Putin Azərbaycana niyə gəlib?

19-08-2024, 16:34           
Putin Azərbaycana niyə gəlib?
Bazar günü Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib. Onun səfəri iki günü - 18-19 avqust tarixlərini əhatə edəcək, rəsmi məlumatlarda deyilir.

Putin Rusiya torpaqlarında Ukrayna ordusuna qarşı döyüşlər getdiyi bir vaxtda Bakıya gəlib.

Kremlin yaydığı məlumata görə, səfər zamanı Azərbaycan və Rusiya arasında müttəfiqlik və strateji əməkdaşlığın inkişafı müzakirə olunacaq.

Putinin həmçinin Prezident İlham Əliyevlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcəyi gözlənilir.

Putin niyə indi gəlir?
İki il əvvəl Ukraynaya qarşı müharibəyə başladıqdan sonra, Vladimir Putin ilk dəfədir ki, Azərbaycana gəlir.

Bu səfər həmçinin Ukraynanın Rusiya torpaqlarına girdiyi və döyüşlərin Rusiyada getdiyi bir zamanda baş verir. Vladimir Putin Ukrayna torpaqlarını ilhaqa görə Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqlərilə əlaqələrini möhkəmləndirməyə və yenilərini əldə etməyə çalışır.

O, Azərbaycanla müttəfiqlik razılaşmasını ordusu Ukrayna torpaqlarına girdiyi günlərdə imzalayıb. Azərbaycanda hökumət, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Putinə də heç zaman arxa çevirməyib. Bu dövlət səfəri həm də Rusiya lideri üçün bir fürsətdir ki, yanında olanların az olmadığını dünyaya nümayiş etdirsin.

Putin Azərbaycandan öncəki dövlət səfərini Şimali Koreyaya və Vyetnama edib.

Qaz məsələsi
Rusiya Ukraynaya girdikdən sonra Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə ixrac etdiyi qazı kəsib. Əvəzində, Azərbaycan Avropa İttifaqı ilə razılaşma imzalayıb və Rusiyanın qazsız qoyduğu Avropa ölkələrinə nəql edilməsi üçün

Siyasi təhlilçi Fuad Şahbazov hesab edir ki, Vladimir Putinin Azərbaycana hazırkı səfərində əsas hədəflər iqtisadi və enerji məsələləridir.

Onun fikrincə, səfər zamanı Azərbaycanla Rusiya arasında qaz nəqli ilə bağlı yeni sənəd imzalana bilər.

“Rusiya qazının Azərbaycana nəqli və əvəzində Avropaya nəql olunan Azərbaycan qazının həcminin artırılması ilə bağlı sənəd imzalana bilər. Yəni daxili bazarı təmin etmək üçün Rusiya qazından istifadə etmək olar. Bundan başqa, iqtisadi əməkdaşlıqla bağlı hansısa sənəd də imzalana bilər”, - Fuad Şahbazov deyib.

Cənab Şahbazova görə, bu səfərdə başqa bir məqsəd də, Rusiyanın Ermənistan Azərbaycan sülh prosesində mövqeyinin möhkəmləndirilməsi ola bilər.

O hesab edir ki, son vaxtlar Qərb institutları iki ölkə arasındakı sülh prosesində fəallaşıblar və burada Rusiyanın marağı var ki, “nisbətən itirilmiş təsirini” bərpa etmək üçün regiona səfər edir.

“Bu səfər Rusiyanın regiona olan marağını təsdiqləmək məqsədi daşıyır”, - Fuad Şahbazov bildirib.

Sülh razılaşmasına "dəstək"
“Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür kömək göstərməyə hazırdır”, Kremlə istinadla RiaNovosti yazır.

Azərbaycan və Ermənistan son aylarda sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqlar aparır və sülh müqaviləsinin bağlamaq barədə istəklərini dilə gətirirlər.

Avqust ayında Bakı və Yerevan Azərbaycanla Naxçıvanı birləşdirməyi nəzərdə tutan nəqliyyat xətti və ya Bakının təbirincə, “Zəngəzur dəhlizi” ilə bağlı maddəni sülh sazişi layihəsindən çıxarıb. Bu məsələ sonrakı mərhələyə saxlanılıb.

Bakı və Moskva bu yola Rusiyanın nəzarət etməsini istəyirdilər, lakin Ermənistan bunun əleyhinə olub.

Ermənistanla Rusiya arasında narazılıq İkinci Qarabağ müharibəsindən sonra özünü biruzə verir. Rəsmi Yerevan Rusiyanın və KTMT-nin müharibə dövründə ona kömək etməməsindən narazıdır.

Ermənistanın hərbiyyəsi üçün silah və təlim üçün Qərb ölkələrinə üz tutması da Rusiyanı narazı salıb. Rəsmi Moskva Qərbin, NATO-ya üzv hansısa ölkənin Ermənistana daxil olmasını xoş qarşılamır.

Bunlar son dövrlərdə Rusiya ilə Ermənistanın bir-birindən uzaqlaşdıran amillərdəndir.

Rusiya ilə Ermənisan müttəfiq ölkələr olmasına baxmayaraq Vladimir Putin ora getmir, çünki Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) qərarlarını yerinə yetirmək barədə razılaşmaların üzvüdür.

Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Səfərin İranla əlaqəsi varmı?
Rusiya Prezidenti Vladimir Putinin bugünkü səfərindən qabaq, ayın altısında bu ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu Azərbaycanda olub, Prezident İlham Əliyevlə görüşüb.

Onun səfəri İrana, daha sonra Azərbaycana olmuşdu.

Sergey Şoyqu İrana Həmas liderinin Tehranda öldürülməsindən bir həftə sonra səfər edib, qayıdanda Bakıda görüş keçirib ölkəsinə qayıtmışdı.

Sergey Şoyqu səfəri zamanı Cənubi Qafqazda sülh və təhlükəsizlik kimi məsələlərdən danışsa da, o, region ölkələrindən yalnız Azərbaycanda olub.

Təhlilçilər deyir ki, rusiyalı yüksək rütbəli rəsminin Tehran və ardınca Bakıya səfəri, İran və İsrail arasında mümkün qarşıdurma ilə bağlı ola bilər.

Həmin vaxt siyasi təhlilçi Fuad Şahbazov BBC Azərbaycancaya deyib ki, Rusiya İran və İsrail arasında mümkün münaqişədə Azərbaycanın Təl-Əvivə qapalı dəstək verə bilmə ehtimalından narahatdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.