Alınmayan “Bayden planı”, nəticəsiz danışıqlar – Yaxın Şərqə çarə tapılmır

20-08-2024, 10:24           
Alınmayan “Bayden planı”, nəticəsiz danışıqlar – Yaxın Şərqə çarə tapılmır
Politoloq: “İsrail tərəfinin ultimatum xarakterli, hədələyici bəyanatlar səsləndirməsi HƏMAS-ın danışıqlarda iştirakını mümkünsüz etdi”

Beynəlxalq vasitəçilər Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq məqsədi ilə Qəzza zolağında atəşkəs razılaşması əldə etmək üçün Qətərin paytaxtı Dohada danışıqlar aparıblar. ABŞ, Misir və Qətərdən olan nümayəndələrin İsraildən olan nümayəndə heyəti ilə görüşü keçirilib. Fələstinin radikal HƏMAS hərəkatı danışıqlarda iştirak etməyəcəyini bəyan etmişdi və bildirmişdi ki, nümayəndələri vasitəçilərlə daha sonra görüşə bilər.

Qəzza və İordan çayının qərb sahilində davam edən döyüşlərlə yanaşı, İsraillə "Hizbullah" Livanla sərhəddə də atışır. 100-dən çox insan hələ də girov saxlanır. Ticarət gəmiləri Yəməndəki husi döyüşçülərinin hücumua məruz qalır. Keçən ay HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İran cavab zərbəsi ilə təhdid edir. İsrail qətlə görə məsuliyyəti üzərinə götürməsə də, Haniyənin ölümündə geniş şəkildə günahlandırılır. “Reuters” xəbər agentliyi üç yüksək vəzifəli İran rəsmisinin yalnız Qəzzada atəşkəs razılaşmasının qətlə görə qisas alınmasının qarşısını ala biləcəyini dediyini bildirib.

Dohada müzakirə olunan plan mayın 31-də ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanan barışıq üçün üç mərhələli "yol xəritəsi" kimi başlayıb. Təklif altı həftəlik atəşkəs, İsrail qoşunlarının Qəzzadakı yaşayış məntəqələrindən çıxarılması, qadınlar, qocalar və yaralı girovların fələstinli məhbuslar qarşılığında azad edilməsindən ibarətdir. Humanitar yardımlar artırılmalı, fələstinlilər öz evlərinə qayıda bilməlidirlər.

Dohadakı danışıqlardan sonra ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Qəzzada İsrail və HƏMAS arasında 10 aydır davam edən müharibəyə son qoyacaq atəşkəsə nail olmaq üçün intensivləşən diplomatik səylər çərçivəsində İsrailə gəlib. ABŞ-ın baş diplomatının keçən ilin oktyabrında müharibə başlayandan bəri regiona 10-cu səfəri Birləşmiş Ştatların və vasitəçiləri Qətər və Misirin müharibə edən tərəflər arasında uçurumları aradan qaldıracağına inandığı “körpü” təkliflərindən bir neçə gün sonraya təsadüf edir.

Bu arada, HƏMAS rəsmi Təl-Əvivin irəli sürdüyü “yeni şərtlərə görə” İsraillə atəşkəs razılaşmasından imtina edib. Qrupun bəyanatında deyilir: “Biz İsrailin Baş naziri Benyamin Netanyahunu vasitəçilərin səylərinin qarşısını almaq və razılaşmanın əldə olunmasının qarşısını almaq üçün tam məsuliyyət daşıdığını bildiririk”.

“Kan” telekanalının məlumatına görə, İsrailin Baş naziri Filadelfiya dəhlizi - Misirin Qəzza zolağı ilə sərhədindəki dar ərazi ətrafında yaranan problemə görə HƏMAS-la kompromis əldə etməyin mümkünsüzlüyünü açıqlayıb. Təl-Əviv danışıqlarda bu ərazinin öz nəzarəti altında qalmasını tələb edir. Fələstin hərəkatı isə bu tələbi “qəbuledilməz” adlandırır.

Avqustun 17-də “The New York Times” (NYT) öz mənbələrinə istinadən yazıb ki, İran hakimiyyəti HƏMAS nümayəndələri ilə atəşkəslə bağlı danışıqlara görə İsrailə zərbəni təxirə salmaq qərarına gəlib. İranın Haniyənin məhv edilməsinə cavab olaraq İsrailə zərbə endirmək fikrindən əl çəkmədiyi vurğulanır.

