Bahalaşan təhsilhaqqı və təhsili haqq edənlər... - Təhsilin keyfiyyəti əvəzinə ödəniş "qiymət"i artır
30-07-2024, 16:41
Yeni (2024/2025-ci) tədris ilində bir sıra ali məktəblərdə təhsilhaqları artırılacaq. Bu haqda mediada əsaslı məlumatlar var. UNEC (Dövlət İqtisad Universiteti), Dillər Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Memarlıq və İnşaat Universiteti, Neft və Sənaye Universiteti, Pedoqoji Universitet təhsilhaqlarını artırıb. Bunlar hamısı dövlət universitetləridir; dövlətdə maliyyə alırlar. Ancaq təhsili də bahalaşdırırlar. Bu da birmənalı qarşılanmır. Çünki ali məktəblərdə illik təhsilhaqlarını övladı ali məktəbə qəbul olunan ailənin orta illik gəlirləri ilə müqayisə edəndə, vəziyyət çox da ürəkaçan deyil. Hər il ali məktəbi qazanıb, sonra təhsilhaqqına görə oxuya bilməyən abituriyentlərin sayı artır. Bu artım cəmiyyətdə əlavə gərginlik yaradır.
Ümumiyyətlə, problemin kökü həm cəmiyyətin özündə, həm təhsildədir. Hamı övladını ali təhsilli görmək istəyir; buna övladının intellektual, özünün isə maddi imkanları olsa da, olmasa da. Orta ixtisas və texniki peşə təhsili sistemi də hələ nə populuardır, nə mükəmməl. Eyni zamanda işsizlik problemini də nəzərə alsaq, mənzərə tam olar. Bütövlükdə, problemin kökü dərindədir. Sosial-iqtisadi durum da burada əsas rol oynayır. Bir yandan da təhsilhaqqı artırılır. Amma ali təhsilin səviyyəsində əsaslı yüksəliş də hələ ki, görünmür.
Müəyyən addımlar atılır. Dövlət İmtahan Mərkəzinin idarə edilməsində dəyişiklik oldu. Müşahidə Şurası yaradıldı. Müşahidə Şurasının üzvlərinin adlarını oxuyanda, orada yeni hökumət komandasının nümayəndələrinə rast gəldik. Onları şərti olaraq "islahatçılar" da adlandırırlar. Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi qurumların təmsilçiləri Müşahidə Şurasına daxil edilib.
Müşahidə Şurasına sədr təyin edilən Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva da təhsil sahəsindən gəlib. Üzvlərdən biri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevdir. O, indiki iqtisadiyyat Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrdə Nazirliyin şöbə müdiri və nazirin müşaviri olub. Bundan başqa Şurada elm və təhsil nazirinin (Emin Əmrullayevin) müavini İdris İsayev də Şurada var. Nazir Əmrullayev də Mikayıl Cabbarovun dövründə Təhsil İnstitutunun direktoru olub. Maliyyə nazirinin müavini Azər Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır. Ceyhun Bayramov isə indiki vəzifəsinə gələnə qədər təhsil naziri Mikayıl Cabbarovun müavini, onun başqa vəzifəyə keçməsindən sonra isə təhsil naziri olub. Beləliklə, Dövlət İmthan Mərkəzinin Müşahidə Şurasının çoxluğu şərti olaraq "Mikayıl Cabbarovun komandası" adlandıracağımız şəxslərdən təşkil olunub. Bu Şuranın formal deyil, real olaraq DİM-ə rəhbərlik edəcəyini düşünmək olar. Çünki həm Mikayıl Cabbarovun, həm Ceyhun Bayramovun, həm də Emin Əmrullayevin təhsil naziri olduğu dövrlərdə onlar bir çox məsələlərdə Dövlət İmtahan Mərkəzinin (əvvəlki Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının) müqaviməti ilə rastlaşırdılar. İndi isə Məleykə Abbaszadə DİM İdarə Heyətinin sədri vəzifəsində hələlik saxlansa da, ümumi rəhbərlik yenilikçi hesab edilən məmurlar qrupuna keçib.
Təbii ki, cəmiyyət də onları müşahidə edəcək; görək, tələbə qəbulunda, ali təhsilin keyfiyyətində hansı dəyişikliklər olacaq. Eləcə də, təhsilin iqtisadiyyatında. Məhz Elnur Əliyevin, Azər Bayramovun burada iştirakı təhsilin iqtisadiyyatı, maliyyə komponenti ilə bağlıdır. O cümlədən, təhsilhaqları burada əsas məsələlərdəndir. Çünki təhsilin maliyyələşdirilməsində xeyli nöqsanlar var. Bu yaxınlarda Hesablama Palatası bəzi ali məktəblərdə maliyyə pozuntularını aşkarladı. Dövlətdən alınan vəsaitin xərclənməsində qüsurlar varsa, deməli, təhsilhaqlarından formalaşan büdcənin də normal istifadə edilməməsi istisna deyil.
Doğrudur, DİM MŞ əvvəlcə tələbə qəbulundakı vəziyyəti nizama salmaqla mükəlləfdir; ali təhsilin, kadr hazırlığının ölkənin iqtisadiyyatına qatqısı olmalıdır. İslahatlar bu yöndə getmək zorundadır. Yüksək təhsilli kadrlar konkret sifarişlərə uyğun hazırlanmalıdır. O zaman təhsil ödənişləri də təkcə ailələrin deyil, həm də kadr sifariş verən qurumların üzərinə düşəcək. Ailələrin yükü yüngülləşəcək. Belə olmasa, yenə də ali məktəblər ailələrin pulu hesabına ali təhsilli işçilərin deyil, işsizlərin sayını artırmaqda davam edəcək.
İradə Cəlil, Bizimyol.info