ABŞ vasitəçiliyi: Moskva niyə məhz Ermənistana qəzəblənir?

11-07-2024, 08:24           
ABŞ vasitəçiliyi: Moskva niyə məhz Ermənistana qəzəblənir?
NATO sammiti çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi tərəfləri sülh gündəliyinə daha da həvəsləndirmək məqsədi daşıyırdı.
Bunu ABŞ Dövlət Departamentinin görüşlə əlaqədar yaydığı bəyanatın bu cümləsində aydın görmək olur: “görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib”.
ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini layihəsini özünün tərtib etdiyi gündəliyin sətirləri arasında görməkdə maraqlıdır. Ancaq ABŞ sülh gündəmində həlledici qüvvə kimi çıxış etmək iqtidarında deyil. Həlledici sərhədlərə yaxınlaşmağa cəhd edəndə Rusiyadan Ermənistana qarşı hədələrin səsi gurlaşır.
Vaşinqton görüşündən sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistanı öz təhlükəsizliyi ilə risk etməkdə ittiham etməsi Moskvanın İrəvana qarşı qəzəbli tutumunu göstərir.
Kremlin belə davranmasında səbəb Ermənistanın Azərbaycanla sülh gündəliyini Qərbin xeyrinə Rusiyaya qarşı çevirmək cəhdinə görədir. Azərbaycan isə sülh proqramını güc qarşıdurmasındakı qlobal qüdrətlərdən hər hansı birinə qarşı yönləndirmək niyyətində deyil.
Əksinə, Azərbaycan ABŞ və Rusiya arasında manevr edirdisə, artıq Çinlə strateji tərəfdaşlıq qurmaq niyyətini göstərərək hər iki qüdrətli dövlətin ambisiyalarını aşağı səviyyələrə qoyur. Beləliklə, Azərbaycan ABŞ və Rusiya ilə yanaşı, üçüncü bir alternativ qüvvə ilə əməkdaşlığı genişləndirərək üç tərəf arasında güclü manevr sahəsi qazanır.
Ermənistanın belə bir potensialı yoxdur, o, əksinə Cənubi Qafqazdakı güc qarşıdurmasının ürəyi kimi qalır.
Azərbaycanı maraqlandıran Ermənistanın Rusiyanın qoltuğunun altından çıxıb Qərbə sığınmaq cəhdlərinin regiona gətirə biləcəyi bəlalardır. Azərbaycan təhlükələrdən sığortalanmaq üçün Ermənistanı öz şərtləri daxilində sülhə məcbur edir. Ancaq Ermənistan bu xəttdən də qaçıb vurnuxmağa davam etdikcə, proseslərin vəziyyəti İrəvanın taleyini sual altında qoyacaq.
Aqşin Kərimov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.