Bir sözlə, atəşkəsə ümidlər artsa da, müharibə davam edir. İsrailin HƏMAS-ın yaxınlıqdakı raket atəşini əsas gətirərək yeni təxliyə əmri verdiyini bildirən səhiyyə rəsmiləri şənbə günü İsrailin Qəzzanın Zaveyda qəsəbəsinə endirdiyi zərbə nəticəsində ən azı 17 fələstinlinin öldüyünü və onlarla insanın yaralandığını bildirib.

Onilliklər boyu davam edən İsrail-Fələstin münaqişəsinin sonuncu raundu oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailə hücumu ilə başlayıb. İsrailin məlumatlarına görə, 1200-ə yaxın adam öldürülüb və 250-yə yaxın insan girov götürülüb.

Fələstinlilərin səhiyyə orqanlarının məlumatına görə, İsrailin sonrakı hərbi kampaniyası Qəzzanın böyük hissəsini xarabalığa çevirib və əksəriyyəti mülki insanlar olmaqla, 40 mindən çox fələstinlini öldürüb. İsrail isə 17 min HƏMAS döyüşçüsünü məhv etdiyini bildirir.

Görünən odur ki, Qətərdəki danışıqlar növbəti dəfə nəticəsiz bitib. Çünki HƏMAS-ın bəyanatı bunu deməyə əsas verir. Dohada sənəd qəbul olunsa da, onun icrasına inam azdır.

Azərbaycanlı politoloq İlyas Hüseynov mövzu ilə bağlı AYNA-ya deyib ki, Qətərdəki görüş haqqında müəyyən müsbət fikirlər var idi: “Güman olunurdu ki, hansısa razılıq əldə olunacaq, yaxud tərəfləri bir araya gətirmək mümkün olacaq. Amma Co Baydenin “sülh planı”ndan sonra İsrail tərəfinin ultimatum xarakterli, hədələyici bəyanatlar səsləndirməsi HƏMAS-ın danışıqlarda iştirakını mümkünsüz etdi. Əlbəttə, bu görüşlə paralel şəkildə İran-İsrail münasibətlərindəki gərginliyə də baxmaq lazımdır. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İranın zərbə endirəcəyi haqqında bəyanatı var və icra olunmamış qalır. Tehran düşünür ki, “qisas” addımını atsa, İsrailin və ABŞ-ın buna cavabı nə ola bilər. Hesab edirəm ki, bu cavab İranın nüvə obyektlərinə zərbələr ola bilər. Qətərdəki görüşlə bağlı hazırlıqlar, müəyyən müsbət mesajlar həm də İran-İsrail gərginliyinin müəyyən qədər aşağı salınmasına hesablanmışdı. Çünki Misir, Qətər kimi region ölkələri sülh istiqamətində çağırış etdilər ki, müharibəni bitirmək lazımdır”.

“Əsas istək ondan ibarətdir ki, regionda sabitlik bərqərar olsun, təhlükəsizlik sistemi yaradılsın və BMT qətnamələri əsasında “iki xalq-iki dövlət” prinsipi əsasında burada birgəyaşayış təmin olunmalıdır, əsirlər dəyişdirilməlidir. Amma bu, tərəflərin mövqeyinin uzlaşmaması səbəbindən baş tutmur”, - analitik vurğulayıb.

İ.Hüseynov qeyd edib ki, HƏMAS görüşdə iştirak etməsə də, bəyanat qəbul edilib: “Bu bəyanatın tərəflərlə razılaşdırılması üçün Misir nümayəndəsi HƏMAS-la danışıqlar aparacaq. ABŞ dövlət katibi Antoni Blinken isə İsrailə səfər edərək “Bayden planı”nın icrası üçün Təl-Əvivi razı salmağa çalışacaq”.

“ABŞ çalışır ki, İsrailin Baş naziri Benyamin Netanyahunun həddən artıq olan ambissiyalarını aşağı salsın. Netanyahunun siyasi doktrinası bundan ibarətdir ki, sonuncu HƏMAS nümayəndəsi məhv edilənədək İsrail döyüşəcək, hərbi hədəflərinə çalışacaq. Blinkenin bu günədək İsrailə 8 səfəri olub, amma bu danışıqlar nəticəsində Təl-Əvivin geopolitik iştahını aşağı salmır. İsrail rəhbərliyi istəyir ki, döyüş meydanında məsələni həll etsin, bölgəyə tam nəzarəti ələ alsın, beynəlxalq qanunlara məhəl qoymasın. ABŞ müəyyən vasitəçi simasını qorumaq üçün addımlar atır. Müəyyən razılıqlar əldə olunur, vədlər verilir, amma bundan sonra İsrail daha sərt addımlar atır. Bununla da razılaşmalar pozulur, gərginlik daha da artır. İstisna deyil ki, sonuncu danışıqlardan sonra da gərginlik azalmasın”, - politoloq fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.