Moskvadan qondarma rejimə zərbə – 3 tələb irəli sürüldü

31-08-2024, 00:11           
Moskvadan qondarma rejimə zərbə – 3 tələb irəli sürüldü
Rusiyanın Qafqazda Ermənistandan sonra daha bir ənənəvi müttəfiqi qondarma Abxaziya ilə münasibətləri gərginləşib.

Globalinfo.az xəbər verir ki, bu həftə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Suxumiyə səfər edərək qondarma rejimin lideri Aslan Bjaniya ilə görüşüb.

Abxaz “Telegram” kanallarının məlumatına görə, görüşdə əsas müzakirə mövzusu Moskvanın qondarma rejimdən istədiyi qanunların qəbuluna maneə yaradan abxaz deputatların Rusiya vətəndaşlığının məhrum edilməsi olub. Bu deputatların Abxaziyanın şərqində mənzil tikintisi ilə məşğul olacaq rusiyalı investorlar qarşısındakı məhdudiyyətin götürülməsinə qarşı çıxdıqları bildirilib.

Moskvanın həmçinin qondarma respublikaya sentyabrın 1-dən maliyyə yardımını dayandıracağı vurğulanıb. Bunun bərpası üçün isə Abxaziyadan 3 məsələnin – iqtisadi mövzuda məhkəmə və arbitraj qərarların tanınması müqaviləsinin, ruslara investisiya layihələrini reallaşdırmağa imkan verəcək müqavilənin ratifikasiyası, rusiyalı investorların Abxaziyada daşınmaz əmlak sahəsində məhdudiyyətlərdən azad olmasının həlli tələb edilib.

Rusiyanın abxaz deputatlarla əlaqələri azaldacağı da vurğulanıb. Qondarma rejimin lideri Aslan Bjaniyaya təzyiqin artırılması üçün növbəti mərhələdə buraya elektrik enerjisinin ixracının dayandırılacağı deyilib.

Bununla belə Kremlin indiki dönəmdə Abxaziya ilə bağlı mövqeyində Tbilisi izi görənlər də var. Onlar hesab edirlər ki, Rusiya indiki dövrdə Abxaziya ilə münasibətlərdə səssiz qarşıdurmanı həm də Gürcüstan üçün aparır. Belə ki, Moskva Abxaziya rejimi ilə soyuq münasibətlər yaradaraq, bundan Tbilisidə hakim partiyanın nüfuzunu qaldırmaq üçün istifadə etmək istəyir. Gürcüstan mətbuatı isə yazır ki, növbəti mərhələdə qondarma rejimlə münasibətlərinin gərgin olmasına baxmayaraq Moskva Suxumidən Tbilisiyə müəyyən jestlər etməsi tələbini irəli sürə bilər. Bu, Abxaziyadakı qondarma rejimə problemlər yaradacaq.

Qeyd edək ki, Gürcüstanın Rusiya ilə yaxınlığı Qərbin narazılığına səbəb olur. Lakin bir çox ekspertlərin fikrincə, Gürcü Arzusu Partiyası bu yaxınlığı ərazi bütövlüyü üçün istifadə etməyə çalışır. Hətta oktyabrdakı parlament seçkisindən sonra Gürcüstanda gündəmə Abxaziya ilə konfederasiyanın yaradılmasının gələ biləcəyi iddia olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.