Makronun “azğın paradı” və Parisdə dəfn edilən olimpiada idealları - VİDEO
3-08-2024, 10:18
Qələbəni pulla deyil, ayaqların sürəti və bədənin gücü ilə qazanmaq olar”
Qədim yunanların inancına görə, bunu Göylərin Tanrısı Zevs Olimpiya oyunları haqda deyib. Hələ qədim dövrlərdən bu sözlər oyunların əsas devizi kimi qəbul edilir.
Üç min illik tarixi olan, mahiyyətində humanizm, dünyada dostluq, demokratiya, bütün insan və xalqların bərabərliyi ideyasının dayandığı Olimpiya oyunlarının necə təşkil olunması hər dəfə böyük diqqətlə izlənilir. Çünki Olimpiada sadəcə idman yarışları deyil, həm də böyük mədəniyyət hadisəsidir.
Bu baxımdan Avropanın mədəniyyət paytaxtı sayılan, sevgi şəhəri adlandırılan Parisdə Olimpiya oyunlarının necə təşkil olunacağı, açılış mərasiminin necə keçəcəyi və s. bütün dünyanın diqqət mərkəzində idi.
Bir sözlə, hamı Fransadan fərqlilik, xoş sürprizlər gözləyir, idmançılar isə Göylərin Tanrısı Zevsin dediyi kimi, ayaqların sürəti və bədənin gücü ilə qələbə xəyalları qururdular...
Amma Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ilk dəfə tamaşaçılar da, idmançılar da xəyal qırıqlığına uğradılar. Gördükləri mənzərədən çoxlarının ayaqları süstləşdi, dizləri taqətdən, bədənləri gücdən düşdü. Və yarışa qatılanların çoxu zəfər çələngi taxmağın yox, problemlərdən necə xilas olmağın hayına qaldılar.
İçməli su və qida qıtlığı, nəqliyyat çatışmazlığı, yataq, hətta tualet problemi... Bütün bunlar Paris Yay Olimpiya Oyunlarının əsas “şüarı” oldu. Zevs də yaddan çıxdı, onun sözləri də...
Fransa hökuməti iddia edir ki, Olimpiya oyunlarının təşkilatçılığı üçün 12 milyard dollar xərcləyib. Amma reallıq bu qədər pulun xərcləndiyinə ciddi şübhələr yaradır.
Oyunlarda iştirak üçün Parisə gələn komandalar təyyarədən enən kimi problemlə üzləşiblər. Komandaların qalacağı Olimpiya kəndinə getməsi üçün nəqliyyat xidməti sıfır səviyyəsində olub, hətta yaranmış problemə görə bəzi nümayəndə heyətləri hava limanında saatlarla gözləməli olublar.
(https://www.kommersant.ru/doc/6862036).
İdmançıların yerləşdiyi Olimpiya kəndi Fransa həbsxanaları ilə müqayisə olunur. Görünür, Makron hökuməti “qənaət” məqsədilə həbsxana təcrübəsini Olimpiya oyunlarında tətbiq etmək qərarına gəlib. Axı bu, Makronun ən yaxşı bacardığı işdir...
Avstraliyalı velisopedçi Matilda Kerns bildirir ki, karton çarpayılar onda yuxusuzluq yaradıb, nəticədə yarışlarda potensialından istifadə edə bilmir.
Makronun “karton çarpayıları” artıq idmançıların lağ obyektinə çevrilib və onlar olimpiada mübarizəsini bir kənara qoyaraq, bu çarpayıların nə qədər ağırlığa tab gətirə biləcəyi “yarışını” keçirirlər.
(https://www.theguardian.com/sport/video/2024/jul/24/athletes-put-cardboard-beds-to-the-test-at-paris-2024-olympics-video).
(https://edition.cnn.com/2024/07/27/climate/video/sustainable-paris-olympics-cardboard-beds-ldn-digvid).
İdmançılar təkcə çarpayıdan yox, havasızlıqdan, su və qida çatışmazlığından da əziyyət çəkir. Hər idmançı üçün cəmi 12 kvadratmetr ərazi ayrılıb. Havalandırma sistemlərinin əksəriyyəti isə demək olar ki, işləmir. Gecələr karton çarpayıda yata bilməyən idmançılar səhər yeməyində də növbələrə düzülür, qida və su problemlərini həll etməyə çalışırlar.
Amma Olimpiya kəndində təkcə içmək üçün yox, üzmək üçün də su tapılmır. Sena çayında yarışan triatlonçular ciddi təhlükə ilə üzləşiblər. Səbəb çayın suyunun çirkli olması və yağan yağışlardan sonra bərbad vəziyyətə düşməsidir.
Olimpiadadan öncə Fransa hökuməti Sena çayının təmizlənməsi layihəsinə 1,4 milyard avro ayırmışdı.
