Min illərin fırıldağı: “dövlətə qarşı terrordur”...

31-08-2024, 09:25           
Min illərin fırıldağı: “dövlətə qarşı terrordur”...
Saxta pul cinayəti ilə üzləşənlər nə etməlidir, bu əməlin cəzası nədir?

“Təzəlikcə marketdən alış-veriş edəndə pulu kassir xanıma uzatdım, bir neçə saniyə sonra xanım şübhəli halda başladı pulun hər tərəfini işığa tutub baxmağa. Özüm də qəribə oldum ki, niyə bu qədər diqqətli baxır? Sonra düşündüm, yəqin, rəhbərliyinin təlimatıdır. Xanım məni gözlədib, məsul şəxslərdən birini çağırdı. O da başladı eyni ilə xanım kimi pulu incələməyə. Az qala, lupa ilə baxacaqdılar. Bir də gördüm, deyirlər ki, bu pul saxtadır. Dəli oldum, elə bil başımdan qaynar su tökdülər. Dedim, “Nə danışırsınız? Ola bilməz, öz halal pulumdur”. İnkar etdiyimi görüb, həqiqi 20 manatla qarşılaşdırıb, əslindən demək olar ki, seçilməyən cüzi fərqləri göstərdilər. Elə bil beynim dumanlanmışdı, özümü saxtakar kimi hiss etdim. Yadıma düşdü ki, taksiyə minən müştəri mənə 20 manat verib, 15 manat qalığını götürüb, düşdü. Hadisəni olduğu kimi danışıb, marketdəki şəxsləri inandırıb, gedə bildim. Az qala polis çağıracaqdılar. Amma ara yerdə 20 manat ziyana düşdüm. Qəpik-qəpik, əziyyətlə qazanıram ki, evimə bir tikə çörək aparım, heç onu da apara bilmədim, elə kassada qoyub, kor-peşman oranı tərk elədim. Heç bilmirəm, həmin saxtakarı necə, haradan tapacam. Siması da yadımda qalmayıb. Onsuz da gedən getdi. Amma bu problemin həlli tapılmalıdır. İnsanları maarifləndirmək lazımdır ki, mənim kimi aldanmasınlar”...

Bu sözləri saxta pul fırıldağının qurbanı olan Bakı sakini Şamil Quliyev Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib. Müsahibimiz əlavə edib ki, taksi şirkətləri ilə işləmədiyi üçün cinayətkarı tapmaq müşkül işdir. Çünki taksi proqramlarından sifariş alanda müştərinin kimliyini müəyyənləşdirmək olur, indi isə onun belə bir imkanı yoxdur.

Bu, Azərbaycanda saxta pul cinayəti ilə bağlı ilk fakt deyil. İndiyədək bu əməllə bağlı yüzlərlə cinayət faktları aşkarlanıb, hətta külli miqdarda və uzun müddət saxta pul istehsal etmiş dəstələr, şəxslər ələ keçib, cəzasını alıb. Bir də, tək Azərbaycanda deyil, dünyanın hər yerində bu işlə məşğul olanlar kifayət qədərdir. İndinin özündə də saxta pul istehsalı ilə məşğul olanlar barədə davamlı olaraq məlumatlar alırıq.

Maraqlıdır, birbaşa dövlətə, onun iqtisadi əsaslarına qarşı törədilmiş bu ağır cinayət ilk dəfə harada işlənib, onun yaşı nə qədərdir?

Araşdırmalara görə, saxta pul cinayətinin yaşı elə pulun özünün yaşı qədərdir. Kağız pulların dövriyyəyə buraxılmasından əvvəl saxtalaşdırmanın ən geniş yayılmış üsulu qızıl və ya gümüş sikkələrə adi metalları qatmaq idi. Dünyanın ən qədim saxta pulları eradan əvvəl VI əsrdə Yunanıstanın Egina adasında gümüş sikkələrin oxşarlarının hazırlanması ilə yaranıb. Saxta sikkə gümüş örtüklü misdən hazırlanmışdı. Həmçinin çəkinin azaldılması üçün kənarlarından parçalar qopardılmış sikkələr də məşhur idi. Kağız pulları isə saxtalıqdan qorumaq üçün onları xüsusi formada çap edirdilər və üzərindəki yazılar xüsusi şriftlə yazılırdı. Məsələn, Cənubi Karolinada ingilis sözlərini qədim yəhudi və qədim yunan hərfləri ilə yazırdılar. İndi isə bu üsul başqa formada icra edilir.

