Azərbaycanda seçki ayrı, Naxçıvanda isə....
17-08-2024, 00:01
Bildiyiniz kimi ölkə parlamentinə seçkilərlə yanaşı Naxçıvan Ali Məclisinə də seçkilər keçiriləcək.
Əsas ərazidən kənarda olmalarına görə ya hansı səbəbdən bilmirəm, Naxçıvanda lap özbaşınalıqdı.
Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyası rəsmi saytında hələ də deputatlığa namizədlər haqqında məlumat yerləşdirməyib.
Seçki gününə təxminən iki həftə qalmasına baxmayaraq bu yanlışlığı düzəltmirlər.
Mərkəzi Seçki Komissiyası bütün namizədlərin siyahısını verir, muxtar respublikanın eyni qurumu yox.
Qanun hamı üçün eyni deyil? Vasif Talıbovun dövrü başa çatanda çox adam sevindi. Dedilər xanın hökmündən qurtulduq.
Görürəm belə getsə xana şükür deyəcəyik. Naxçıvanın parlamentində 45 yer var. Bu yerlərin əksərinə namizəd olaraq ahıl adamları göstəriblər.
Rəhbər dəyişsə də deyəsən köhnə qaydalar qalıb, bir az da üstünə gəlib. Prezident kadr siyasətində gəncləşmə aparır, bunlar da geriyə gedib yaşlı adamları qanunverici orqana yığmaq istəyirlər.
Hələ neçə gündür Naxçıvan aeropurtunda baş verən biabırçılığı demirəm. Hava limanının operatorları sərnişinlərin adlarını tapa bilmir, qələm-kağızla qeydiyyat aparırlar.
Reys gecikmələri adi hala çevrilib. Adi bir gündə 5-6 saat gecikmə olur.
Adamlar saatlarla gözləyir, oturacaqların üstündə yatmalı olurlar. Sərnişinlərə də heç vaxt məlumat verilmir.
Naxçıvan aeroportunun direktoruna, Naxçıvan rəhbərliyinə xatırladıram ki, 21-ci əsrdə yaşayırıq. Hər addımda robot, yüksək texnoloji avadanlıqları görürük.
Elə Azərbaycanda da bu geniş tətbiq olunur. Deyəsən təkcə Naxçıvan özünü yeniliklərə qapalı saxlayır. Bir sözlə:
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz...
Sima Babayeva
TEREF