Rəsmi dövlət qəzeti Elm və Təhsil nazirliyini sərt tənqid etdi – FOTO
23-08-2024, 00:08
Rəsmi dövlət qəzeti-Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetində Elm və Təhsil nazirliyi sərt tənqid edilib.
Tribunainfo.az xəbər verir ki, qəzet Salyan rayonundan şikayətçi vətəndaşın müraciətini “Bu nə təhsil qaydasıdır, baş açmaq olmur” sərlövhəsi ilə dərc edib.
“Azərbaycan” qəzetinin məqaləsini olduğu kimi təqdim edirik:
Mən Salyan rayonunun Şorsulu kəndində yaşayıram. Kəndimizdə bir ümumi orta, bir tam orta məktəb fəaliyyət göstərir. Oğlum 9-cu sinfə kimi yaşadığımız yerə yaxın olan ümumi orta məktəbdə oxuyub.
Dərslərindən də həmişə yaxşı qiymətlər alıb. Onu da qeyd edim ki, iki il əvvəl bu məktəb üçün müasir standartlar səviyyəsində yeni bina tikilib istifadəyə verilib.
Oğlumun 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirməsi üçün kəndimizdəki tam orta məktəbin direktoruna müraciət etdik. Lakin bizə bildirdilər ki, sizin övladınız ümumi orta məktəbdə təhsil alarkən xarici dil kimi ingilis dilini öyrənib. Ona görə də onun burada təhsil alması mümkün deyil, guya bu o zaman mümkün olardı ki, oğlum rus dilini öyrənmiş olsun.
Kəndimizdəki tam orta məktəbdə həm ingilis, həm də rus dili xarici dil kimi tədris edilən siniflər olsa da, bu məktəbə ingilis dilindən təhsil alan şagirdləri qəbul etmirlər. Sözləri budur ki, var, amma öz şagirdlərimiz üçündür. Guya bu, qanunun tələbidir. Beləliklə, oğlum nisbətən yaxında yerləşən Dayıkənd, Sarvan məktəblərindən hansınasa da qəbul edilmədi, daha uzaqdakı Qızılağac məktəbinə getməyə məcbur oldu.
Bu səbəbdən övladım dərslərindən də soyudu. Təqribən 20 kilometr aralıdakı məktəbə gedib-gəlmək asan deyil. Halbuki kəndimizdəki məktəb 2 kilometrlik məsafədədir. Başa düşə bilmirik ki, şagirdi 10 dəfə uzaqda yerləşən məktəbə yönləndirmək nə deməkdir. Bu nə təhsilə uyğundur, nə də insafa. 15-16 yaşlı şagirdə belə zülm edərlərmi? Qoy bu sualın cavabını Elm və Təhsil Nazirliyi versin. Pis-yaxşı 10-cu sinfi bitirib, qalıb daha bir ili.