Nəzarətə keçən kəndlər - Xidmətin təşkili, ordunun bundan sonra görəcəyi iş VİDEO
31-05-2024, 09:14
Elə şeylər var ki, bəzən biz ciddiyə almırıq, bəsid hesab edirik. Cəmiyyətdə, hətta telekanallarda müzakirəsini görəndə, anlayırsan ki, görüləcək çox iş, deyiləcək çox şey var.
Qazaxın 4 kəndi Azərbaycanın nəzarətinə keçdi. Hər iki ölkənin Sərhəd qoşunları üz-üzə, göz-gözə xidmət aparacaq. Yəni, sərhədin mühafizəsini təşkil edəcəklər.
Sual yaranır bəs ordu nə olacaq? Hər kəsin anlayacağı dildə deyim. Ordu posta çıxmayacaq. Səngərdə xidmət aparmayacaq. Ordu dislokasiya yerində xidmət aparacaq. İldə iki dəfə müdafiə zolağına çıxacaq, həmin istiqamətdən təhlükə yaranarsa, müharibə olarsa necə davranacağının təlimlərini keçəcək. Ermənistan da eynən bunu edəcək. Hesab edək ki, sabah Ermənistanla sülh müqaviləsi imzalandı, bütün sərhəd boyu mühafizəni Sərhəd qoşunları götürdü. Onda ordu lazım olmayacaq?
Xidmət etdiyim hərbi hissənin iki müdafiə rayonunu əsgər olsam da bilirdim. Qarabağ müharibəsi olarsa Beyləqandan Laçın dəhlizinə qədər, Rusiya ilə müharibə olarsa SDK istiqaməti. Ölkələrlə dost münasibəti olsa belə, ordular xəritə üzərində həmişə ən pis varianta hazır olur, bir manqanın belə harda duracağı dəqiq bilinir. Ermənistanı boş verin, Gürcüstan, İran, Rusiya, dənizdəkilər. Lap loru dildə yazım. Misal üçün şimal rayonundakı hərbi hissə təkcə şimala yox, bütün istiqamətlər üzrə çıxacağı istiqaməti xəritələrdə var. Təkcə Ermənistan yox, "X" bir ölkə ilə müharibə olarsa, hansı manqanın harda duracağı, tapşırığının nə olacağı bəllidir.
Pafos, populiz siyasətlə sevgilidir, hərblə günüdür, düşməndir.
Ermənistanı necə istəyirsiniz aşağılayın, ancaq qoyub qaçırdılar deməyin. Ən azı şəhidlərə hörmətsizlikdir. Kimin döyüşüb, döyüşmədiyini müəyyən etməyin ən asan yolunu deyim sizə. Kim deyirsə ki, ermənilər qaçırdı, biz də qovalayırdıq, bilin o adam müharibə görməyib...
Səxavət Məmməd
TEREF