Saxtakarlıq XIX əsrin əvvəllərində o qədər geniş yayılmışdı. Hətta o vaxt ABŞ-da pul kütləsinin az qala yarısının saxta olduğu iddia edilirdi. Əslində o zamanlar ölkələr saxtakarlıqdan müharibə vasitəsi kimi istifadə ediblər. Məqsəd düşmənin iqtisadiyyatını sarsıtmaq üçün ölkəni saxta əsginaslarla doldurmaq idi ki, pulun real dəyəri aşağı düşsün. Böyük Britaniya bunu Amerikadakı İstiqlal Müharibəsi zamanı dolların dəyərini azaltmaq üçün etmişdi.
Saxta pul biznesi dövlətə qarşı xəyanət hesab edildiyi üçün cəzası çox ağır olurdu. Orta əsrlər Avropasında saxta pul hazırlayan şəxsləri ya qaynar suda qaynadır, ya boğazına qaynar maddə tökür, ya da edam edirdilər. Təbii ki, indi bu cəzalar daha humanist cəzalarla əvəzlənib.
Yeri gəlmişkən, ilk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlib. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan "pekuniya"-pul, "pekus"-mal-qara sözündən yaranıb. Bu zaman pul kimi əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş, xüsusən də qızıldan istifadə edilməyə başlandı. Kağız pullar isə ilk dəfə Çində XII əsrdə hazırlanıb.

Ölkəmizdə Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əsginaslarla başlayıb.

Maraqlıdır ki, əsrlərdir davam edən saxta pul biznesi heç cür süquta uğramır, əksinə, “mutasiyaya uğrayaraq”, hər dəfə daha yüksək keyfiyyətlə işinə davam edir. İndi isə lap fantastik vəziyyət alıb. Texnologiyanın inkişafı bu sahədə də özünü göstərib. Əsginasları o qədər inandırıcı düzəldirlər ki, insanlar aldanarkən heç ruhları da duymur.

Bəs saxta pul biznesinə qarşı mübarizənin yolu nədir?

Bununla bağlı Pressklub.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, saxta pulların iqtisadiyyata vurduğu zərəri həcm olaraq ölçmək çətindir. Çünki bununla bağlı rəsmi məlumatlar yoxdur: “Bu məsələyə görə iqtisadiyyatla yanaşı, vətəndaşlara da ciddi ziyan dəyir. Çünki vətəndaş əlində olan pul vəsaitinin saxta olduğunu bilmir. Bu məsələdə az maaşlı insanlara daha çox ziyan dəyir. Məsələn, 50-100 manatlıq əsginasın saxta olması onların ailə büdcəsinə ciddi ziyan vurur”.

Ekspert hesab edir ki, dünyada saxta pullarla bağlı problemin qlobal həll yolu nağdsız ödənişlərin artırılmasıdır. Azərbaycanda bu istiqamətdə 2020-ci ildən bəri müəyyən işlər görüldü. Nəticədə indi ticarət dövriyyəsinin təxminən 30-35%-ni nağdsız ödənişlər təşkil edir. Əvvəllər bu faiz 8-10% həcmində idi. Yəni, 3 dəfədən çox artım var: “Amma bu, yetərli deyil. Bəzi hallarda inkişaf etmiş ölkələrdə nağdsız ödənişlər ticarət dövriyyəsində 80% və daha yuxarı göstərir. Azərbaycanda hələlik bu rəqəm çox aşağıdır. Ona görə də əsas mübarizə üsulu nağdsız ödənişlərin arealını genişləndirməkdir”.

Müsahibimiz təəssüflə bildirdi ki, Azərbaycanda yeni marketlərdə, şəhərin mərkəzində və mərkəzinə yaxın ərazilərdə olan obyektlərdə post terminallar olsa da regionlarda bununla bağlı vəziyyət çox çətindir: “Post-terminallar azdır. Bakının özündə belə şəhərdən kənardakı obyektlərdə post-terminal tapmaq çətin məsələdir. Tapılsa belə, çoxu işləmir. Bununla yanaşı, insanlar haradasa nağd pul alarkən həmin pula qarşı şübhə yaranarsa, ya həmin obyektə, ya da müvafiq orqanlara, bank xidmətinə, mərkəzi banka məlumat versinlər. Çünki Mərkəzi Bankın bununla bağlı xüsusi izləmə sistemi var. Ona görə də vətəndaşlar da bu məsələyə diqqətlə yanaşmalıdır. Məsələnin fundamental həlli nağdsız ödənişlərin artırılmasıdır”.

Saxta pulların hazırlanması prosesi necə baş verir? Hansı texnologiyadan istifadə edilir? Xüsusi mühafizə işarələrinin olub-olmadığını, pulun saxta olduğunu necə bilmək olar? Həmçinin son 1 ildə saxta pulların dövriyyəyə buraxılmasında artım, yoxsa azalma müşahidə olunub? Və saxta pullarla mübarizədə Mərkəzi Bank hansı tədbirləri həyata keçirir?

Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) Pressklub.az-ın sorğusuna cavab olaraq bildirilib ki, milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə AMB-nın daim diqqət mərkəzindədir: “Azərbaycan manatının mühafizə elementləri yüksək təhlükəsizlik tələblərinə cavab verdiyindən, eyni zamanda hüquq mühafizə orqanları və kommersiya bankları ilə koordinasiya olunmuş birgə fəaliyyət nəticəsində manatın saxtalaşdırılması səviyyəsi dünyanın aparıcı valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır”.

Məlumatda bildirilib ki, saxta pul nişanları istehsal və hazırlanma üsullarından asılı olaraq primitiv, professional, bir hissəsi həqiqi, digər hissəsi saxta olmaqla səciyyələndirilir və pullar sadə rəngli printerlər, lazer və ofset avadanlıqları və bir neçə yüksək texnoloji sistemlərdən istifadə etməklə hazırlanır.

AMB-dən bildirilir ki, saxta pulların həqiqi pul nişanlarından fərqləndirilməsi məqsədilə milli valyutada olan pul nişanlarının mühafizə elementləri ilə bağlı məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankının (), o cümlədən xarici valyutada olan pul nişanlarının mühafizə elementləri üzrə məlumatları isə hər bir ölkənin müvafiq mərkəzi banklarının rəsmi internet səhifələrindən əldə etmək olar.

Mərkəzi Bankın məlumatında statistika məsələsinə də toxunulub: “Cari ilin ötən dövrü ərzində və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aşkarlanmış mili valyutada olan saxta pulların sayında 18.3% azalma müşahidə olunub”.

Açıqlamada bildirilib ki, saxta pulların dövriyyədə yayılmasının qarşısını almaq məqsədilə AMB tərəfindən davamlı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində bankların müvafiq strukturları ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır, Mərkəzi Bankın rəsmi sosial media hesablarına pul nişanlarının mühafizə sistemi mövzusunda davamlı məlumatlar yerləşdirilir və bu istiqamətdə digər tədbirlər həyata keçirilir.

Məlumata görə, saxtalaşdırılmış pul nişanlarının dərhal aşkar edilməsi və tanınması ilə bağlı müasir texnoloji imkanlara malik avadanlıqların tətbiqi ilə əlaqədar banklar qarşısında minimum tələblər qoyulub: “Mərkəzi Bank tərəfindən mütəmadi olaraq son saxtalaşdırılma üsullarının tanıdılması məqsədilə bankların nağd pul əməliyyatları aparan əməkdaşları üçün xüsusi treninqlər təşkil edilir, təhsil ocaqları, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları və digər hədəf qrupları üçün maarifləndirici xarakterli təqdimatlar keçirilir. Bu tədbirlər Mərkəzi Bank tərəfindən davamlı nəzarətdə saxlanılır, eləcə də ekspertiza olunmuş və saxta olması ilə bağlı ekspert rəyi verilən pullar Mərkəzi Bankın nın tələblərinə əsasən araşdırmaların aparılması üçün hüquq mühafizə orqanlarına təqdim edilir”.

Saxta pul biznesi ilə məşğul olanlara qanuna görə hansı cəzalar tətbiq edilir?

Bununla bağlı Pressklub.az-a danışan hüquqşünas Mehman Muradlı deyib ki, bu dələduzluq forması Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə tənzimlənir. Orada azadlıqdan məhrum etmə cəzası minimum 5 ildən başlayır: “Bu məsələ faktiki olaraq ağır cinayət kateqoriyasına aiddir. Bununla bağlı alternativ cəza nəzərdə tutulmayıb. Hətta ən aşağı nominalda belə dələduz məsuliyyətə cəlb olunur. Saxta pulların hazırlanmasının miqdarından asılı olaraq, 5 ildən 12 ilə kimi azadlıqdan məhrumetmənin müddəti dəyişir”.

Hüquqşünasın sözlərinə görə, məsuliyyətə cəlb olunması üçün saxta pul həqiqətən də realdan seçilməz formada olmalıdır. Açıq-aşkar saxta olduğu bəlli olan pullar cinayət tərkibi yarada bilməz. Amma bu pulla başqasını aldatmağa çalışan şəxslərin əməli dələduzluğa hazırlıq kimi qiymətləndirilə bilər.

Müsahibimiz hesab edir ki, saxta pulun yaranma məqsədi ölkənin iqtisadi mənafeyini sarsıtmaq üçündür: “Saxta pullara problemli, müharibə şəraitində olan ölkələrdə daha çox rast gəlinir. Digər ölkələrdə saxta pulların dövriyyəyə buraxılması məhduddur. Həm də ki, bu saxta pulların dövriyyəyə buraxılması məsələsi dövlətin iqtisadi gücünün zəiflətməyə hesablanmış məsələdir. Bu, faktiki olaraq terrorizmin başqa bir formasıdır. Mən bunu həmişə terror kimi qiymətləndirmişəm”.

Günay Elşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.