CƏNUBİ QAFQAZDA RUSİYA, YOXSA ABŞ OLSUN? – Hansı bizim üçün daha təhlükəlidir?

19-08-2024, 11:25           
CƏNUBİ QAFQAZDA RUSİYA, YOXSA ABŞ OLSUN? – Hansı bizim üçün daha təhlükəlidir?
Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması ölkəmizdə ən çox müzakirə olunan məsələlərdəndir. Heç şübhəsiz ki, Rusiyanın regionu tərk etməsi Cənubi Qafqazı xeyli rahatladardı. Amma bir sual daha dərin araşdırma tələb edir: Çıxan Rusiyanın yerinə girməyə çalışan Qərb və onun flaqmanı ABŞ regiona nə gətirəcək?

Gəlin, yavaş-yavaş reallaşmaqda olan bu yerdəyişmənin Azərbaycana mümkün təsirlərini anlamağa çalışaq.

Tarixi baxımdan Rusiya Azərbaycanı hər zaman sıxışdırıb, torpaqlarımızın bir qismini Ermənistana, bir qismini Gürcüstana və xeyli hissəsini də özünə qatıb, qırğınlar törədib. Əlbəttə, bu hadisələr millətin qan yaddaşından silinməz. Amma dövlətlər hisslərlə deyil, praqmatik hesablarla idarə olunur. Rusiya çox böyük və təhlükəli şimal qonşumuzdur. Ancaq son illərin hadisələri göstərir ki, Azərbaycan bu acımasız və təhlükəli qonşu ilə öz oyununu qura bilib. Nəticə göz qabağındadır. Qarabağı Azərbaycandan qoparıb Ermənistana verən Rusiya 44 günluk müharibədə səssiz qaldı. Bu gün də Ermenistanın bütün politoloqları “Moskva Ermənistanı satdı, artıq İrəevanın deyil, Bakının yanındadır” deyə haray çəkirlər. Çoxları Rusiyanın bu “yön dəyişdirməsini” qərbpərəst Paşinyan fenomeninə bağlayır. Lakin Rusiya yalnız bir Paşinyana görə özünün Cənubi Qafqaz siyasətinin bel sütunu olan Qarabağ faktorundan əl çəkməzdi. Yada salaq ki, o zaman Ukrayna müharibəsi başlamamışdı və Rusiya indikindən çox daha güclü idi. Heç şübhəsiz ki, Rusiyanın susqunluğu məsələsində Ərdoğan və Türkiyənin iradəsi də daxil olmaqla, bildiyimiz və bilmədiyimiz çox sayda faktor rol oynayıb. Qeyd etdiyimiz kimi, bu faktorlar arasında Azərbaycanın Rusiya ilə qura bildiyi çox çətin, keşməkeşli və uzun müddətə hesablanmış oyunu da var.

Bəs Qərb və ABŞ ilə necə?

Bakı dünyanın bu ən güclü alyansı ilə ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq qura biləcəkmi? Sualı cavablandırmağa cəhd edək və bəzi qısa müqayisələr aparaq. Prezident Putin “Qarabağ Azərbaycanın suveren ərazisidir“ deyir və dövlətimizə qarşı hər hansı tələb, şərt irəli sürmür. Qərb isə “Qarabağ erməni yurdudur, Azərbaycan onları zorla qovub” deyir, Azerbaycana təzyiqlər edir, sanksiyalar məsələsini gündəmə gətirir.

