PUTİNİ BAKIYA GƏTİRƏN SƏBƏBLƏR – Rusiya - Azərbaycan münasibətləri yeni mərhələyə keçir
17-08-2024, 11:25
“Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və Rusiya Prezidenti Vladimir Putinin Bakıya gözlənilən səfərindən sonra münasibətlərin yeni gündəliyi məlum olacaq”.
“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhhad Məmmədov danışıb.
Ekspert əvvəlcə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinə diqqət çəkir: “Ənənəvi olaraq Azərbaycan və Rusiya arasında münasibətlər siyasi dialoq, təhlükəsizlik, iqtisadiyyat, humanitar qarşılıqlı fəaliyyət və Rusiyanın ATƏT-in Minsk Qrupunda iştirakı mövzularını əhatə edirdi. Rusiya sülhməramlıları Azərbaycandan çıxdıqdan sonra münaqişənin nizamlanmasında iştirak mövzusu aradan qalxdı. Nəqliyyat dəhlizlərinin (Zəngəzur yolu) açılması Ermənistanın Rusiyaya əlavə funksiyalar vermək istəməməsi səbəbindən baş tutmur və Paşinyan hökuməti həll yollarını təklif etmir.
Siyasi dialoq, təhlükəsizlik və humanitar qarşılıqlı fəaliyyət mövzularında Bakı və Moskva arasında liderlər səviyyəsində etibarlı münasibətlər, daimi dialoq və qarşılıqlı anlaşma mövcuddur. Azərbaycan Rusiya ilə münasibətlərdə mövqeyini dəyişməyib və Rusiyanın digər region ölkələri ilə münasibətlərini müqayisə etsək, Azərbaycan Rusiyanın regionda ən proqnozlaşdırıla bilən tərəfdaşıdır. Ən azından Rusiya Prezidenti Bakıya rahat səfər edə bilər”.
Ekspert bildirir ki. iqtisadiyyatda əmtəə dövriyyəsinin artması müşahidə olunur. Bu artım dinamikası təbiidir, Ermənistan - Rusiya ticarətində (6 ayda 8.5 milyard dollar) olduğu kimi mövzud geosiyasi vəziyyətin yaratdığı fürsətlərlə bağlı deyil.
“Bu kontekstdə Rusiya şirkətlərinin Azərbaycanda istehsal müəssisələrinin açılması, qaz ixracı və nəqli mövzuları perspektivlidir”, - o əlavə edib.
F.Məmmədov hesab edir ki, qaz ixracı mövzusu daha çox spekulyativdir: “Bakı Rusiya qazını Avropaya reeksport etməkdə ittiham olunur. Lakin Avropa mətbuatında Avropa İttifaqının (Aİ) Azərbaycandan Ukraynaya qaz ixrac etməkdə maraqlı olması ilə bağlı sızmalar ortaya çıxandan sonra əslində məlum olur ki, Avropa əvvəllər mövcud olmayan bu təkrar ixracı leqallaşdırmağa çalışır. Bu, çox mürəkkəb məsələdir, düzgün düşünülməli və həyata keçirilməli olan ticarətdir...
Şimal-Cənub nəqliyyat dəhlizi mühüm mövzudur və Bakıda və Moskvada bu mövzuda heç bir problem yoxdur. Əsas maneə İran tərəfindəndir və görünür, Rusiya İran tərəfi ilə problemli aspektləri həll etməyə nail olur. Həmçinin, Çin, Rusiya, Azərbaycan və cənub və ya qərb marşrutu daha da aktuallaşa bilər”.
Ətraflı
Regional perimetrdə müzakirə tələb edən dəyişikliklərin baş verdiyini xatırladan ekspert qeyd edir ki, Qərbin regiondakı fəaliyyəti regionun qonşularını qıcıqlandırır və hərəkətə gətirir. Onun sözlərinə görə, Bakı region ətrafında gərginliyin artmasında maraqlı deyil və vəziyyəti açıq qarşıdurma deyil, rəqabət çərçivəsində saxlamağa çalışacaq.
F.Məmmədov vurğulayır ki, qlobal səviyyədə Azərbaycanın BRİKS-ə qoşulması, ŞƏT-də statusunun artırılması və təbii ki, COP-29 mövzuları aktualdır. “Bu geniş gündəmlə yanaşı, xüsusilə Rusiya ilə Qərbin qarşıdurması və Ukraynadakı müharibə kontekstində səfər faktının özü maraq doğurur. Azərbaycanda bu məsələdə kompleks yoxdur, Bakının mövqeyi sabit və ardıcıldır və bu mövqe həm Moskvada, həm də Kiyevdə qəbul edilir”, - politoloq əlavə edib.
Ekspert xatırladır ki, Ukraynadakı müharibədən əvvəl Bakı Rusiya və ABŞ/NATO hərbçilərinin görüşlərinin keçirildiyi məkan olub.
“Bəli, indiki şəraitdə dialoqdan danışmaq yersizdir, lakin cəbhədəki hazırkı hərəkətlər ilin sonuna qədər gözlənilən danışıqlarda mövqeləri gücləndirmək cəhdləridir”, - o qeyd edib.
Fərhad Məmmədov sonda Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini xatırladıb:
- İkitərəfli münasibətləri üçüncü ölkələrdən asılı vəziyyətə salmamaq;
- Ardıcıl və proqnozlaşdırıla bilən olmaq;
- Azərbaycan ərazisindən qonşularına qarşı istifadə edilə bilməz.
Rasim Əliyev
“AzPolitika.info”