“BU MƏMURLAR BİZİM ÖLÜMÜMÜZÜ GÖZLƏYİR?” – Şəmkir sakinindən Prezidentə müraciət

3-08-2024, 11:24           
“BU MƏMURLAR BİZİM ÖLÜMÜMÜZÜ GÖZLƏYİR?” –
Şəmkir rayonu, Təzəkənd kənd sakini Süleymanov Fizuli Ələkbər oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edir:

“Cənab Prezident!

Cənab nazir!

Yazaraq sizdən xahiş edirəm ki, müraciətimlə bağlı bir tədbir görülməsi üçün tapşırıq verəsiniz.

Şikayətim evimin yaxınlığında yerləşən elektrik naqili haqqındadır. Təhlükəli şəraitdə yaşayırıq. Köhnə taxtadan olan dirəklər bir gün bir ailənin həyatına son qoyacaq. Bu dirəklər tək mənim üçün yox, qonşularım üçün də təhlükə saçır.

Təzəkənd kəndi M.P.Vidadi küçəsində, yəni mənim evimin 3-5 metrliyində 10 000 (on minlik) enerji naqillərini saxlayan enerji dirəyi yararsız vəziyyətdədir (çürüyüb). Həmin dirəyə 220 voltluq elektrik naqilləri də qoşulub. Kənd sakinləri üçün çox təhlükəli bir vəziyyətdir. Qorxu içində yaşayırıq.

Məsələ ilə bağlı Şəmkir Rayon Elektrik Şəbəkəsi İdarəsinin baş mühəndisi Mirdamət müəlimə, ərazi üzrə sahə rəisi Nəsirov İlqar Bəhman oğluna və İnzibati Ərazi Dairəsinin nümayəndəsi Saleh Məmmədova da dəfələrlə müraciət etmişik. Bizə “gedin hara, kimə istəyirsiniz şikayət edin” deyirlər. Başa düşə bilmirik ki, niyə belə cavab verirlər. Bu kənd Azərbaycana aid deyil? Bu məmurlar hansısa kəndlinin ölümünü gözləyir?

Cənab Prezident!

Sizdən kənd sakinlərinin adından xahiş edirik, bizim problemin həll olunmasına dair tapşırıq verəsiniz.

2024-cü ildə yaşamağımıza baxmayaraq, bir çox rayon və kəndlərdə hələ də yüksək gərginlik taxta üstlərində qurulub.

Onu da qeyd edim ki, oğlum Sülüymanov Kamal Fizuli oğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Ağdam, Fizuli, Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak etmişdir. 3 medal ilə təltif olunmuşdur.

Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk”.

Redaksiyadan: Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinə məlumat verilib.

Jalə FAMİLQIZI



Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.