Ermənistan Rusiya silahları ilə təchiz olunmuşdu. Azərbaycan isə daha müasir Türkiyə və İsrail hərbi texnikası ilə silahlanmışdı və texnoloji cəhətdən köhnəlmiş rus silahı daşıyan erməni ordusunu darmadağın etdi. Deməli, Ermənistan Rusiya nəzarətində qalacaqsa, Azərbaycan hər zaman hərbi-texnoloji üstünlüyə malik olacaq. Rusiyanın yerinə Ermənistana ABŞ girəcəksə, vəziyyət tam dəyişəcək, erməni dövləti daha müasir və daha öldürücü Qərb silahları ilə təmin ediləcək. O zaman Azərbaycanın Ermənistan üzərindəki hərbi texnoloji üstünlüyündən danışmaq çətin olacaq. Rusiya həm iqdisadi qüdrət, hem geopolitik təsir, həm də hərbi güc baxımından zəifləməyə doğru gedir. Bu səbəbdən də rəsmi Moskva güclənməkdə olan Türkiyə - Azərbaycan tandemi qarşısında daha güzəştli mövqe tutmağa məcburdur. Üstəlik, Ukrayna müharibəsi və Qərbin Rusiyaya olan təzyiqləri qarşısında rəsmi Moskva ona sanksiya tətbiq etməyən Türkiyəyə daha çox yaxınlaşmaq məcburiyyətindədir. Bu faktor Qafqaz siyasətində Türkiyənin əlini Rusiyaya qarşı gücləndirir. Deməli, bu məsələdə də vəziyyət Azərbaycanın xeyirinədir. Bəs Qərb necə? ABŞ və bütövlükdə Qərb iqtisadi, geopolitik və hərbi hegemonluğunu bu gün də tam qoruyub saxlayır. Qərb alyansı Türkiyə - Azərbaycan tandemindən qat-qat daha güclüdür və bu alyansın bizə ciddi güzəştə getməsi üçün heç bir tutarlı səbəb yoxdur.

Ukrayna ilə müharibədə olan bugünkü Rusiya Türkiyə üçün (deməli həm də Azərbaycan üçün) böyük təhdid deyil. Əksinə, Moskva Türkiyə ilə çox ciddi proyektlər həyata keçirir və hər iki dövləti bir-birinə qarşı kəskin addımlardan çəkindirən çox ciddi qarşılıqlı asıllıqlar var. Rusiya enerji daşıyıcılarının və digər məhsullarının çox əhəmiyyətli hissəsini dünya bazarına Türkiyə üzərindən çıxarır, Akkuyu atom elektrik stansiyasını tikir. Qərb isə Türkiyə ilə sözdə (və bəzi məsələlərdə) müttəfiq olsa da, əslində qardaş dövlətə qarşı ciddi təhdiddir. ABŞ və digər Qərb dövlətləri Yunanıstanı və kürd separatçılarını Türkiyəyə qarşı aktiv şəkildə silahlandırır, Ankaraya qarşı gözə görünən və görünməyən sanksiyalar tətbiq edirlər. Çoxsaylı Qərb institutları Türkiyənin parçalanması ilə bağlı planlar qurur və bu planları rəsmi hesabatlarında mütəmadi dərc edirlər. Belə strategiyaya sahib olan Qərbin Ermənistana yerləşməsinin Türkiyə və Azərbaycan üçün hansı təhlükəni törədəcəyini düşünmək belə iliklərimizi üşüdür. ABŞ Ermənistana girməyi bacararsa, bu ölkəni öz qoruması altına götürəcək, Türkiyəni indi həm də şimaldan mühasirəyə alacaq, Azərbaycanla Türkiyə arasında keçilməz sədd yaradacaq və Ermənistanı Azərbaycana qarşı şiddətli təzyiq ünsürünə çevirəcək. Göstərilən arqumentləri çılpaqlığı ilə təsdiqləyən fakt isə ABŞ-nin “NATO müttəfiqim” dediyi Türkiyəni hər cür sıxma-boğmaya məruz qoymasıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan Türkiyədən çox daha kiçik ölkədir və ABŞ-nin təzyiqlərinə qarşı daha dayanıqsızdır.

Bütün bu deyilənlərdən belə bir sual doğur: Qərbin Ermənistana yerləşməsi məsələsində Türkiyə, Rusiya və Azərbaycan situativ müttəfiq ola bilərmi? Bəlkə də, Bakıya səfəri zamanı "Qərbi Ermənistana buraxmaq olmaz“ deyən Sergey Şoyqu haqlıdır. Maraqlıdır, Şoyqunun məhz Bakıda verdiyi bu bəyanatdan sonra Vladimir Putin də Azərbaycana gəlməyə hazırlaşır.

Cərəyan edən hadisələrə görə regionda çox böyük geopolitik şahmat partiyası oynanır. Və belə görünür ki, Azərbaycan bu partiyada qurbanlıq piyada deyil, oyunun taleyini həll edəcək fiqurlardan biri rolunda çıxış edir.

Namiq Bilal












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.