ABŞ-nin İFLASA UĞRAYAN CƏNUBİ QAFQAZ STRATEGİYASI – “Çinin regionda iki strateji tərəfdaşı var, ABŞ bir müttəfiqini itirir”
3-08-2024, 11:44
"ABŞ-də Cozef Baydenin prezidentliyinin başlanğıcı (2021-ci ilin yanvarı) 44 günlük müharibənin başa çatması və Cənubi Qafqazda yeni reallığın üzə çıxması ilə üst-üstə düşdü. Birləşmiş Ştatlar o zaman bölgədən tamamilə qovulmuş kimi görünürdü, bütün ən mühüm hadisələr onların iştirakı olmadan baş vermişdi".
Hurriyyet.az xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov müddəti başa çatmaqda olan demokrat Prezidentin Cənubi Qafqaz regionunda yürütdüyü siyasətin nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bölgədəki vəzifələrə kadr təyinatları ümumiyyətlə 2021-ci ilin may ayına qədər uzanırdı və Vaşinqton yalnız 2021-ci ilin yayında tutarlı bir şey formalaşdıra bildi. "Rusiya bütün kartları əlində saxlayanda - Bakı ilə İrəvan arasında vasitəçilikdə monopoliya, Qarabağda sülhməramlılar, Zəngəzur dəhlizinə nəzarət edəndə Vaşinqton “Hara gedəcəklər?!” prinsipini rəhbər tutaraq danışıqlar prosesində sadəcə olaraq heç nə etmədi: "Sonra ABŞ Gürcüstan (!!!) vasitəsilə həbs edilmiş erməni hərbçilərinin minalanmış ərazilərin xəritələri ilə mübadiləsinə töhfə verdi. Bununla ABŞ-nin Cənubi Qafqaz regionunda mövqelərinin bərpasına başladı. Nida işarələrinə diqqət etdinizmi?! Xatırlayırıq ki, o zaman Vaşinqton Gürcüstanı özünə regionun ən yaxın dövləti hesab edirdi.
ABŞ strategiyasının ilk baxışları Baydenin Paşinyana yazdığı məktubda öz əksini tapıb və bu məktubda Azərbaycan və Türkiyə ilə sülhün yeni imkanlar yaradacağına işarə edilib. Lakin bununla yanaşı, ABŞ bu dünyanı özünəməxsus şəkildə gördü... ATƏT-in Minsk Qrupunu canlandırmaq cəhdi edildi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində olmayan Qarabağ erməniləri mövzusunu yeniləməyə sonsuz cəhdlər edildi.
Azərbaycan ABŞ-yə vasitəçi olmaq imkanı verdi, lakin Vaşinqtonun erməni mərkəzli yanaşması ABŞ-nin özü üçün elə bir çərçivə yaratdı ki, o çərçivədən nəinki keçə bilmədi, hətta düşünməyə belə cəsarət etmədi...
Azərbaycanın sülh müqaviləsinin vəziyyətdən yeganə çıxış yolu olduğuna dair bütün öyüd-nəsihətləri və Qarabağ erməniləri mövzusunun Azərbaycanın daxili işi olması barədə bəyanatları havadan asılıb... Çünki bu ssenaridə Rusiya regionda daha çox çətin vəziyyətə düşdü. Nəticədə, hər şey yenidən ABŞ-nin iştirakı olmadan həll olundu ki, bu da Vaşinqtonu çox qıcıqlandırır".
Bəs amerikalılar nə etdi?!
F.Məmmədov deyir ki, ABŞ Aİ ilə birlikdə regionda öz oxunu formalaşdırmağa çalışır, diqqəti Ermənistana yönəldir: Dövlət Departamentinin nümayəndəsi Obrayn açıq şəkildə qeyd etdi ki, aprelin 5-də Brayüsseldə keçirilmiş ABŞ/Aİ - Ermənistan sammitinin əsas məqsədi iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Ermənistanın Rusiyadan asılılığını zəiflətməkdir... Bu, əsas məqsəddir və Baş nazir və Ermənistan bununla razılaşır. Yüz milyonlarla dollarlıq büdcələr açıqlanıb, həftədə bir dəfə yüksək rütbəli diplomatlar göndərilir, inkişaf strategiyaları hazırlanır..."
Bəs nəticələr nədir?!
Politoloq vurğulayır ki, iqtisadiyyat baxımından Ermənistan Rusiya ilə 6 ayda 8,5 milyard dollarlıq ticarət edib. Bu, Ermənistanın bütün keçən ilki ticarəti ilə müqayisədə çoxdur:
- Ermənistan KTMT-dən, Aİİ-dən, MDB-dən çıxmadı. Ermənistan ŞƏT-də statusunun yüksəldilməsi üçün müraciət edib;
- Ermənistan hərbi baza və Rusiya sərhədçiləri ilə bağlı sazişə yenidən baxmağa hazırlaşmır;
- Ermənistan İranla münasibətlərdə subyektivliyini itirir... İranın Ali rəhbəri Ermənistan üçün nəqliyyat strategiyaları hazırlayır;
- Ermənistan “Rosatom” və “Qazprom”la enerji sazişlərinə yenidən baxmaq fikrində deyil və Rusiya Dəmir Yolları ilə işləməkdə davam edir;
- Erməni mərkəzliliyinin qızğın vaxtında ABŞ Mərkəzi Asiyaya yeganə çıxışı olan Azərbaycanla və regiondan Qara dənizə yeganə çıxışı olan Gürcüstanla münasibətləri gərginləşdirdi. ABŞ Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasına nail ola bilmədi.
F. Məmmədov təəssüflə bildirir ki, ABŞ Konqresi və Senatında Bayden prezidentliyinin əvvəlində və sonunda ABŞ-nin Cənubi Qafqazdakı vəziyyətini müqayisə edə biləcək bir siyasətçi də yoxdur. "Yəqin ki, bu zaman kəsiyi ilə bağlı Dövlət Departamentinə çoxlu suallar yaranacaq", - o əlavə edib.
Ekspert sual edir: "Necə oldu ki, 2024-cü ildə Çinin regionda iki strateji tərəfdaşı var, ABŞ-nin isə Gürcüstanın simasında yeganə müttəfiqi bu gün Vaşinqtonla ən pis münasibətlərə malikdir?!
Hə, bağışlayın... ABŞ-nin bir nailiyyətini qeyd etməyi unutdum: rus sərhədçiləri Zvartnots hava limanını tərk etdilər. Amma orada hər şeyi aydın gördükləri bir sistem qoyaraq..."
"AzPoıitika.info"