Üç regionda tərpənən geosiyasi laylar: Azərbaycanı hansı təhlükə gözləyir?

30-07-2024, 18:02           
Üç regionda tərpənən geosiyasi laylar: Azərbaycanı hansı təhlükə gözləyir?
Azərbaycan tarixinin ən həssas dönəmlərindən birindən keçir. Mənsub olduğumuz Cənubi Qafqaz və ətraf regionlarda ciddi siyasi proseslər gedir.

Şimal qonşumuz Rusiya Ukrayna ilə müharibəni davam etdirir. Cənub qonşumuz İran isə proksiləri vasitəsilə İsraillə kölgə müharibə aparır. Gürcüstan faktiki olaraq Qərb ilə Rusiya arasında nüfuz mübarizə meydanına çevrilib. Türkiyə isə Suriya, İraqda antiterror əməliyyatları keçirir.

Ankaranın son günlər İsrail ilə münasibətləri yenidən gərginləşib. Ermənistan isə Azərbaycan ilə sülh prosesinin getdiyi bir zamanda Qərb tərəfindən silahlandırılır.

Belə çətin və qarışıq proseslər fonunda rəsmi Bakı hansı addımlar atacaq? Cənubi Qafqazda hansı dəyişikliklər ola bilər? Regionu dəhşətli müharibə gözləyir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Rusiya-Ukrayna müharibəsində Moskvanın məqsədi ərazi dəyişikliyinə nail olmaq, onu dünya ictimaiyyətinin gözündə legitimləşdirmək və bununla nəhəng geostrateji üstünlüklər qazanmaqdır:

“Yaxın Şərqdə İsraillə Fələstin arasındakı müharibə də ərazi suverenliyi məsələlərinə əsaslanır. Sırf ərazi xəritələrinin dəyişdirilməsi üçün aparılan müharibələrə kənardan qoşulanlar isə strateji alətlər qutularını doldurmağa çalışırlar.

İran və Türkiyə kimi oyunçuların məqsədlərində isə ərazi birləşdirilməsi nəzərdə tutulmur, amma regional genişlənmə siyasəti üçün alətlər qazanmaq idealları hər iki dövlətin xarici siyasətində üstünlük təşkil edir. Təbii ki, bir-birləri ilə rəqabət qarışıq əməkdaşlıq modeli diqqətdən qaçmamalıdır.

Nəticədə, bütün bunlar qlobal güclərin münaqişəli ərazilərə vahid geosiyasi məkan formasında baxışını şərtləndirir, ona görə də, Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz vahid strategiya kimi izlənilən regionlardır”.

Ekspert hesab edir ki, bu gün üç regionda baş verən xətalar geosiyasi layları tərpədir və ümumi təhlükəsizlik xəttinə təsirsiz ötüşmür:

“Beləliklə, davam edən münaqişələr və laxlayan təhlükəsizlik sütunları hər dövlətin öz qorunma məntiqini formalaşdırır, lakin onun dayanıqlılığı yürüdülən siyasətlərdən asılıdır.

Azərbaycan bu dayanıqlılığı qazana bilib və möhkəm müdafiə mexanizmlərini həm hərbi komponent baxımından, həm də geosiyasi bucaqlardakı mühüm müttəfiqliklər və tərəfdaşlıqlar hesabına bərkidir. Eyni məntiqi Gürcüstan, Ermənistan və Ukraynaya aid etmək olmur.

Ancaq Azərbaycan üçün də regional həssaslıq qalmaqdadır, Azərbaycan-Ermənistan sülh gündəliyinə kənar müdaxilə cəhdləri Cənubi Qafqazı da beynəlxalq və bölgə aktorları arasında rəqabətə səhnə edir.

Ermənistanın Qərblə əməkdaşlığı artırmaq, Hindistan və Fransa ilə müdafiə əməkdaşlığını gücləndirmək səyləri, onu siyasi və hərbi cəhətdən Rusiyadan uzaqlaşdırır. Azərbaycan bunun Ermənistanla münasibətlərin aydınlaşdırılmasına təsirlərini qiymətləndirərək təhlillər aparır və İrəvanın revanşizmlə əlaqəli təhlükəli gedişlərində Bakı öz dəyənəyini müdafiə qabiliyyətinin təmini üçün göstərmək məcburiyyətində qalacaq”.

A. Kərimov rəsmi Bakının atacağı addımlar haqda danışıb:

“Azərbaycan belə geosiyasi dalğalanmalara rəğmən beynəlxalq dəhlizlərdəki tranzit imkanlarını ağılla genişləndirərək strateji lövbərə çevrilə bilib.

Bu da Azərbaycana alternativ coğrafiyalarda həm rəqiblərini sıradan çıxarmaq, həm də geosiyasi genişlənməsi üçün manevr imkanları yaradır.

Ona görə deyə bilərik: Yaxın Şərq, Mərkəzi Asiya, Avropada davam edən açıq və gizli qarşıdurmalar Azərbaycanın xarici siyasətində diqqətlə izlənilir. Çinin bütün bəşəriyyət boyunca daha aktiv fazada genişlənmə siyasəti həyata keçirməsinə fokuslanmaq da izlənilən siyasətdə aparıcı xətti təşkil edir.

Bu, Azərbaycanın geosiyasi oyunçu kimi hərəkətlərini asanlaşdırsa da, maneələr də ərsəyə gətirir. Bu maneələri aşmaq üçün Azərbaycan Cənubi Qafqazdakı xətlərə təsir göstərən bütün hadisələri araşdırmalıdır.

Ermənistan bu mövzuda xüsusi həssaslıq tələb edir, amma bundan başqa Gürcüstan da Qərbin sözündən çıxaraq Rusiya ilə əməkdaşlığı dərinləşdirir. Deməli, Ermənistanla yanaşı, Gürcüstan da nəhənglərin kəlbətinləri arasında sıxılmış vəziyyətə gəlir və bunun Cənubi Qafqaz lövhəsinə cızdığı ştrixlər təhlükəlidir”.

Analitikin fikrincə, Azərbaycan əlavə gərginliklərin olmaması üçün Ermənistanın təxribatlarına qarşı səbir və təmkin nümayiş etdirir:

“Çünki Gürcüstanla əlaqədar strateji məqsədlər naminə mübahisələr artdıqca, regionda əlavə hərbi qarşıdurma Bakının zamanlama qrafikinə uyğun gəlmir. Ancaq Azərbaycan Ermənistanın qırmızı cizgiləri keçəcəyi təqdirdə, unikal imkanlarından istifadə edəcək və regionda yarana biləcək eskalasiyaya görə məsuliyyət İrəvanın boynunda qalacaq.

Bu ssenaridə Bakı Zəngəzur dəhlizinin açılmasından tutmuş Qərbi azərbaycanlıların qayıdışına qədər nəhəng iki komponenti eyni vahiddə birləşdirmək imkanı qazanacaq. Hərçənd ki, Azərbaycan problemlərin güc yolu ilə həllinə tərəfdar deyil. Lakin bu, güc tətbiqi kimi alternativ variantları da istisna etməyəcək”.

Turan Rzayev
Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.