Sülhə yaxınlıq: Bəs problem nədədir?
11-07-2024, 17:34
Azərbaycanla Ermənistan arasında yekun sülh üçün yaxınlaşma tendensiyası artdıqca problemli məsələlərin miqyası üzrə də yeni narrativlər ortaya çıxır.
Ona görə ki, Ermənistan sülh gündəliyini Rusiya və Qərb arasındakı rəqabət üçün səhnə etməyə çalışır.
Azərbaycan isə bu təhlükəli tendensiyanı zərərsizləşdirməkdən ötrü Ermənistan qarşısında yeni şərtlər irəli sürür.
Ermənistanda Konstitusiyanın dəyişdirilməsi tələbinin Azərbaycan tərəfindən qaldırılması İrəvanın regiondakı reallıqları dəyişdirmək planlarına qarşı kontur addımlardır.
Ermənistan güc qarşıdurmasının ürəyi olaraq qalmaq istədikcə, Azərbaycanın da belə preventiv və daha iddialı tezislər irəli sürəcəyi gözləniləndir. Bu, Azərbaycanın strateji cəhətdən müdafiə immunitetidir və perspektiv üçün sülh və təhlükəsizlik modelini əhatə edən yanaşmasının ifadəsidir.
Bunlara baxmayaraq Azərbaycanla Ermənistan sülh sazişi üçün lazım olan təməl daşlarını qoya bilib. Müsbət impulslar və qarşılıqlı razılaşmalar əsasında verilən qərarlar, o cümlədən sərhədlərin delimitasiyası sülhə olan ümidləri artırır.
Azərbaycan təkcə Ermənistanla sülh gündəliyi deyil, həm də Ermənistan-Türkiyə arasında normallaşmanın və regionda mühüm geosiyasi dəyişikliyin açarı üzərində işləyir.
Amma Ermənistanın Rusiyadan siyasi və hərbi cəhətdən uzaqlaşmaq, əvəzində tamamilə Qərbin ağuşuna sığınmaq barədə düşünməsi regiona müdaxilə təhlükələrini də artırır.
Azərbaycan bu müdaxilələrin qarşısında dayanaraq sülh gündəliyini irəlilətməyi hədəfləyir, ancaq qırmızı cizgilərinin keçiləcəyi təqdirdə güc tətbiqi ssenarisini da diqqətdə saxlayacaq.
Aqşin Kərimov
TEREF