Prezident Co Baydenin seçki kampaniyasını dayandırmasından sonra demokratlar yeni problemlərlə üzləşir
23-07-2024, 12:08
Həftələrlə davam edən fərziyyələr və partiya daxilindən gələn güclü təzyiqdən sonra ABŞ prezidenti Co Bayden seçki kampaniyasını dayandırmaq qərarı ilə ölkəni şoka saldı. Bayden vitse-prezident Kamala Harrisi onun varisi kimi dəstəkləyib.
Bazar günü Prezident Baydenin bəyanatından sonra axşam saatlarında insanlar Ağ Evin qarşısından toplaşıb. Bir çoxları onun qərarını dəstəklədiklərini bildirir.
Trevor Hiqqins, Bayden tərəfdarı deyir ki, "Mənə görə Prezident Bayden sahib olduğumuz ən böyük iqlim prezidenti idi və o, iqlim dəyişikliyini dayandırmaq üçün bizə fürsət verdi. Buna görə ona həmişə minnətdar olacağam".
Digər bir tərəfdar isə narahatlığını belə ifadə edir: "Co Bayden və onun etdiklərini çox sevirəm, bilmirəm fikrimi düzgün ifadə edirəm? Mən istərdim ki, o, həqiqətən də böyük prezident kimi yadda qalsın. Mən bir növ təşvişə düşmüşdüm ki, onun zəifliyi buna mane olacaq".
Bayden keçən ay milli televiziya debatlarından əvvəl, seçicilər arasında keçirilən rəy sorğularında keçmiş Respublikaçı prezident Donald Trampı artıq arxada qoymuşdu.
Lakin onun zəif və çaşqın çıxışı Konqresdəki Demokratlar və digər nüfuzlu partiya liderləri arasında qorxuya səbəb olmuşdu. Qorxu ondan ibarət idi ki, 81 yaşlı Bayden nəinki rəqibinə qarşı revanş yarışını uduzacaq, həm də əsas Nümayəndələr Palatasında və Senat yarışlarında digər Demokrat namizədləri də devirəcək.
Amerika Sahibkarlıq İnstitutunun siyasət araşdırma qrupunun baş əməkdaşı Qary Smit deyir ki, Baydenin geri çəkilməsi onun partiyasının şanslarını dirçəltmiş ola bilər. Lakin bu, digər problemləri də gündəmə gətirir. "Əsl sual budur ki, kaliforniyalı liberal Demokrat Kamala Harris Miçiqan, Pensilvaniya və Viskonsin kimi yerlərdə seçki gücünə sahib olacaqmı? Demokratlar prezidentlik postunu əldə saxlamaq üçün bu ştatlarda qalib gəlməlidir".
Corc Vaşinqton Universitetinin media və ictimaiyyətlə əlaqələr üzrə dosenti Peter Loq deyir ki, Harris seçkiyə cəmi dörd ay qalmış daha bir gərgin mübarizə ilə üz-üzədir. "Vitse-prezident Harrislə bağlı indi gördüyümüz sorğunun bir hissəsi onun adının Co Bayden olmamasıdır., çünki insanların çoxu onu tanımır. O, iki dəfə Kaliforniyada ştat üzrə seçilib. Çox ağıllıdır. O, prokurordur. O, Baydenlə vitse-prezidentliyə namizəd olanda açıq şəkildə ölkə miqyasında çalışıb, ona görə də nə etdiyini bilir. Demokratlar onu böyük ölçüdə tanıyır, lakin onun prezident Tramp və ya prezident Bayden kimi milli profili yoxdur".
Harris noyabrda Trampa qalib gəlmək üçün Demokratlar Partiyasını və milləti birləşdirmək üçün "əlindən gələni edəcəyinə" söz verib.
O, gələn ay Çikaqoda keçiriləcək milli qurultayda onun namizədliyinə etiraz edə biləcək bir neçə nəfər də daxil olmaqla, Demokrat həmkarlarından böyük dəstək alıb. Lakin bununla belə Qary Smit deyir ki, bu, qaçınılmaz nəticəyə dəlalət etmir. "Demək istədiyim odur ki, siz tamamilə açıq keçirilən qurultay istəmirsiniz, çünki o, konkret bir namizəd ətrafında birləşməkdən fərqli olaraq, partiyanı parçalaya bilər. Digər tərəfdən isə Kamala Harrisin həqiqətən də ən yaxşı seçim olub-olmaması ilə maraqlanan bir çox seçici var".