Azərbaycan və Pakistan XİN başçılarının görüşü

31-05-2024, 00:00           
Azərbaycan və Pakistan XİN başçılarının görüşü
Azərbaycan XİN başçısı Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici siyasət idarəsinin başçısı, baş nazirin müavini Məhəmməd İshaq Darla görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, nazirlər iki ölkə arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.

Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib. O, Cammu və Kəşmirlə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.

Tərəflər iki ölkə arasında energetika, informasiya texnologiyaları, əczaçılıq, ağır və yüngül sənaye, kimya, kənd təsərrüfatı, turizm, nəqliyyat, müdafiə, təhsil, humanitar və digər sahələrdə hərtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. İki ölkə arasında birbaşa uçuşların turizmin və insanlar arasında əlaqələrin inkişafına geniş töhvə verdiyi diqqətə çatdırılıb.

Təhsil və humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı, hər iki ölkədə təhsil müəssisələrində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin mövcudluğu, təlim proqramları məmnunluqla qeyd olunub.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyinin müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Nazir Ceyhun Bayramov həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə geniş məlumat verib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.