma bir-iki həftə sonra aradan qalxır. Ətin bahalaşmasının əsas səbəbi bir sıra məqamlarla bağlıdır. Xırdabuynuzlu heyvanların sayına baxsaq, yəni 2015-2016-cı illərlə müqayisə etsək, həmin dövrdə saxlanılan keçi qoyunun sayı 8,7-8,8 milyon baş idi. 2023-cü ilin axırına baxanda isə xırdabuynuzlu heyvanların sayı 7,8 milyon başa düşdüyünü görürük. Təqribən 9 min baş heyvan azalıb, bu da 10 faizdən çox azalma deməkdir. Əhalinin ət istehlakına baxanda 2015-2016-cı illə müqayisədə 2023-2024-cü illərdə bizim ət istehlakımız (qoyun, keçi əti) əksinə 20 faiz bahalaşıb. Bir tərəfdən qoyunların sayı azalıb, digər tərəfdən daha çox tələbat artıb. Çünki əhalinin sayı artıb, bu da istehlakı artırır”.
İqtisadçı əlavə edib ki, qoyunun, keçinin azalmasının səbəbi həm də otlaq sahələrinin azalmasıdır:
“Otlaq sahələrinin azalması da iki səbəbdən olur. Birincisi, əkinçilik, bağçılığın salınmasıdır. Bunların hamısı qoyunların otlaq yerinin azalmasına gətirib çıxarıb. Bakıətrafı sahələrdə də çox yer çöllük idisə, indi evlər tikilib. Yəni otlaq yerlərinin sayı bu səbəblərdən azalıb. Otlaq yerlərinin azalmasının ikinci səbəbi isə şoranlaşma, iqlim dəyişikliyi, kultivasiya sistemlərinin düzgün edilməməsi ilə bağlıdır, bu da torpağın şoranlaşmasına səbəb olan amillərdəndir. Göyçay, Ağdaş, Ağsuda torpaq ağappaqdır. Digər tərəfdən insanların şəhərə meyllənməsi ilə ev təsərrüfatı ilə məşğul olmurlar. Təbii ki, qiymətlərin artması insanların bu işə yenidən qayıtmasına həvəsləndirəcək. Amma bunu bir müddət sonra görəcəyik. Digər bir məqam həmin periodda həm də yemin bahalaşmasıdır. Otlaq bahalaşır, yem bahalaşır, bununla da xərc artır. May-iyunda ot ucuzdur deyirik, heyvandarlıqla məşğul olan təkcə may-iyunda məşğul olmur ki, qış ayları da var. Xərclər də çoxdur, tələbat da yuxarıdır”.
Ekspert qeyd edir ki, qiymətlərin artmasına bir səbəb də Gürcüstanda ət ixracına qoyulan məhdudiyyətdir:
“Rusiyada brüssellyoz yayılıb, hələ də təsiri olmasa da, xəbərin yayılması bazarlara təsirini göstərir. Bizim idxalımız əsasən Rusiya, Gürcüstandır. 2022-ci ildə 192 min baş xırdabuynuzlu heyvan idxal olunub. 2023-cü ildə bu 312 min baş artıb. Gürcüstandan 2022-ci ilə 162-170 min baş heyvan gətirilmişdisə, keçən il 212 min baş diri qoyun-keçi idxal olunub. Əvvəldə dediyim kimi, tələbata əsasən qiymətlər artıb. Yay aylarında daha da artacaq”.