Güneydəki soydaşlarımız İsrailə qarşı SAVAŞACAQMI?

8-08-2024, 16:59           
Güneydəki soydaşlarımız İsrailə qarşı SAVAŞACAQMI?
“İran və İsrail arasında müharibə iki ölkə arasındakı məsafəni nəzərə alsaq, burada daha çox raket hücumları və havadan zərbələr öncəlik olacaq. İsrailin hərbi üstünlüyü və yüksək texnologiyalı silah sistemləri çox effektiv zərbələr endirəcək. Bəziləri düşünürlər ki, İsrail dövlətinin İran çox böyük olduğu üçün müharibə etmək gücü o qədər ola bilməz. Rejimin hərbi obyektləri və həssas-siyasi mərkəzlərinin harada yerləşdiyini İsrailin həm siyasiləri, həm ordu rəhbərliyi bilir. Onların apardığı hərbi-kəşfiyyat işləri nəticəsində bu müəyyən edilib. Son proseslərdə də biz görürük ki, İsrail dövləti çox dəqiq zərbələr endirir. Onlar istədiyi obyekti məhv edə bilir. İran rejimi də ona istədiyi ölçüdə qarşılıq verə bilmir”.
Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçinin fikrincə, İran rejimi də havadan hücum raketlərindən istifadə edə bilər. Amma bunun nə qədər effektli olacağı çox böyük suallar doğurur.

“Keçən dəfə proseslərdə, hədələmələrdə 3 yüzdən çox raket atdı. Amma bunların o effektli olmadığı və o zərbələrin hamısının İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən neytrallaşdırıldığını gördük. Ona görə də, İran rejimi hər zaman olduğu kimi çalışır ki, Livandakı Hizbullah və İrandakı bir sıra terror təşkilatlarından istifadə etsin, onların vasitəsilə zərbələr endirə bilsin. Amma bunun da bu günə kimi təsirinin olduğunu görmürük”-deyən Sadiq İsabəyli hesab edir ki, əgər burada bir ciddi savaşdan danışırıqsa və bu savaşda İran rejimi yenə də hansısa mərhələlərdə qeyri-fars millətlərindən istifadə edə bilər. Şərhçinin fikrincə, bu da rejim üçün çox asan bir proses olmayacaq. Buna qarşı çox ciddi müqavimət olacaq.

“Xüsusilə, Güney Azərbaycan Milli Azadlıq Hərəkatında gedən proses bunu göstərir ki, bütün milli siyasi hərəkatımız Azərbaycan mərkəzlidir və Azərbaycanın gələcəyi, Azərbaycanın maraqları əsas tutulur. Güney Azərbaycan İran üçün, irançılıq üçün savaşmayacaq. Güney Azərbaycanda yaşayan soydaşlarımız ancaq Güney Azərbaycanın müstəqilliyi üçün mübarizə aparacaq. Milli azadlıq hərəkatının verəcəyi qərar bu istiqamətdə olacaq ki, Güney Azərbaycan qorunmalıdır. Hər hansı bir güc Güney Azərbaycanı öz maraqlarına qurban verə bilməz. Heç kim müharibə tərəfdarı deyil. Amma İran və İsrail arasında bir savaş olarsa, bu da İran rejiminin süqutu ilə nəticələnəcək. Çünki bu rejimin daxili dəstəyi, o cümlədən qeyri-fars millətlər tərəfindən dəstəyi demək olar ki, olduqca aşağı səviyyədədir”-deyə Sadiq İsabəyli vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.