Daha bir dolayı yoxsulluq göstəricisi – çörək norması.
31-08-2024, 08:08
Rəsmi məlumata görə 2023-cü ildə Azərbaycanda adambaşına 116,3 kq çörək yemişik. Bu rəqəm əhalinin 10 mln. olduğu var sayıma ilə hesablanıb, halbuki, ölkədə ən yaxşı haqlda 8,5 mln. insan yaşayır. Bundan başqa, 116,3 kq rəqəminə yol kənarında kiçik təndirlərdə istehsal edilən və satılan, balaca çörək sexləri, ev şəraitində əhalinin özü üçün bişirdiyi çörək həcmi daxil deyil.
Yuvarlaq hesablasaq, bu rəqəm 130 kq-ya qədər arta bilər, real yaşayan əhali sayına bölsək, adambaşına günə, təqribən, 350 qram çörək düşür ki, bu yoxsulluq göstəricisi sayılır. Çünki, çörək ucuz və kalorilidir, insanlarımız çatışmayan kalorilərini ucuz çörək hesabına konpensasiya edirlər. Hə, o da var ki, bizim mətbəx mədəniyyətində çörək ənənəvi olaraq çox istehlak olunur, bəli, bu da var, amma inkişaf etmiş ölkələrə baxanda bizdə normadan 3-4 dəfə çox çörək istehlakı var.
Məsələn, Almaniyada adamdaşına ildə 83 kq çörək istehlak olunur, amma ət istehlakı (quş əti də daxil) 85 kq-dır. Bizdə isə ət istehlakı il ərzində adambaşına cəmi 41 kq düşür. Yəni, ətdən, balıqdan, toyuqdan, başqa bahalı və kalorili yeməklərdən az istefadə etdiyimizə görə, bədənin kalori ehtiyacını günə 350 qram çörəklə ödəməyə məcburuq.
Dəyərli dostlar, yoxsulluq, kasıblıq, aşağı maaş və təqaüd, ədalətsiz məhkəmə, yüksək vergi – bütün bu problemlərin həlli yolu həm də Parlamentdən, sizin təmsilçilərinizin Milli Məclisdə çoxalmasından keçir. Sentyabrın 1-də cəmi 15 dəqiqə vaxtınızı ayırın, bülleteninizə sahib çıxın, riyazi, elmi yanaşmalar, hesablamalar var – istənilən dairədə, təqribən, 45 min seçici olur, seçkilərə 70-75% vətəndaş gəlsə, gələnlərin də yarısı bir namizədə səs versə, heç bir inzibati resurs, heç bir hökumət, JEK və s. seçkiləri saxtalaşdıra bilməz! Sadəcə mümkün deyil!
İnanmırsınızsa da, ümidiniz yoxdursa da, cəmi 15-20 dəqiqənizi ayırın, səs verin, axı itirəcəyiniz bir şey yoxdur, amma qazanacağınız çox şey ola bilər!
Natig Jafarli
TEREF