Bütün sferalar necədirsə, mediamız da elədir - ANS bağlananda "əccəb oldu" deyənlər...
22-07-2024, 16:37
22 iyul milli mətbuat üçün ən ağır gündür. Jurnalistlərin peşə bayramı olduğuna, media əhlinin bu günə bir həftə qalmışdan təbriklər, hədiyyələr, təltiflər, mükafatlar aldıqlarına baxmayın, möhnət və töhmət dolu gündür.
Hər ağızdan bir avaz gəlir, jurnalistləri təbrik edənlər qədər də tənqid, daha pisi, təhqir edənlər olur.
“Belə jurnalistika olmaz”, “ölkədə mətbuat ölüb, yoxdur”, “media qurumları topdan satılıb”, “qəzetçilər ələbaxan olub”, “jurnalistlikdən çox trolluq edirlər”, “mətbuat artıq 4-cü hakimiyyət deyil, siyasi hakimiyyətin ruporudur” və sair bu kimi ifadələr işlədənlər bir-birinə qarışır.
Artıq bu mövzuda nə kiminləsə mübahisə etmək, nə də ümumilikdə jurnalistikanın müdafiəsinə qalxmağın yeri yoxdur. Çünki bu cür təşəbbüsün xeyri də yoxdur, oxucular bu qənaətlərində möhkəmdirlər.
Ancaq bir məsələni yazmaqda yarar var ki, ölkə insanında mətbuat haqqında xeyli yanlış təsəvvürlər, stereotiplər var.
Bunların ən başlıcası sovet dövründən gəlir. O zamanlar qəzetlər son instansiya idi. Məmur özbaşınalığından, bürokratiyadan, süründürməçilikdən, idarə edənlərin səhlənkarlığından, laqeydliyindən bezən vətəndaşlar mətbuata şikayət edirdilər, qəzet və jurnallar bu barədə yazandan sonra problem həll olunurdu.
İndi elə şey yoxdur, şikayətçilər hələ də mediaya şikayət edirlər, amma sovet vaxtından fərqli olaraq hökumət qəzetləri şikayətə baxmırlar. Bir ara müstəqil qəzetlər, saytlar bu cür sosial xarakterli yazılar verirdilər, indi onlar da vermir. Beləcə, mətbuat şikayətə baxan instansiya olmaq funksiyasını itirib. Oxucular isə bundan narazıdır.
Baxaq, görək, hər addımda bizə nümunə göstərilən “tayms”lar, “qardian”lar, “nyus”lar bu cür materiallar verirmi? Onlar da hansısa bir şəhərin ucqar qəsəbisindəki köndələn küçənin problemlərinə reportaj həsr etmir. Niyə? Ona görə ki, həmin qəsəbənin bələdiyyəsi var, küçə sakinləri şikayətlərini qəzetə, sayta yox, həmin bələdiyyəyə edirlər və bir müddət öncə insanların səsi ilə vəzifəyə gələn adamların canı çıxır, problemi həll edirlər.
Fəaliyyət göstərdiyi illərdə ANS telekanalı ölkənin elə bir şəhəri, qəsəbəsi, kəndi, məhəlləsi, küçəsi qalmamışdı ki, oranın hansısa problemini işıqlandırmasın. Sonu nə oldu? Telekanal bağlananda bütün ölkədən “əccccəb oldu” çığırtısı qopdu.
Bizdə xalqın gücü bələdiyyə və ya icra hakimiyyəti məmurlarına çatmır, ona görə də jurnalistlərdən istifadə etmək istəyirlər. Sanki jurnalistlərin məmurlar üzərində hər hansı bir avtoriteti, hakimiyyəti var.
Bir yanlış düşüncə də odur ki, Avropa ölkələrində qəzetlər müstəqildirlər və hamını tənqid edə bilirlər. Elə də deyil. ABŞ-də də, Avropada da media qurumlarının hamısının sahibi, o sahiblərin özlərinin siyasi və kommersiya maraqları var. Bəzən onlar özlərinə sərf edən siyasətçinin piarını aparırlar, xoşlarına gəlməyənləri yıxıb-sürüyürlər, subyektiv yazılar yazdıqları, dezinformasiya yaydıqları, qərəzli məqalələrə imza qoyduqları da olur.
