Keyfiyyətsiz, saxta, yoxsa... – Rusiya Ermənistanı konyakla cəzalandırır
21-08-2024, 10:24
Paşinyanın KTMT-dən çıxmaqla bağlı bəyanatı və Rusiyada erməni konyakında kütləvi pozuntular aşkarlanıb
Rusiyaya tədarük edilən erməni konyaklarının demək olar ki, 90 faizi keyfiyyət standartlarına cavab vermir. Üstəlik, tərkibində üzüm şirəsi olmayan spirt məhsullarının yarısı saxtadır. AYNA TASS-a istinadən xəbər verir ki, bu məlumatlar Kontrafaktla Mübarizə Assosiasiyası və Konyak İstehsalçıları İttifaqının birgə araşdırmasında təqdim olunub.
Analiz üçün on ən böyük erməni istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb və onlar Ümumrusiya Pivəçilik, Alkoqolsuz və Şərab Sənayesi Elmi-Tədqiqat İnstitutunun laboratoriyasına göndərilib.
“Onlardan 177-də, yəni on nümunədən doqquzunda pozuntular aşkar edilib. Və demək olar ki, yarısında üzüm şirəsi olmayan naməlum mənşəli spirtlər tapılıb. Yalnız 23 nümunənin GOST-lərə və Rusiya qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxıb”, - tədqiqatda deyilir.
Saxtakarlığa qarşı mübarizə şirkətinin baş direktoru Kristina Skripnik qeyd edib ki, nümunələrin 89%-i orqanoleptik göstəricilərinə (dad, rəng, şəffaflıq) və buketi təşkil edən uçucu komponentlərin tərkibinə görə standarta cavab vermir: “Konyak distillatını naməlum spirtlə əvəz etmək belə məhsulları konyak adlandırmağa imkan vermir”.
Skripnik araşdırmanın nəticələrini "şokedici" və saxtalaşdırma nisbətlərini "qrafiklərdən kənar" adlandırıb. Qeyd edib ki, pozuntular həmişə müəyyən bir spirt markası ilə əlaqəli deyil. Skripnikin sözlərinə görə, eyni markanın müxtəlif qablaşdırma tarixləri olan nümunələri keyfiyyət baxımından kəskin şəkildə fərqlənə bilər, partiyanın tamamilə saxtalaşdırıldığı və istehlak üçün təhlükəli olduğu ortaya çıxa bilər.
Bununla əlaqədar olaraq birlik Ermənistandan alkoqollu içkilərin idxalına əlavə nəzarət edilməsi, topdan və pərakəndə satış şəbəkələrində keyfiyyətsiz məhsulların dövriyyəsinin məhdudlaşdırılması xahişi ilə Baş Prokurorluğa, Federal Gömrük Xidmətinə və “Rosalkogoltabakcontrol”a müraciət edib.
Müraciətdə bunun haqsız rəqabətin və qiymət dempinqinin qarşısının alınması üçün zəruri olduğu vurğulanır.
"Ucuz saxta məhsullar artıq yerli istehsalçıları çətin vəziyyətə salır və əgər yaxın gələcəkdə saxta məhsullar Rusiya bazarında genişlənməyə davam edərsə, vəziyyət yaxşı olmayacaq”, - deyə Assosiasiya yekunlaşdırıb.
Bu qədər böyük miqdarda "istehlak üçün təhlükəli" konyakın Rusiyaya necə girə biləcəyi sirr olaraq qalır. Federal Gömrük Xidmətinin nümayəndəsi “Vedomosti”yə bildirib ki, xidmət “Rosalkogoltabakcontrol” şirkəti ilə birlikdə keyfiyyətsiz və saxtalaşdırılmış malların ölkəyə idxalının qarşısını almaq üçün “sistemli şəkildə” belə məhsulların yoxlanışını həyata keçirir.
Erməni konyakındakı kütləvi pozuntular Moskva ilə İrəvan arasında münasibətlərin davam edən pisləşməsi fonunda üzə çıxıb. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və təşkilatın əsas üzvü Rusiyanı fəaliyyətsizlikdə və Azərbaycandan yana olmaqda ittiham edib. Eyni zamanda, Paşinyan KTMT-nin səmərəsiz olduğunu bəyan edib və təşkilatdan çıxmaqla hədələyib. Respublika fevral ayında KTMT-də iştirakını dondurub. Ermənistan faktiki olaraq, KTMT-yə ödəniş etmir və birgə təlimlərdə iştirakdan imtina qərarı verib.
Erməni ekspertlər isə hesab edirlər ki, uzun illərdir erməni konyakı idxal edən Rusiyada indi məhsulun keyfiyyətinin olmaması iddiası siyasi səbəblə bağlıdır. Analitiklərin sözlərinə görə, Rusiya Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətinə əlində olan iqtisadi rıçaqlardan istifadə etməklə cavab verir. İddia olunur ki, indi Moskva İrəvanı konyakla “əzməyə” qərar verib.
Nəzərə almaq lazımdır ki, Ermənistandan Rusiyaya ixrac olunan ən əsas məhsullardan biri də spirtli içkilər, xüsusilə konyak və çaxırdır. Erməni mütəxəssislər hesab edirlər ki, Rusiya bazarından Ermənistan məhsulu olan spirtli içkiləri çıxarsa, bu, Ermənistan iqtisadiyyatı üçün böyük zərbə olacaq.
Müəllif: Turan Abdulla
ayna.az