Rusiyanın üç Qafqaz ölkəsini Çinlə “bölüşmək” planı - NƏ BAŞ VERİR?
31-05-2024, 11:52
Ukraynadakı müharibə planetin müxtəlif regionlarında siyasi qüvvələrin balansına ciddi təsir göstərir. Odur ki, Rusiyanı sanksiyalarla zəiflətmək niyyəti onun geosiyasi rəqiblərini hərəkətə gətirməkdədir. Kremlə birbaşa bitişik olan regionlara gəlincə, söhbət Moskvanın çəkisi və təsirinin digər güc mərkəzlərini əvəz etməyə çalışdığı regional münasibətlər sisteminin tamamilə yenidən formatlaşdırılmasından gedir.
Bəziləri, məsələn, Fransa kimi açıq müdaxilə cəhdləri edir, bəziləri isə varlığını addım-addım gücləndirir. Sonuncular arasında Çin fərqlənir...
1990-cı illərin ortalarında “Bir kəmər, bir yol” qlobal layihəsinin işə salınmasından sonra Çinin regional siyasətdəki rolu daha da artdı. Orta dəhlizə inteqrasiya olunmuş Transxəzər beynəlxalq nəqliyyat marşrutu layihəsi Çin və Cənubi Qafqaz dövlətləri arasında münasibətlərinin hazırkı mərhələsində əsas hərəkətverici amildir. Azərbaycanla gözlənilən sülh müqaviləsi Pekin Ermənistanı da regional logistika sxemlərinə daxil etmək imkanı verir. Çinlə Cənubi Qafqaz ölkələri arasında ticarət ilbəil artır. Təsadüfi deyil ki, bu ilin birinci rübündə Çin Azərbaycana idxalda lider olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 134 ölkədən idxal həyata keçiriblər. Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.
Çinin Cənubi Qafqazdan idxalında xammal, ixracında isə maşın və avadanlıqlar üstünlük təşkil edir. Cənubi Qafqazdan Çin əsasən filiz və neft idxal edir. Çinin Ermənistandan idxalının 97%-dən çoxu mis və molibden filizləri/konsentratları (əslində Ermənistan ixracının demək olar ki, üçdə biri) təşkil edir. Eyni zamanda Çin Gürcüstanla da ən yaxın münasibətlərə malikdir. Hələ 2017-ci ildə Çin və Gürcüstan arasında azad ticarət sazişi imzalanıb. Ənənəvi olaraq, Çinin Cənubi Qafqaza yatırdığı investisiyaların əsas hissəsi Gürcüstana yönəldilib.
Belə ki, 2019-cu ildə Gürcüstan iqtisadiyyatına yatırılan Çin sərmayəsinin həcmi 671 milyon dollar təşkil edib, 2022-ci ildə isə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların ümumi həcmi 2 milyard dollar təşkil edib. Çinin son illərdə Gürcüstanda həyata keçirdiyi ən böyük layihə Tiflis yaxınlığında “Hualing Tbilisi Sea New City” adlı xüsusi iqtisadi zonanın tikintisi olub, bunun üçün Çinin "Exim Bank"ı 195 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Çin Hadori su elektrik stansiyasının tikintisini maliyyələşdirib. Digər layihə AIIB-nin xətti ilə maliyyələşdirilən 100 milyon dollar dəyərində olan Nenskra su elektrik stansiyasıdır. Beləliklə, dünyada baş verən geosiyasi transformasiyalar fonunda Rusiya üçün postsovet məkanının əhəmiyyəti dəfələrlə artır.