Hər halda, “qəzet elə şeydir ki, onunla milçəyi də vurmaq olur, naziri də” kəlamı məhz Avropadan yayılaraq dillərə düşüb.
Sadəcə, bir həqiqət var ki, ABŞ və Avropada yüksək ranqlı siyasi xadimlərin mediaya gücləri çatmır. Çünki müstəqil məhkəmə hakimiyyəti, qanunlar, konvensiyalar var və hansısa güclü nazir media qurumlarını məhkəməyə verib bağlatdıra bilmir. Bu isə jurnalistlərin əlini də uzun edir, dilini də.
Bura fərqli ölkədir, coğrafi və siyasi baxından birtəhər Avropaya aid edilsək də, mental və ənənələr baxımından Asiya ölkəsiyik. Burada tarixən “yüz yeyənim olsun, bir deyənim olmasın” prinsipi hökm sürüb və idarə edənlərin iki əsas məqsədindən biri həmişə tənqid edən, irad bildirən, mız qoyan, xalqın dilinə söz salan qüvvələrin neytrallaşdırılması olub.
Daha bir stereotip isə medianın “ifşaedici kontor” rolunu oynamalı olması barədədir. Hamı hesab edir ki, jurnalistlər bütün sferalara nəzarət etməli, öz üzərinə korrupsiya ilə mübarizə idarəsinin funksiyasını götürməli, həftədə bir vəzifəli korrupsioneri, oliqarxı ifşa etməlidir.
Lap tutaq ki, media qurumları belə bir qabiliyyətə malik oldular və gündə birini ifşa etdilər, nə olacaq? Əslində hamının büdcə talanları, məmur maxinasiyaları barədə hər şeyi jurnalistlərdən qat-qat yaxşı bildiyi ölkədə kimi, necə ifşa etmək olar? İfşa edilməli olan adamların hər şeyi – varidatları da, həyat tərzləri ortadadır. Amma hamı istəyir ki, bunu saytdan, qəzetdən oxusun. Lap jurnalistlər yazdılar, vətəndaşlar da oxudular, çıxıb etiraz bildirəcəklər, “ifşa olunmuşlar”a cəza tələb edəcəklər? Elə şey olmayacaq.
Əksinə, tam əksi olacaq. İndiyədək olduğu kimi. Təkcə son 7 ildə işdən çıxarılan, həbs edilən korrupsionerlərin müdafiəsinə qalxanların sosial mediada yazdıqları şərhlər çox ibrətamizdir. Müdafiəçilər jurnalistləri qınayır, söyür, bu cür ifadələr işlədirlər: “Yıxılana balta çalırsınız”; “Kişisinizsə, bunu o, vəzifədə olanda yazaydınız”; “Başqasının pulunu saymaqdan başqa əlinizdən bir iş gəlmir”; “Nə olsun ki, onun o qədər var-dövləti var, guya siz vəzifədə olsanız, pul yığmazdınız?”; “O, 1-2 ilə pulunu verib çıxacaq, pislik sizə qalacaq” və sair və ilaxır.
Gerçəklik budur. Həqiqət bundan ibarətdir ki, səhiyyəsi, təhsili, iqtisadiyyatı, idmanı, mədəniyyəti, incəsənəti Avropa və dünya standartlarına uyğun olmayan ölkədə yalnız mediadan yüksək standartlar gözləmək əbəsdir. Bütün sferaralarda vəziyyət necədirsə, mediada da aşağı-yuxarı elədir. Başqa variant yoxdur. Hələ toya getməlisi mediadır ki, jurnalistlər bir çox həqiqətləri saytlarda, qəzetlərdə yaza bilməyəndə sosial şəbəkələrdə yazırlar. Onlardan “gerçəkləri yazmağı”, “iqtidarla vuruşmağı”, “haqq-ədalət carçısı olmağı” tələb edənlər isə hər yerdə susurlar.
Xalid KAZIMLI - Musavat.Com