Böyük güclər Cənubi Qafqazda üz-üzə gəlir: bölgədə savaş riski artır - NƏ ETMƏLİ?

30-07-2024, 00:09           
Böyük güclər Cənubi Qafqazda üz-üzə gəlir: bölgədə savaş riski artır - NƏ ETMƏLİ?
Ermənistan ordusunun gücləndirilməsi istiqamətində Qərbdən yardımların artırılması, qarşı tərəfin Hindistandan yüz milyonlarla dollarlıq silah-sursat alması Azərbaycanda narazılıq və narahatlıqla qarşılanır. Çünki Azərbaycanla sülh sazişi imzalanamaqdan yayınan Ermənistan ordusu silahlanma fonunda şərti sərhəddə hərbi təxribatlara da başlayır.

Ötən həftə Azərbaycan Müdafiə Nazirliyi Ermənistana təxribatları ilə bağlı xəbərdarlıq edib. Nazirliyin bəyanatında qeyd edilib ki, Azərbaycana qarşı təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.

Bildirilib ki, Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib: “Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".

Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər.

"Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”, - xəbərdarlıq mesajında vurğulanıb.

Müdafiə Nazirliyi təxribatla bağlı bu gün səhər daha bir məlumat yayıb. Bildirilib ki, iyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib: “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”.

Təxribatların artması bölgədə yeni savaş riskini də artırmaqdadır. Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ramil Məmmədli əvvəlcə Ermənistanın silahlanmasının yaratdığı təhlükələri sadalayıb:

- Hələ 44 günlük müharibənin sonlarında deyirdik ki, savaşdan sonra düşmənlərimiz daha da çoxalacaq, daha böyük qüvvələrlə üz-üzə qalacağıq. Artıq həmin dövrdəyik, həmin dövrdə yaşayırıq. 2021-ci ilin sonlarından başlayaraq Ermənistan ordusunun yenilənməsi istiqamətində ciddi addımlar atılmağa başlanıldı. Ermənistanın qarşısına qoyduğu məqsəd bu istiqamətdə Qərblə əməkdaşlıq idi.

Təbii ki, Ermənistan ordusunun zabit-gizir heyəti sovet-rus hərbi şinelindən çıxanlardır. Onların bu illər ərzində istifadə etdikləri silahlar Rusiya standartları əsasında hazırlanan silahlar idi. Ona görə də Ermənistan birdən-birə Amerika, NATO standartlarına uyğun silah və texnikadan inteqrasiya edə bilməz. Birinci mərhələdə daha sadə silah və texnikalara üstünlük verilməsinə başlanıldı. Bu xüsusda, zirehli transportyorlar alındı, həmçinin ordunun artilleriya qüvvələrinin standartlarında dəyişikliyə başlanıldı. Paralel olaraq, Rusiya standartlarına daha yaxın silah və texnikalardır ki, onun da dünyada əsas istehsalçılarından biri Hindistandır. Biz görürük ki, Ermənistan Hindistandan bir neçə yüz milyon dollarlıq silah müqavilələri imzalayır, onları tədarük edir. Demək istədiyim odur ki, Ermənistanın silah alması və ona havadar olan qüvvələrin İrəvanı silah-sursatla təmin etməsi gözlənilən idi.

- Ermənistanın silahlanmasının məqsədi yeni müharibəyə hazırlıq anlamı vermirmi?

- Məncə, əsas məqsədləri Rusiya təsirini maksimum azaltmaq və silah arsenalını maksimum müstəqilləşdirməkdir. Ermənistan yaxşı anlayır ki, Azərbaycanla müharibə aparmaq qüdrətində deyil.

- Amma Ermənistan bu günlərdə ABŞ-la birgə hərbi təlimlər keçirdi, Kəlbəcər istiqamətində təxribat törətdi. Eyni zamanda, bu gün Laçın istiqamətində daha bir təxribat baş verdi. Azərbaycan Müdafiə Nazirliyinin şənbə günü Ermənistana xəbərdarlıq açıqlaması oldu...

- Azərbaycanın narahatlığı əslində Ermənistanın silah arsenalını gücləndirməsi ilə bağlı deyil. İndiki silahlardan daha güclü silahlar 2020-ci ilədək Ermənistanın arsenalında olub. “İskəndər” silahı, “Smerç” yaylım atəş sistemi kimi komplekslər Ermənistan ordusunun sərəncamında idi. Amma Azərbaycan Ordusu müharibə zamanı qarşı tərəfin ordusunu darmadağın etdi, qələbə qazandı. Azərbaycanın narahatlığı və narazılığı ona görədir ki, Ermənistan regionda yaranmış sülh və sabitlik şansını təhlükəyə atır. Rəsmi İrəvan sülh və sabitlik şansını əlinin tərsi ilə itələyir və kənar qüvvələri, imperialist siyasət yürüdən ölkələri Cənubi Qafqaza gətirməyə çalışır. Bu isə bölgədə daha əvvəl olan güclərlə - Rusiya, İran kimi qüvvələrlə Qərb qüvvələrinin böyük konflikt yaranması təhlükəsini artırır. Azərbaycan isə bölgədə müharibədə maraqlı deyil. Yoxsa ki, Azərbaycan Ermənistanın hansısa yaylım atəş sistemi almasından elə də narahat deyil. Əgər Ermənistan ordusunun arsenalında “Sezar” silahı varsa, Azərbaycanda ona adekvat silahlar mövcuddur. 44 günlük müharibədə Ermənistan əlində olan bütün silahlardan Azərbaycana qarşı istifadə etdi, nə qazandı ki?!

Təbii ki, Azərbaycan birinci narahatlığı odur ki, yenidən istər lokal, istərsə də genişmiqyaslı hərbi toqquşma ola bilər. Çünki sülh üçün bu qədər cəhdlər olub, danışıqlar aparılıb, bir çox müsbət irəliləyişlər baş verib. Hər halda, Bakı ilə İrəvanın gəldiyi bir nöqtə var ki, toqquşma, hərbi əməliyyatlar əldə edilənləri bir anda məhv edə bilər. Bunda Azərbaycan maraqlı deyil. İkincisi, kənar qüvvələrin bölgədə süni şəkildə güclənməsinə ehtiyac yoxdur. Amma proseslər gərginliyə doğru gedir.

- Yəni Cənubi Qafqaz qlobal güclərin savaş meydanına çevrilir?

- Region böyük güclərin müharibə meydanına sürüklənir. Biz bilirik ki, Cənubi Qafqazda Rusiyanın, İranın, Türkiyənin maraqları var. Hazırda Rusiya-Gürcüstan münasibətlərində yaxşılaşma müşahidə edilir. Azərbaycan-Rusiya münasibətləri heç vaxt olmadığı qədər yaxşıdır. İran-Azərbaycan münasibətlərində müsbətə doğru addımlar atılır. Belə bir şəraitdə Fransanın hərbi-siyasi imkanlarının Ermənistanda səfərbər edilməsi, ABŞ-ın davamlı olaraq Ermənistanla birgə hərbi təlimlər keçirməsi bölgə ilə bağlı təhlükəli ssenarilərdən xəbər verir. Baş verənlər Cənubi Qafqazın düşmən münasibətdə olan böyük güclərin savaş meydanına çevrilməsi risklərini artırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.