"Boşluğu siz doldurun" silsiləsindən: Kim daha çox qarınquludur – Koroğlu, yoxsa...?

20-07-2024, 10:06           
"Boşluğu siz doldurun" silsiləsindən: Kim daha çox qarınquludur – Koroğlu, yoxsa...?
Uşaqkən atam mənə “Koroğlunun dastanı” kitabını almışdı. Mən də dastanı oxuyub Koroğlunun əsrarəngiz qəhrəmanlıqları ilə tanış olurdum.
Açığı, dastanda diqqətimi cəlb edən əsas epizod Koroğlunun plov yeməsi ilə əlaqədardı. Bildirilirdi ki, Koroğlu səfərlərindən birində bir qarı nənənin qonağı olur. Qonaq qaldığı evə gəlməmişdən əvvəl yoldan 1 put düyü alır və nənəyə verir ki hamısını bişirsin. Nənə də bişirib onun qabağına qoyur. Koroğlu nənəni də plov ziyafətinə dəvət edir. Nənə isə fikirləşir ki, onsuz da Koroğlu bu qədər plovu təkbaşına yeyə bilməyəcək. Ən yaxşısı, özünü tox tutsun, ac deyiləm desin. Necə olsa, plovun böyük qismi yeyilməmiş qalacaq və qarı nənə 1 həftə boyunca onu həzmi-rabedən keçirib Koroğlunun atası Alı kişinin ruhuna dualar oxuyacaq.
Koroğlu nənəyə deyir ki, sonra peşman ola bilərsən, gəl, mənimlə bir süfrədə otur, bu təamdan nuş elə. Nənə də çoxbilmişdir, axı, Koroğlunun israrlı xahişlərini eyni israrçılıqla geri çevirir, sonunda həqiqətən də gecəni ac qarına keçirməli olur. Zira Koroğlu 1 but plovu son düyüsünə qədər aşırıb yatmağa gedir.
1 putun 16 kq olduğunu bilirdim. Məni maraqlandıran o idi ki, bu 16 kq-lıq düyüdən neçə adamın yeməyi çıxar. Anamdan plov bişirində nə qədər düyüdən istifadə etdiyini soruşdum. Məlum oldu ki, o, 6 nəfərlik ailəmiz üçün ya 1 kq, ya da uzağı 1.2 kq düyü bişirir. Anladım ki, Koroğlu biroturuma ən azı 70-80 nəfərin plovunu yeyirmiş. Sonradan Koroğluya yazdığım şeirlərdən birində bu “faktı” qeyd edərək bildirmişdim:
“Bir put plov yeyən nəhəng qarınla,
Yaşaya bilmərsən namus, arınla.
Sənin də haqqını arsız harınlar
Gözünün önündə tıxıb gedərlər”.
İndi isə Naxçıvan barədə açıqlanan məlumatlara nəzər salanda Koroğlunun o qədər də qarınqulu olmadığını düşünürəm. Hər halda, Koroğlu əfəndi 5 gün ərzində 50 dəlisi ilə hər biri nəinki 1 put, hətta 5 put plov yesəydi, yediyini bədənindən kənara atandan sonra 33 min manatlıq tualet kağızı istifadə etməzdi. Və yaxud bir aya 40 min manatlıq spitli içki istemal etmək də, necə deyərlər, Koroğlu həzrətlərinin yemi deyildi.
Hazırda oturub fikirləşəndə Koroğlunun ruhu qarşısında əməlli-başlı xəcalət çəkirəm. Onu dünyanın ən qarınqulu qəhrəmanı hesab edib “nəhəng qarın” adlandırdığıma görə. Qul haqqını əsla əfv etməyən Allah və Koroğlunun ruhu məni bağışlasın.
P.S. Yazının başlığının sonuna üç nöqtə qoymuşam. Ümidvaram ki, o nöqtələrin yerini doldurmaq sizlər üçün çətin olmaz.
Heydər Oğuz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.