Avropa seçkiöncəsi "Rusiya işi" ilə çalxalanır

31-05-2024, 10:24           
Avropa seçkiöncəsi "Rusiya işi" ilə çalxalanır
"Avropa Parlamentinə seçkilərlə bağlı hazırlıq prosesi yeni siyasi qruplar yaratmaq üçün Fransa və Almaniyanın aktiv rol almasına gətirib çıxarıb. Ancaq seçkidən öncə Avropa Parlamentində rüşvət qalmaqalı və "Rusiya işi" gündəmə gəlib. Rusiyanın başı hər nə qədər Ukraynadakı müharibəyə qarışsa da, onun Avropadakı kəşfiyyat fəaliyyəti səngiməyib. Qərbdən Moskvaya qarşı basqılar artdıqca, Kreml də öz kartlarını oynayır".
Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov Avropa Parlamentində Rusiyaya işləməkdə şübhəli bilinən şəxslərə qarşı reydlərin başlanmasını şərh edərkən deyib.
"Avropa Parlamentinin həm Brüssel, həm də Strasburq ofislərində "Rusiya işi" ilə əlaqədar polis reydləri keçirilib. Məlumatlara əsasən, Almaniya və Niderlanddan olan bəzi deputatların Rusiya ilə əlaqələri araşdırılır. Onların rüşvət müqabilində "Avropanın səsi" internet saytında Rusiyanın ambisiyalarını təbliğ edən materialların "memarı" olduğu bildirilir", - deyə Aqşin Kərimov əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, Avropa Parlamentində rüşvət qalmaqalları birinci dəfə deyil gündəmə gəlir və seçkiöncəsi bu məsələnin yenidən aktullaşması iki məqamdan xəbər verir.
"Birincisi, Rusiyanın Ukraynadakı müharibə səbəbilə Qərblə yaşadığı gərginləşmənin yüksəlməsidir. Moskva çalışır ki, Avropada olan rıçaqlarını təzyiq aləti kimi işə salsın və müəyyən siyasətçiləri öz himayəsi altına alaraq onları yönləndirsin.
İkincisi, Qərb öz daxilində olan rəqabətli səhnəni "Rusiya işi" ilə əlaqələndirib əsl məramı gizlətməyi hədəfləyə bilər. Bu ssenaridə Qərbdə əsasən Fransa və Almaniyanın təsir dairəsində olan şəxslərin hədəfə alınması nəzərdə tutulur. Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun Avropa səhnəsində statuslarını itirməsi və Avropa İttifaqının gündəmini müəyyən edə bilməməsi barədəki mövqeləri də dediyim fikrin təsdiqi ola bilər", - deyə A.Kərimov fikrini bildirib.
Ekspertin gəldiyi qənaətə əsasən, Avropa Parlamentindəki yoxlamalar həm da İttifaq daxilindəki rəqabətin nişanəsidir və Fransa ilə Almaniyanın təlimatları ilə hərəkət edən dairələrə bir mesajdır.
"Elə isə sual olunur, Rusiya bu ssenaridə maraqlıdırmı? İstənilən halda, Qərbin Avropa teatrındakı fikir ayrılıqları və siyasi mübarizə Rusiyanın Qərbə qarşı təbliğat materiallarını gücləndirməyə imkan verəcək. Üstəlik, Almaniya ilə Fransa arasında olan yarıgizli rəqabət də Moskvanın Avropadakı mövqelərini bərkitməyə şərait yaradır", - deyə Kərimov fikrini yekunlaşdırıb.
Aqşin Kərimov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.