800 min əsgər və 200 min hərbi texnika... - Rusiyaya qarşı plan hazırlanır
18-07-2024, 00:02
Rusiya Federasiyası ilə müharibə olacağı təqdirdə Almaniya yüz minlərlə NATO hərbçisinin öz ərazisindən keçməsi üçün fövqəladə plan hazırlayır. Bunu Almaniya Müdafiə Nazirliyi də təsdiqləyib.
Reyting.az-ın xəbərinə görə, Berlindəki Bundesver Milli Müdafiə Komandanlığının nümayəndəsi “Newsweek”-ə deyib ki, “Almaniya üçün Əməliyyat Planı” (OPLAN DEU) yenilənir. Planın Bundesver Milli Müdafiə Komandanlığının məsuliyyəti altında hazırlandığı bildirilir.
Komandanlığın nümayəndəsi əlavə edib ki, təhlükəsizlik vəziyyəti pisləşərsə NATO-nun böyük qüvvələrini tez bir zamanda alyansın şərq cinahına yenidən yerləşdirmək bacarığı adi çəkindirmənin mərkəzi sütunu olacaq. “Almaniyanın mühüm məqsədi Müttəfiq və Alman qüvvələrinin planlı şəkildə yerləşdirilməsini və təchizatını təmin etməkdir. NATO planlarına əsasən, Almaniya bir neçə yüz min əsgəri daimi maddi-texniki təchizat və tibbi yardımla təmin edilməlidir”, - deyə sözçü əlavə edib.
“Planlaşdırma Almaniyada hərəkət oxu kimi təkcə bir avtomobil yolunu deyil, həm də bir çox avtobanları və federal avtomobil yollarını nəzərə alır. Belə qərb-şərq oxuna misal olaraq mərkəzi A2 avtomobil yolunu göstərmək olar. Bu məqsədlə OPLAN DEU tələbləri müəyyən edir. Bundesver üçün, eləcə də milli və ictimai vəzifə olan müdafiə sahəsində digər dövlət və mülki strukturlar üçün tələblər, hərbi təhlükəsizlik səbəbi ilə biz təfərrüata girə və məqalədə göstərilən rəqəmləri təsdiq edə bilmirik”, - Berlin komandanlığının nümayəndəsi deyib.
Onun sözlərinə görə, çox güman ki, düşmən NATO qoşunlarının hərəkətinə mane olmaq və ya onu ləngitmək üçün tədbirlərə əl ata bilər. “Müvafiq infrastrukturun məruz qala biləcəyi riskləri, bu halda harada və nə etməyin lazım olduğunu dəqiqləşdirmək bizim təhdid təhlilimizin və mülki tərəflə davam edən fikir mübadiləsinin bir hissəsidir”, - deyə o, bildirib.
Xatırladaq ki, iyunun əvvəlində Almaniya hökuməti Rusiya ilə ehtimal olunan müharibə vəziyyətində yeni hərbi plan - “Ümumi Müdafiə üçün Çərçivə Direktivi”-ni təqdim edib. Planda NATO qoşunlarının Bundesver qüvvələrinin də yerləşəcəyi şərq cinahına yerləşdirilməli olduğu bildirilir. Bundan əlavə, səlahiyyətlilər ölkənin bəzi bölgələrindən təcili evakuasiya əmri verə bilər, lakin digər müddəalar ailələrin ayrılmasını qadağan edir.
Eyni zamanda Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiya Federasiyasının hücumu zamanı ölkə NATO ərazisini müdafiə etməyə hazırdır.
Onu da qeyd edək ki, “Spiegel” nəşri keçən həftə Rusiya ilə gərginliyin genişmiqyaslı müharibəyə çevriləcəyi təqdirdə Berlinin təxminən 800 min NATO əsgəri və 200 min hərbi texnikanı öz ərazisi boyunca keçirməyə hazırlaşdığını yazıb.
Jurnalistlərin bildirdiyinə görə, alman və NATO planlayıcıları bu nəhəng qüvvəni ölkənin əsas nəqliyyat marşrutları boyunca necə bölüşdürməyi düşünür və diqqətlərini qərbdəki Oberhauzen şəhərindən Berlinin şərqindəki Berlin kənarına qədər uzanan 300 millik A2 avtomobil yoluna yönəldirlər. Söhbət həm də Polşa sərhədləri yaxınlığından gedir. Belə bir marşrutun və onun üzərindəki bir neçə əsas körpünün müharibə vəziyyətində Rusiyanın zərbələri üçün əsas hədəfə çevriləcəyi gözlənilir.