Bu barədə siyasi ekspert və məsləhətçi, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko qeyd edir ki, Rusiyaya düşmən olan dövlətlərin burada təsirinin güclənməsinin qarşısını almaq üçün bu sahəyə diqqətin artırılması təbii reaksiyadır. Onun fikrincə, Cənubi Qafqaz və Mərkəzi Asiyaya gəldikdə isə Qərb alyansı ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa) burada öz mövqelərini gücləndirilməsinə qarşı çıxmaq üçün Moskva və Pekin koordinasiyalı iş görməlidir: “Bu cür Rusiya-Çin qarşılıqlı əlaqəsi üçün praktiki formatları axtarmaq, təklif etmək və həyata keçirmək lazımdır”. Bu bir tərəfdən Çinin Cənubi Qafqazda artan rolunun Rusiyada narahatlıq yaratdığını göstərir, digər tərəfdən isə indi Çinə Rusiyanın ən ciddi müttəfiqi kimi baxılır və o səbəbdən Moskva Pekinlə nüfuz savaşı aparmır, “bölüşmək” təklif edir...
Professor Qabil Hüseynlinin sözlərinə görə, Çin Cənubi Qafqazda yeni oyunçu sayılsa da, region dövlətləri ilə bir çox müstəvidə əməkdaşlıqlarını sürətlə genişləndirməyə çalışır. Onun fikrincə, ikitərəfli çoxşaxəli əməkdaşlıqların artan xətlə inkişafı fonunda rəsmi Pekin regiona investisiya qoyuluşlarını artırır: "Əməkdaşlıq texnologiyadan tutmuş humanitar sahəyə qədər bir çox sektoru əhatə edir. Sanksiyaların təsiri Rusiyanın bölgəni müttəfiqi ilə bölüşməyə sövq edir. Rusiya regionu bəzi siyasi-hərbi məsələlərdə Türkiyə, iqtisadi-ticari sahələrdə isə Çinlə bölüşmək məcburiyyətindədir. Müharibənin gətirdiyi sanksiyalara tab gətirmək üçün tərəfdaşların və müttəfiqlərinlə dominant olduğun əraziləri bölüşməyə vadar olursan. Bu da strateji nəticələrdir. Yəni Rusiyanın hərbi əməliyyatlarına cavab olaraq tətbiq edilən təzyiqlər onun nüfuz dairələrində mövqelərinə təsir edir. O cümlədən Çin özü genişlənmə siyasətini götürüb. Bu gün qlobal bir iqtisadi güc və fakt kimi qəbul olunur. Pekinin üstünlüyü ondadır ki, hərbi doktrina yox, iqtisadi doktrina ilə regionlarda nüfuz qazanır”.
Q.Hüseynli Rusiya liderinin Çinə son səfərini də məhz yaranmış vəziyyətlə əlaqələndirir: “Amma Azərbaycanla münasibətlər spesifikdir və inkişafdadır. Onu da deməliyəm ki, Zəngəzur dəhlizinin açılmasında marağı olan bəlkə də elə birinci dövlət Çindir. Çünki bu ölkədən Avropaya gedən logistika qısalacaq. Ona görə də Çin Cənubi Qafqaz ölkələri ilə əlaqələri gücləndirir. Zənnimcə, Ermənistan da koridorun açılmasına gec-tez razılaşacaq. Bu, Pekindən Londona qədər uzanan böyük və trilyonlar dövriyyə edən bir marşrutdur”.
Siyasi şərhçi Aqşin Kərimova görə, mütləq şəkildə qeyd edilməlidir ki, regional və bəşəri siyasi sistemdə yeni geosiyasi ittifaqlar qlobal ticarət modellərin formatlanmasını formalaşdırır: “Müzakirə əsnasında "Bir kəmər, bir yol" layihəsi, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) inkişafı, COP29 tədbiri ilə əlaqədar fikir mübadiləsinin aparılması iki dövlətin perspektivlə əlaqədar müştərək vizyonunu ortaya qoyur. Çinin Bakıda keçiriləcək COP29 tədbirinə dəstəyi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Şübhəsiz ki, Çin Cənubi Qafqazda Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsinin reallaşmasını özünün yeni dünya düzənindəki yerini möhkəmləndirə biləcək alternativ formul kimi nəzərdən keçirir. Bu mənada Bakı-Pekin əlaqələrinin arealının daha da genişlənəcəyi şübhə doğurmur".
“Yeni Müsavat”