"Ermənistana yerləşdirilən silahlar sadəcə öz revanşist niyyəti üçün deyil, İrana da hədəflənə bilər"
23-08-2024, 00:12
"İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır". Bu barədə İran Xarici işlər Nazirliyinin sözçüsü Naser Kənani bugünkü mətbuat konfransında deyib. Sözçü qeyd edib ki, iki ölkə arasında dostluq və hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ümumi bir arzu var. Belə ki, hər iki tərəf regionda sabitliyin və təhlükəsizliyin, eləcə də sərhədlərdə təhlükəsizliyin qorunmasını vurğulayır. Amma müşahidələr deməyə əsas verir ki, İranla Ermənistan arasında siyasi çat dərinləşir…
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranla Ermənistan arasında münasibətlər kifayət qədər "konstruktiv və yaxındır, yaxşıdır" deyə iddialar səsləndirməyin normal olduğunu və yaxud da münasibətlərin həqiqətən inkişaf etdiyini düşünmür.
“Bunlar sadəcə şablon ifadələrdir. Xarici işlər nazirləri və nazirliklərin sözçüləri həmişə bu mövqeni bildirirlər. Hətta münaqişə vəziyyətində olan dövlətlər belə bir çox hallarda diplomatik gediş kimi münasibətlərin yaxın və konstruktiv olması haqda şərh verə bilər.
Xəyal Bəşirovun fikrincə, hansısa məsələdə konstruktiv ola bilərlər və yaxud da hansısa məsələlərdə olmaya bilərlər.
“Yaxın olmaq qonşuluq kimi ola bilər və yaxud münasibətlərin yaxın olmasını müxtəlif formada da izah etmək olar. Bugünkü reallıqlar onu əks etdirmir. Mövcud reallıqlardan çıxış etsək, İranla Ermənistan arasında münasibətlərin heç də yaxşı olmadığını dilə gətirmək daha məqsədəuyğun ola bilər.
Düzdür, İkinci Qarabağ müharibəsindən sonra İranla Ermənistanın münasibətlərində fərqli bir görüntünün şahidi olduq. Amma İkinci Qarabağ müharibəsindən sonra reallaşan yeni proseslər, ondan sonra baş verən hadisələrə əsasən deyə bilmərik ki, eyni vəziyyət davam etməkdədir. İkinci Qarabağ müharibəsindən təxminən 2 il sonra, yəni 2022-ci ilin oktyabrından başlayaraq, Ermənistan öz ərazilərində demək olar ki, dünyanın İranla düşmən olan bütün dövlətlərinin silahlarını yerləşdirib. Ora keçmiş jandarma qüvvələri, polis işçiləri və kəşfiyyatçılar da daxildir. Daha doğrusu, İkinci Qarabağ müharibəsi reallaşandan sonra İranın "böyük şeytan" adlandırdığı və düşmən olaraq təbliğat apardığı Amerika Birləşmiş Ştatlarının ordusu Ermənistanda təlim keçir. Ötən il də keçirilib, bu il də keçirilir. Artıq ənənə halını alıb. Kanadanın silahlıları Ermənistana yerləşib. Baxmayaraq ki, adını Avropa İttifaqının missiyası qoyublar. Kanadanın Avropa İttifaqına heç bir adiyatı yoxdur. Amerika Birləşmiş Ştatlarının da Avropa İttifaqına heç bir adiyatı yoxdur”-deyən politoloq hesab edir ki, burada məqsəd gələcəkdə İranın hansısa bir addımlar atacağı təqdirdə, məsələn nüvə silahının əldə edilməsi istiqamətində addımlar, İsraillə müharibə istiqamətində və yaxud Qərbin, Amerika Birləşmiş Ştatlarının maraqlarına zidd hər hansı bir addım atacağı təqdirdə həmin o qüvvələrdən İrana qarşı istifadə ediləcəyi açıq şəkildə gündəmdədir.
Xəyal Bəşirov bildirib ki, Ermənistana yardımlar edilir, Ermənistana hava hücumundan müdafiə sistemləri, raketlər verilir. Politoloq deyir ki, bütün bu silahların gələcəkdə Ermənistanın revanşist hisslərinin reallaşdırması üçün verildiyini düşünmür. Xəyal Bəşirov hesab edir ki, gələcəkdə silahlardan İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı heç kim zəmanət verə bilməz.
“Əslində o prizmadan yanaşanda bu reallıqları qəbul edib, bu prosesə münasibət bildirəndə İranla Ermənistan arasında münasibətlərin normal olmaması müşahidə edilir. İranda hakimiyyət dəyişikliyi də baş verdi. Nəzərə ala bilərik ki, bunu İranın daxilində olan bəzi qüvvələr əvvəlki hakimiyyətin üzərinə ata bilərlər. Biz bilirik ki, əslində İranda hakimiyyətin həyata keçirilməsi, qərarların verilməsi, idarəsi İranın ali dini liderinə məxsusdur. Hər bir halda rəsmiyyətdə münasibətləri quran, əlaqələri saxlayan İran prezidenti, İranın nazirlər kabineti və İranın xarici işlər naziridir. Bunlar da tam şəkildə dəyişib. İranla Ermənistan arasında olan münasibətlərin qurulmasını həmin hakimiyyətin adına yazmaq niyyətləri ortaya qoyula bilər və yaxud Azərbaycanla münasibətlərin pisləşməsini onların adına yaza bilərlər”-deyə Xəyal Bəşirov qeyd edib.