İndiki Ermənistan dövləti Azərbaycandan mərhələ-mərhələ qoparılan torpaqlar hesabına yaradılıb
25-07-2024, 10:24
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Qədim türklərə məxsus yer-yurd adlar necə məhv edilib?" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə izi itirilən Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi toponimləri, eləcə də Abbas biçənək oronimi haqqında söz açılır. Bildirilir ki, qədim oğuz yurdu olan indiki Ermənistan dövləti Azərbaycandan mərhələ-mərhələ qoparılan torpaqlar hesabına yaradılıb, həmin vaxtdan ermənilər yer-yurd adlarını dəyişdirərək erməni mənşəli adlarla əvəz etmək yolunu seçiblər.
ABDALAĞALI - İrəvan quberniyasının Yeni Bayazit qəzasında, indiki Qaranlıq, dəyişdirilmiş adı Martuni rayonunda kənd olub. Toponim türkmənşəli "abdal" etnonimi əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranıb. 1935-ci ildə kəndin adı dəyişdirilib Vağaşen qoyulub.
ABDULABAD - İrəvan quberniyasının Eçmiədzin qəzasında, Sərdarabad, dəyişdirilmiş adı Oktomberyan rayonu ərazisində kənd olub. Kənd XX əsrin əvvəllərində ləğv olunub. Toponim Abdul şəxs adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən "abad" sözünün birləşməsindən əmələ gəlib.
ABDULKƏND - İrəvan quberniyasının İrəvan qəzasında, Sərdarabad, dəyişdirilmiş adı Oktomberyan rayonunda kənd olub. XX əsrin əvvəllərində ləğv edilib. Şəxs adı əsasında əmələ gələn mürəkkəb toponimdir.
ABBASLAR - Yelizavetbol, Gəncə quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olub. XX əsrin əvvəllərində xarabalığa çevrilib. İndi ölü kənddir. Toponim "abbaslar" etnonimi əsasında əmələ gəlib.
ABBAS DƏRƏSİ - Yelizavetbol, Gəncə quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd yeri olub. Toponim şəxs adı əsasında düzəlib, "Abbasa məxsus dərə/kənd" mənasını bildirib.
ABBAS DƏRƏSİ - Yelizavetbol, Gəncə quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olub. XX əsrin əvvəllərində xarabalığa çevrilib. İndi ölü kənddir. Toponim şəxs adı ilə relyef bildirən "dərə" sözünün birləşməsindən əmələ gəlib.
ABBAS DƏRƏSİ - Yelizavetbol, Gəncə quberniyasının Qazax qəzasında, Karvansaray, indiki İcevan rayonunda kənd olub və burada daim azərbaycanlılar yaşayıb. Toponim şəxs adına relyef bildirən "dərə" sözünün birləşməsi əsasında yaranıb.
ABBAS BİÇƏNƏK - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Keşişkənd, dəyişdirilmiş adı Yeğeqnadzor rayonundakı Əmağu kəndində dağ adıdır. Oronim Abbas şəxs adı ilə beçenek/peçeneq türk tayfasının adı əsasında əmələ gəlib.
Sonda vurğulanır ki, Qərbi Azərbaycan ərazisinin minillik tarixini, qədim türklərə məxsus yer-yurd adlarını məhv etmək ermənilər üçün çox asan peşəyə çevrilib: "Amma bu toponimləri millətin yaddaşından silmək təbii ki, mümkün deyil. Əminik ki, doğma yurdlarımıza əbədi qayıdışdan sonra o yerlərin əzəli türk adları yenidən insanların dilində əzbərə çevriləcək".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: