Putin üçün ölməyə “yox!” – “Dünyanın ikinci ordusu” təslim olur

17-08-2024, 07:14           
Putin üçün ölməyə “yox!” –
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb. Artıq döyüşlər təkcə Ukrayna ərazisində deyil, həm də Rusiya ərazisində gedir. Belə ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətində irəliləməyə başlayıb. Ertəsi gün Rusiya Təhlükəsizlik Şurasının fövqəladə iclasında Baş Qərargah rəisi Valeri Gerasimov Putinə Ukrayna ordusunun tam “məğlubiyyətini” təmin edəcəyinə söz verərək, işğalçı qrupun sayı ilə bağlı etibarsız məlumat verib. O, həmçinin dövlət başçısını əmin edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə daha da irəliləməsi “dayandırılıb”.

Bundan sonra Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının onlarla yaşayış məntəqəsini nəzarətə götürüb və təslim olan Rusiya hərbi qulluqçularının dəqiq sayını indi demək mümkün deyil: Rusiya və Ukrayna “Telegram” kanalları hər gün təslim olmanın yeni video sübutlarını dərc edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığındakı hücumu zamanı Rusiyanın itkilərini də qiymətləndirmək çətindir. Rusiya ərazisində başlayan və Kremli təəccübləndirən hərbi əməliyyatlar fonunda Rusiya Federasiyasının üç regionunda - Kursk, Belqorod və Bryansk vilayətlərində “antiterror əməliyyatı” rejimi tətbiq edilib. Rusiya Müdafiə Nazirliyinin Ukrayna Silahlı Qüvvələrinin hücumuna qarşı heç nə edə bilməməsi Moskvada narahatlıq yaradıb və Vladimir Putini və Rusiya komandanlığını “əsəbləşdirib”.

“Bloomberg” Rusiya kəşfiyyatının iki həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində gözlənilən sərhədi pozmasından xəbərdar olduğunu yazıb və qeyd edib, lakin Valeri Gerasimov bütün xəbərdarlıqlara məhəl qoymayıb və Putini bununla narahat etməməyə qərar verib.

İndi isə Ukrayna ilə sərhəd ərazilərindən Rusiya vətəndaşlarının köçürülməsinə başlanılıb. Ekspertlər hesab edirlər ki, Rusiya başını itirib və 10 gündür ki, hansısa uğur əldə edə bilmir. Baş verənlərin müharibənin gedişini dəyişəcəyi proqnozları artır.

Baş verənləri AYNA-ya müsahibəsində şərh edən hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, faktiki olaraq, artıq müharibə Rusiya ərazisində gedir:

- Baxmayaraq ki, başda Putin olmaqla, Rusiya rəsmiləri bunu “genişmiqyaslı təxribat” adlandırır, amma bu, müharibədir. Rusiya təbliğatçıları isə bunu “terror aktı” kimi təqdim edirlər. Amma Rusiya baş verənləri Ukraynaya qarşı addımlarının adekvat cavabı kimi qəbul etməlidir. Bu gün Rusiya öz məhvərindən çıxmış, reallıqları itirmiş, çaşqın cəziyyətdir. Görünür ki, Kremldəkilər baş verənləri dərindən anlamaqda çətinlik çəkirlər. Ona görə də ağıla gələn və gəlməyən addımlar barədə bəyanat verirlər. Rusiyada ilk dəfədir ki, qaçqınlar yaranıb. Onların sayı da kifayət qədərdir. Çünki məsələ təkcə Kurskla yekunlaşmır, orada Belqorod, Bryansk, Ukrayna sərhədinə yaxın ərazilərin sakinləri də qaçqın durumuna düşüblər. Bu gün baş verənlər gözlənilən idi. Bundan sonra Rusiya üçün daha ağır nəticələr olacaq. Demirəm ki, Ukrayna Kursku işğal edəcək, amma uzun müddət ərazilər Ukrayna ordusunun nəzarətində olacaq.

- Məlumatlar var ki, Rusiya yeni səfərbərliyə hazırlaşır...

- Rusiya buna məcburdur. Rusiya ilin sonunadək yeni səfərbərlik dalğasına başlayacaq. Bu gün Rusiyanın səfərbərliyə böyük ehtiyacı var. Çünki Rusiya ordusu darmadağın vəziyyətdədir. Onu da deyim ki, Rusiyada hərbi xidmətə getmək istəyənlər yoxdur, qaçırlar. İndi müqavilə ilə əsgərlər cəlb etmək üçün müxtəlif həvəsləndirici addımlar atırlar, onlara pul mükafatları vəd edirlər. Amma düşünürəm ki, bu tədbirlər effekt verməyəcək.

Baş verənlər Rusiya ordusunun çürük vəziyyətdə olmasını dünyaya əyani şəkildə göstərdi. Hesab edirəm ki, bu gün tarixi hadisə baş verir: Rusiya imperiyası dağılmaqdadır.

- İmperiya dağılır demişkən, ruslar hərbi xidmətə getmək istəmirlər, Kursk Ukraynanın nəzarətinə keçdi, qaçqın ordusu yaranıb və s. Bunlar Rusiya daxilində etirazları gücləndirə, Putini hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilərmi?

- Bu ehtimal böyükdür. Putinin keçirdiyi iclaslarda əsəbi vəziyyəti də onu deməyə əsas verir ki, Rusiya Prezidenti hakimiyyətinin sonunun gəldiyini anlayır. Məsələ burasındadır ki, Kursk məsələsində ordunun Baş Qərargah Rəisi Valeri Gerasimov Putini aldadıb, yalan danışıb, rəhbərdən reallığı gizlədib. Bu da onu göstərir ki, Kreml daxilində çatlar əmələ gəlib. Rusiya siyasi elitasında müharibəyə qarşı olan şəxslər var. Düzdür, onlar açıq şəkildə ittiham səsləndirmirlər, qorxularından danışmırlar. Amma elə məqam yetişə bilər ki, həmin elitanda olanların özləri Putini hakimiyyətdən sala, hətta onu fiziki məhv edə bilərlər.

Bu gün “dünyanın ikinci ordusu” rəzil durumdadır, əsgərləri silahı yerə qoyur və təslim olur. Onlar anlayırlar ki, mənasız müharibədir, haqsız müharibədir, işğal müharibəsidir. Ona görə də döyüşməkdən imtina edənlərin sayı artır. Rusların böyük əksəriyyəti Putinin avantürası üçün ölmək istəmirlər. Rus əsgər analarının yerlərdə etirazları vüsət alır. Onların səsi mətbuata çıxmır, çünki Kreml bu kanalları bağlayıb. Amma etirazlar var və bunu Rusiya hakimiyyəti yaxşı bilir. Əlbəttə, bu hadisələr sonda Rusiyanın məğlubiyyətinə gətirəcək və Putinin sonu olacaq.

- Belarusun müharibəyə qoşulması ehtimalı barədə məlumatlar var. Bunu necə qiymətləndirmək olar?

- Bilirsiniz, Belarusla bağlı məsələ aydındır. Burada Belarusun bu avantüraya qatılmasından söhbət gedə bilməz. Minskin müharibəyə qoşulmaq qərarı verəcəyinə inanmıram. Müharibə artıq iki il yarımdır ki, davam edir. Bu müddətdə dəfələrlə Rusiya Belarusu müharibəyə cəlb etmək istəyib, amma niyyətinə çata bilməyib. Çünki Belarus Prezidenti Aleksandr Lukaşenko təcrübəli siyasətçidir və o, bu avantüradan ustalıqla yayınıb. Hesab edirəm ki, Lukaşenko reallığı dərk edir, bunun Belarus üçün hansı mənfi nəticələr verə biləcəyini gözəl bilir. Lukaşenko bir növ Putini aldatmağı bacarırı, prosesdən yayına bilir. Belarus xalqı da Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə qarşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.