“Azərbaycanda heç də hamı bu səfərdən razı deyil”

21-08-2024, 12:03           
“Azərbaycanda heç də hamı bu səfərdən razı deyil”
“Bu, tarixi yaddaşla və Ukrayna müharibəsilə bağlıdır”

Vladimir Putinin Azərbaycana səfəri dünyanın aparıcı media orqanlarının əsas gündəm mövzularından biridir.

“AzPolitika” xəbər verir ki, “BBC”-nin Putinin Bakıya səfərilə bağlı yazısında Rusiya Prezidentinə Azərbaycanda münasibətin birmənalı olmadığı qeyd edilir: “Azərbaycanda heç də hamı Vladimir Putinin səfərindən razı deyil. Bu, həm tarixi yaddaşla, həm də Ukraynadakı müharibə ilə bağlıdır”.

Yazıda qeyd olunur ki, “Ukrayna uğrunda döyüşən azərbaycanlılarla fəxr edən hökumətyönlü mətbuat” eyni zamanda, Putinin səfərini müsbət qiymətləndirir.

Reportajda xüsusi yer alan məqamlardan biri Putinin Şəhidlər Xiyabanına ziyarəti olub: “O, 1990-cı ilin yanvarında sovet ordusunun silah və tanklarla müstəqillik mitinqlərini dağıtması qurbanlarının xatirəsini yad edərək, Şəhidlər Xiyabanının yaxınlığındakı əbədi məşəl önünə gül dəstələri qoyub”.

O da qeyd olunur ki, Rusiya kanalları bunu Putinin guya İkinci Dünya müharibəsi qurbanlarının abidəsi önünə gül qoyması kimi təqdim edib: “Həmin vaxt yüzdən çox insan həlak olub. Bu hadisə Bakıda “Qara Yanvar” kimi tanınır və bəzən millətçilər bunu öz imperiyasının dağılmasının qarşısını güc yolu ilə almaq istəyən Rusiyanı sevməmək üçün əsas kimi göstərirlər”.

Daha sonra yazıda Azərbaycanın Ukrayna ilə yaxın dost münasibətlərinə və ölkə əhalisinin Ukarynaya rəğbətinə yer verilir: “2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayanda Bakıda Ukraynaya dəstək üçün kortəbii etiraz aksiyaları keçirildi...Azərbaycan Ukraynadakı müharibə ilə bağlı heç bir rəsmi açıqlama verməsə də, ora humanitar yardım göndərib və Azərbaycan mətbuatı azərbaycanlıların Ukraynanın tərəfində vuruşduğunu müsbət mənada işıqlandırır. Onlar həqiqətən də ordadırlar – “Aydar” batalyonunda, “Gürcü batalyonunda” və başqa birləşmələrdə. Hətta Ukrayna Qəhrəmanı adını da alıblar. Bəzi müşahidəçilər bildirirlər ki, Azərbaycan iqtisadiyyatı Rusiya ilə sıx bağlı olduğu üçün Azərbaycan Ukraynanı açıq şəkildə dəstəkləyə bilmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.