Layihənin icrasından sonra suyun təhlükəsiz olduğunu isbatlamaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çayda üzəcəyini elan etmişdi. Daha sonra Fransa prezidenti Emmanuel Makron da bu “təşəbbüsə” qoşuldu. Dünyanın idman cameəsi, xüsusilə suda mübarizə aparan triatlonçular Makronu gözləsə də, Fransa prezidenti seçkiləri bəhanə gətirərək, vədinə xilaf çıxdı. Bax da baxdı ki, Makron çirklilik səviyyəsinə görə 101 ildir çimməyin qadağan edildiyi Senadan yan qaçır, o da üzməkdən vaz keçdi.
(https://aif.ru/sport/olymp/po-sene-i-makron-prezidentu-francii-ne-izbezhat-kupaniya-v-gryazi?from_inject=1).
Bundan başqa, Parisdə oğurluq baş alıb gedir. Braziliya futbolunun əfsanələrindən olan Zikonun içində 540 min dollar dəyərində əşyaları olan çamadanı oğurlanıb. Argentinalı futbolçu Tiaqo Almodanın isə 50 min avro dəyərində olan saat və üzüklərini oğurlayıblar. Avstraliyanın velisoped komandasının da velisopedlərinin avadanlıqları oğurlanıb. Olimpiya oyunlarını izləmək üçün Parisə səfər edən Qətər əmirinin gəlini qarətçilərin qurbanına çevrilib: onun 11 Hermes çantasının olduğu şəxsi baqajı oğurlanıb. Fransa hökuməti isə heç nə olmamış kimi, “hər şeyin qaydasında” olduğu barədə balladlar oxumağa davam edir.
Bizlərdə bir söz var, "balıq başdan iylənər". Fransanın başı Makronun məsuliyyətsizliyi səbəbindən Olimpiya oyunları bu dəfə elə başdan xarab oldu. Söhbət açılış mərasimindən gedir. Parisdə təkcə idmançılar və qonaqlar yox, İsa Peyğəmbər və bütün xristian aləmi, eləcə də bütün bəşəri dəyərlər təhqirə məruz qaldı. Qısası, Olimpiya Oyunlarının açılış mərasimi Fransanın olimpiada biabırçılığının zirvəsi idi.
Leonardo da Viçninin Həzrəti İsa və havarilərinin təsvir olunduğu “Son şam yeməyi” tablosunun parodiyasının təşkil edildiyi açılış mərasimində Məsih və yoldaşları LGBT üzvləri qismində göstərilmişdi. Ortada iri gümüş baş geyimi olan döyməli qadın dayanıb əlləri ilə ürək şəklini göstərirdi, ətrafdakılar Da Vinçinin tablosunu xatırladan pozalarda dayanmışdı. Və masanın üzərinə mavi rəngə boyanmış çılpaq kişi enirdi. Makron hakimiyyəti bununla Məsihin və havarilərinin travesti olduğunu göstərdi.
(https://aif.ru/sport/olymp/olimp-ada-mir-osudil-koshchunstvennuyu-ceremoniyu-igr-v-parizhe-s-transvestitami).
Bu təhqir dolu görüntülər bütün dünyada qəzəblə qarşılandı. Hətta amerikalı milyarder İlon Mask bunu xristianlara qarşı hörmətsizlik kimi qiymətləndirdi.
Bütün Azərbaycan, həm də bütün dünya açılış mərasimində Fransanın gözdən qaçmayan təxribatının da şahidi oldu. Azərbaycan idmançılarından ibarət nümayəndə heyətinin keçidi zamanı “Fr2” telekanalının canlı efirində ölkəmizlə bağlı ittihamlar səsləndirildi.
Fransalı aparıcı Ermənistan idmançılarının keçidi zamanı “Ermənistan, bizim erməni dostlarımız. Tarixən fransızların qəlbinə yaxın olan ölkə. Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu” dedi, Azərbaycan komandası keçəndə isə ölkəmizin adını çəkmədən “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” adlandırdı. Bunun fransalı aparıcının “özfəaliyyəti” olmadığı, birbaşa Makron administrasiyası tərəfindən sifariş verildiyi bəllidir. Olimpiya ideallarını məhv edən Fransa bununla idmanın sülh və dostluq rəmzi olması prinsiplərinə də tüpürmüş oldu.
Olimpiya Oyunlarında cüdo üzrə yarışan idmançımız Hidayət Heydərov isə öz qələbəsi və tatami üzərindəki davranışı ilə Fransa hökumətinə, birbaşa Makrona tarixin dərsini verdi. Final görüşündə fransalı idmançını məğlub edərək, Olimpə yüksələn Hidayət rəqibinin alnından öpdü. Və bütün Fransanı Azərbaycan himnini ayaqda dinləməyə məcbur qaldı. Bu öpüş idman dünyası üçün xoş bir mesaj, Makron hökuməti üçünsə tərs bir şillə idi.
Bir tərəfdə Fransanın “cəhənnəm olimpi”, digər tərəfdə Azərbaycanın bəşəri dəyərlər nümunəsi. Tarix dəfələrlə göstərib ki, siyasi Olimpə də, idman Olimpinə də yalnız layiqlilər yüksələ bilər, Azərbaycan kimi. Fransa isə “azğın paradı” və “cəhənnəm olimpi” ilə yalnız özünü “dəfn edir”.