Deputata rəqib olan xadimə NAMİZƏD... - Bu dairədə işsizlər üstünlük təşkil edir
22-08-2024, 18:04
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər seçicilərin etimadını qazanmaq üçün müxtəlif platformalar vasitəsilə öz proqramlarını və prioritetlərini təqdim edirlər.
Təbliğat-təşviqat kampaniyasında namizədlər əsasən vətəndaşların aktual problemlərinə diqqət çəkir, sosial məsələlərin həllinə dair vədlər verirlər. Bu mövzular arasında işsizlik, təhsil, səhiyyə, sosial problemlər kimi məsələlər xüsusi yer tutur. Namizədlər seçicilərə ölkənin iqtisadi inkişafını sürətləndirmək, infrastruktur layihələrini genişləndirmək və sosial rifahı artırmaq məqsədilə planlarını təqdim edirlər.
Beləliklə, seçicilərin dəstəyini qazanmaq üçün hər bir namizəd öz proqramında vətəndaşların gündəlik həyatına təsir edən ən vacib məsələlərə fokuslanır.
Qeyd edək ki, seçkilərdə iştirak edən VI çağırış Milli Məclisin deputatları namizədlər siyahısında üstünlük təşkil edir.
Namizədlər arasında ilk dəfə bu yarışa qatılanları nəzərdən keçirsək, bir sıra tanınmış adlara da rast gəlmək mümkündür. Lakin siyahıda namizədlər arasında heç kimin tanımadığı şəxslər də yer alıb. Siyahıda işsiz, təqaüddə olan, hətta xadimə namizədlərin olması da siyahını daha da maraqlı hala gətirib.
Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizədlərlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Qaradağ və Gəncə və Sumqayıt üzrə davam edirik.
37 saylı Qaradağ seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Hüseynov Aydın Nəsir oğludur. Bu seçki dairəsində pensiyaçı, işsiz, müəllim olan namizıdlər də yer alıb. Belə ki, onlar namizədliklərini özləri tərəfindən irəli sürən pensiyaçı Məmmədov Nizaməddin Fərzalı oğlu, işsiz Paşayev Kamil Əşrəf oğlu, 302 saylı tam orta məktəbdə müəllim kimi çalışan Salahova Səbinə Oktay qızıdır.
38 saylı Gəncə birinci seçki dairəsində isə deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Həmzəyev Naqif Ələşrəf oğludur.
Sözügedən seçki dairəsində isə adı tanınmayan namizədlər var. Belə ki, namizədliklərini öz təşəbbüsləri ilə irəli sürən pensiyaçı Mahmudov Şaib Süleyman oğlu, hazırda heç bir yerdə çalışmayan Qurbanov Rauf Müslüm oğlu, namizədliyini Müsavat Partiyasından irəli sürən pensiyaçı Zeynalov Oktay Qəmbər oğludur.
39 saylı Gəncə ikinci seçki dairəsində namizədliyini YAP-dan irəli sürən VI çağırış Milli Məclisin deputatı Kərimzadə Pərvin Mirməmməd qızıdır.
Bu seçki dairəsində də heç yerdə işləməyən namizədlər var. Belə ki, namizədliyini AMİP tərəfindən irəli sürən Aslanov Eldar Zabit oğlu, namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir yerdə çalışmayan Məmmədova Aytən Rafiq qızıdır. Sözügedən seçki dairəsində deputatlığa namizədlər arasında xadimə işində çalışan şəxs də var. O, namizədliyini Ümid Partiyasından irəli sürmüş 29 saylı tam orta məktəbdə xadimə vəzifəsində çalışan Orucova Səfa İslam qızıdır.
40 saylı Gəncə üçüncü seçki dairəsində isə deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Quliyev Musa İsa oğludur. Bu seçki dairəsində də heç yerdə çalışmayan namizədlər üstünlük təşkil edir. Belə ki, onlar namizədliklərini öz təşəbbüsü ilə sürən Dünyamalıyev Əkbər Sabir oğlu, Hənifəyeva Səbinə Elman qızıdır.
41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Cəfərov Müşfiq Cəfər oğludur. Sözügedən seçki dairəsində də tanınmayan namizədlər üstünlük təşkil edir. Belə ki, namizədliklərini özləri tərəfindən irəli sürülmüş və hazırda heç bir yerdə çalışmayan Ağayeva Güldanə Yunis qızı, Qasımov Kamil Nadir oğludur.
42 saylı Sumqayıt birinci seçki dairəsində namizədliyini YAP-dan isrəli sürmüş VI çağırış Milli Məclisin deputatı Hüseynova Hicran Kamran qızıdır. Bu seçki dairəsində də adı tanınmayan şəxslərin siyahıda adı yer alıb. Belə ki, onlar namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir müəssisədə çalışmayan Salah Kəramət Salam oğlu, Bədəlov Kamil Şirxan oğludur.
Mövzunu davam etdirəcəyik.
www.yenicag.az