Seçkilərə çağırışın kodları
31-08-2024, 20:19
Sabah Parlament seçkiləridir, bu gün təbliğat-təşviqat qadağandır, amma seçkiyə, seçici aktivliyinə çağırış seçki bitən saata qədər qanunla-məntiqlə davam edə bilər.
Seçkidə iştirakçılığa ən böyük maneə inamsızlıqdır – “seçki var ki”, deyimi çox yayılıb, buna görə də seçkiyə getməyənlər özlərinə belə haqq qazandırırlar. Çox mənasız və zərərli yanaşmadır, indi arqumentlərlə izah etməyə çalışacam.
Ölkədə vəziyyəti hamımız bilirik, amma, “seçki yoxdur”, məntiqi ilə yanaşsaq o zaman digər sahələrdə də bənzər yanaşma nə qədər absurd olduğunu görə bilərik:
- Medianın vəziyyətini hamımız bilirik, o sağlam olmayan məntqi bu sahəyə tədbiq etsək, o zaman jurnalistlər də desin ki, niyə müsahibə alaq, nədən məqalə yazaq, nə səbəbə xəbər paylaşaq ki, zatən media azadlığı yoxdur – demirlər, çalışırlar, əllərindən gələni edirlər. Jurnalist qələmini işlədirsə, nəsə etməyə çalışırsa, deməli o boykota çağıran, boykotu təbliğ edən marginal qrupdan daha önəmli işlə məşğuldurlar,
- Məhkəmələrin vəziyyətini bilirik, o zaman fədakar vəkillər heç kimi müdafiə etməsinlər ki, məhkəmə yoxdur – absurd olar, deyilmi?! Deməli, heç nəyə baxmadan vəkil kimi fəaliyyət göstərənlər həmin boykot ziyanvericilərindən daha önəmli, daha vacib insanlardırlar, öz işləri ilə məşğuldurlar,
- İqtisadiyyatın vəziyyətini, korrupsiyanı, inhisarçılığı görürük – elə həmin məntiqlə, gərək kiçik sahibkar dükanını-ofisini bağlasın, desin ki, “əşi iqtisadiyyat var?!”, amma demir, tər tökür, hökumətin bütün maneələrinə rəğmən çalışır – deməli, onlar cəmiyyət üçün boykotçu dəstədən daha vacib adamlardır,
- Yazıçılar oxucuların az olmasından şikayətçidirlər, düşüncə azadlığının sərhədlərinin dar olmasından narazıdırlar – o məntiqlə, gərək heç kim kitab yazmasın, amma yazırlar, çalışırlar. Məsələn, yazıçılar var ki, dişi-dırnağı ilə öz kitablarını satırlar, hələ vaxt tapıb nəsə yazırlar, dayanmırlar, çalışırlar – deməli, yazıçılar da o boykot düşüncəlilərdən ölkə üçün daha lazımlıdırlar.
Misalları uzatmaq, hər sahəyə aid etmək də olar – məsələnin məğzi odur ki, bütün çətinliklərə, məhdudiyyətlərə rəğmən hər kəs öz sahəsində nəsə etsin, çalışsın ki, məmləkətimizi dəyişə bilək. Bu anlamda ən asan iş elə seçicinin işidir – sabah cəmi 15-20 dəqiqənizi ayırın, bülleteninizə sahib çıxın, bu çox vacibdir, önəmlidir, “seçki yoxdur”, deyənləri boş verin, bəlli həqiqətdir, amma təkrarladıqca gələcəyimizi, ümidlərimiz “öldürür”. Hamı seçkilərə, xalq, cəmiyyət, vətəndaş olaraq 15-20 dəqiqə itirib çox şey qazana bilərik – bunu unutmayın!
Natig Cəfərli
TEREF