Haramçılığın cəzası: "Gözü çıxan qardaşdan" nə vaxt ibrət götürəcəksiniz?
31-05-2024, 18:14
Ən böyük gözləntilərimdən biri də erməni separatçılarının və terrorçularının Qarabağda və 1990-cı illərdə zəbt etdiklər Qazax rayonun bir sıra ərazilərində başlarına dəyən dəmir yumruq tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin etimadına xəyanət edən məmurların başına dəysin!
Belə məlum olur ki, bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov ölkə başçısının etimadını doğrultmayıb. Hətta bu etimaddan istifadə edərək, büdcənin pulu, xalqın malı ilə “özünə güzaran” qurub.
İlk iddia Musavat.com saytından gəlib. Sayt məsələ ilə bağlı yazır: Şair Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin icra başçısı postuna təyinat alandan sonra onu kollektivə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev təqdim edib.
Şair Alxasov icra başçısı olduğu illərdə Ramiz Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələri tikilib. Belə iddialar var ki, malikanələrin tikintisinə Şair Alxasov şəxsən rəhbərlik edib.
Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilib. 3 mərtəbəli malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.
Bu azmış kimi Unikal.az işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib və paylaşıb:" Qusarda evi ilə qarşı-qarşıya yerləşən otel, Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar, 6 nömrəli məktəbin yanında otel, Nəriman Nərimanov parkında restoran, Bayraq meydanının yaxınlığında 2 otel, Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi...
Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış”.
Hətta deyilənə görə, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.
Hə indi keçək əsas məsələyə…
Deməli, ölkə başçısı dəfələrlə tutduğu vəzifədən istifadə edərək rüşvər və korrupsiyaya girişmiş məmurlara xəbərdarlıq edib, onların düzəlməyi üçün şans verib:” "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək."
Amma təəssüf ki, onlardan bir çoxu bu şansı layiqincə qiymətləndirə bilməyib, düz yola dönməyib və cəzasını alıb.
Onların bir neçəsini oxucularımıza xatırladaq:
1. İmişli rayonunun sabiq icra başçısı, 8 il vəzifədə olan Vilyam Hacıyev – 308-ci ( vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə 12 il azadlıqdan məhrum edilib. Həmçinin üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakı müsadirə edilib.
2. Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, 9 il vəzifədə olan Mahir Quliyev- M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Həmçinin, Biləsuvar RİH-ə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. Quliyev həmkarı V.Hacıyev aid maddələrlə 11 il müddətinə azadlıqdan məhrum edilib.
3. Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev- 6 il Qobustanın 9 il isə Neftçalanın başçısı olmuş qoçaq 9 il 6 ay həbs alıb, xeyli əmlakı müsadirə olunub. Ənənəvi maddələrdən başqa həm də 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə günahkar bilinib.
4. Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov - prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib.Yəni proses hələ davam edir.
Əslində bu siyahını uzada da bilərik, Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov ( 12 il ), Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov (7 il 3 ay), Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov (8 il 6 ay) və sair.
Bütün bu hadisələr işini icra edən icra başçılarının gözü qarşısında baş verir və bir çoxu bundan nəticə çıxartmır. Beyninə ibrət girməyən məmurlara, yəqin ki, bir "dəmir yumruq" dəyəcək!
Əntiqə Rəşid