MSK TƏRƏFİNDƏN AYRILAN ZALLAR, STADİONLAR BOŞ QALIB... – Müxalifət namizədləri niyə seçki təşviqatı aparmırlar?

17-08-2024, 11:45           
MSK TƏRƏFİNDƏN AYRILAN ZALLAR, STADİONLAR BOŞ QALIB... –
Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsinin ilk həftəsi geridə qalıb. Seçkilərə 25 siyasi partiyanın təmsil edən və müstəqil şəkildə mindən artıq namizəd qatılsa da, seçki kampaniyası ölkənin siyasi gündəmində əsas yer tuta bilmir.

Yerli televiziyalar, o cümlədən, dövlət kanalı, İTV prosesə maraq göstərmir. Namizədlər də media vasitəsi ilə aktiv təşviqat kampaniyası aparmaq istəmirlər. Xəbər verimişdik ki, Yeni Azərbaycan Partiyası (YAP) ancaq özünə məxsus media vasitələrində və sosial şəbəkə səhifələrində seçki kampaniyası aparmaq barədə qərar qəbul edib. Ona görə də hakim partiyanın az sayda namizədi barəsində müstəqil media subyektlərində təşviqat materiallarına rast gəlinir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası hər seçki dairəsində seçicilərlə görüş üçün ayrılan qapalı və açıq məkanların siyahısını açılayıb. 300-dən artıq zal, stadion və s. obyektlər namizədlərin sərəncamındadır. Ancaq buna baxmayaraq, namizədlər seçiciləri həmin məkanlara toplayıb öz platformalarını təqdim etmək, onlardan səs istəməkdə maraqlı görünmürlər.

Bitərəflərin və özünü müxalifət adlandıran siyasi təşkilatların passiviliyi isə xüsusi ilə heyrət doğurur. Bu namizədlərin təşviqatın başqa üsullarına – seçicilərlə qapalı və açıq məkanlarda kütləvi görüşlərə, şəhərdə reklam lövhələrindən istifadəyə, bükletlərin, büroşurların paylanmasına və digər tədbirlərə əl atmaması da maraq doğurur.

Apardığımız müşahidələr göstərir ki, geridə qalan 1 həftə ərzində ancaq YAP-ın namizədləri və iqtidara yaxın bəzi bitərəf iddiaçılar küçə və məhəllələrdə, qapalı məkanlarda kiçik seçici qrupları ilə təmasda olublar. Bu görüşlərin isə əsasən yerli icra orqanları tərəfindən təşkil olunmasını gizlətmək mümkün deyil. Amma hər halda bunlar ötən bir həftə müddətində ölkədə parlament seçkiləri kampaniyasının əlamətlərini göstərən azsaylı təşviqat tədbiri kimi yadda qalıb.

Qeyd edək ki, müxalifətdən REAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesablarında qısa videolar çəkib paylaşır. Bu videolarda partiyanın ölkənin müxtəlif sahələri üzrə problemlərdən bəhs olunur və REAL-ın proqramı təqdim edilir. Partiyanın başqa namizədləri də “Facebook”, “İnstağram”, “TikTok” hesablarında özləri, seçki dairələri haqqında məlumatlar, o cümlədən REAL-ın seçki şüarlarını paylaşırlar.

Ağ partiya da olduqca passiv görünür. Təşkilatın iddialı açıqlamarı ilə məşhur olan sədri Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsində YAP-ın namzədi Məlahət İbrahimqızı ilə rəqibdir. Ancaq demək olar ki, təşviqatla məşğul olmur. Onun plakatları dairə üzrə müəyyən edilmiş yerlərdən asılıb, amma seçicilərlə qapalı, açıq məkanlarda, məhəllələrdə görüşləri hələ ki, gözə dəymir. Bu partiyadan gözədəyən seçki təşviqatı ilə sədr müavini Əhəd Məmmədli məşğul olur. O, “Facebook” səhifəsində bir neçə məhəllədə 10-15 seçici ilə görüşdüyü barədə fotolar yayımlayıb.

Ən maraqlı vəziyyət ölkənin köklü müxalifət partiyalarından hesab olunan Müsavat Partiyasının təşviqat kampaniyasında yaşanır. Müşahidələrimizə görə, partiyanın namizədləri heç bir dairədə seçki təbliğat-təşviqatına başlamayıb. Sosial şəbəkələrdən paylaşımlarında isə diqqəti ailə - məişət və başqa sosial mövzulara çəkiblər.

Seçki prosesinə “hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçdikləri” üçün qoşulduqlarını deyən partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin də hələlik namizəd olduğu 8 saylı Binəqədi birinci seçki dairəsində təşviqatla məşğul olduğu görünmür. Hər halda onun sosial şəbəkə hesablarında bu barədə məlumata rast gəlmək mümkün deyil.

Partiyanın başqa namizədlərinin dəsosial şəbəkə hesablarında da “ölü sükut” hökm sürür.

Qeyd edək ki, Müsavatın 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədi, BDU-nin dosenti Nüşabə Sadıxlının yeni parlamentdə təmsil olunacağı ehtimal edilir. Hər halda hmin dairədən hakimiyyətin açıq və ya gizli dəstəklədiyi prinsipial namizəd yoxdur.

Digər partiyalara gəldikdə, onların təşviqat kampaniyaları da təxminən eyni vəziyyətdədir. Təmsilçilərinin deputat olacağı şübhə doğurmayan təşkilatlar özlərinə əziyyət vermək istəmirlər, belə şansları olmayan partiyalar da prosedən razı görünürlər. Hər halda seçkidən sonra büdcədən azı 5 min manat pul alıb “qabağa düşəcəklər...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.