"Məzahir müəllimə mədəni şəkildə verdiyim suallara cavab ala bilmədim, MSK etirazımı rədd etdi." - Natiq Cəfərli
13-09-2024, 10:58
MSK-dan gəlirəm, gözlədiyim kimi, DSK-nın qərarını qüvvədə saxladılar, amma Məzahir müəllimə mədəni şəkildə bir neçə sual verdim, heç birinə cavab almadım. İclasda səsləndirdiyim sulları burada da yazım, tarix üçün qalsın:
1) 33 saylı Xətai Seşki dairəsində 40 saylı məntəqə var, cəzaçəkmə müəssisəsində yerləşir, təbii olaraq orada nə mən, nə qalib düzəltdikləri, nə də digər namizədlər təbliğat aparmayıb, görüş keçirməyib, amma qalib elan etdikləri namizəd 1001, yəni 99% səs alıb. Məzahir müəllimə sual verdim ki, zindana haqlı-haqsız, günahlı-günahsız düşən hər kəs, ən azından hökumətdən, məhkəmədən, verilən qərardan narazı olur – bəs nə hikmətdir ki, cazakəçmə müəssisələrində həmişə hökumətin adamı 99% səslə qalib olur?!
2) Sual verdim ki, Məzahir müəllim, eyni məktəbdə 13 və 14 saylı məntəqlər var, 13 saylı məntəqədə mənim müşahidəçim olub, 14 saylı məntəqədə isə xəstələnərək yarımçıq gedib və nə hikmətdirsə, 13 saylı məntəqədə Zahid Oruc cəmi 7 səs alıb, amma eyni məktəbin eyni koridorunda yerləşən 14-cü məntəqədə Zahid Oruca 920 (!!!) səs yazıblar – dedim ki, bunu heç İqor Kio baba edə bilməzdi, amma sizinkilər edib,
3) Məzahir müəllimdən mədəni şəkildə soruşdum ki, 33 saylı dairə üzrə seçici aktivliyi cəmi 20%-ə yaxın olduğu halda, necə oldu ki, müşahidəçimin yarı-yolda çıxarıldığı 36 saylı məntəqədə seçici aktivliyi, güya, 80% olub?! Qonşu məntəqələrdə 15-20%, 36-cı məntəqədə 80%?!
Nə isə, Məzahir müəllimə mədəni şəkildə verdiyim suallara cavab ala bilmədim, MSK etirazımı rədd etdi. Ofisə indi gəldim, maşınımı seçki dönəmi başlayandan yuduzdurmamışam, yük hissəsi, içi, seçki zamanı istifadə etdiyimiz kağız-kuğuzla, yapışqanla, əzilmiş flayerlərlə, posterlərlə doludur. İndi maşını yumağa aparacağam ki, seçkinun qoxusunu belə içindən təmizləsinlər, özüm də gərək İçəri Şəhərdəki hamama gedim, kisələnim ki, bu çirkab hissindən bəlkə qurtuldum...
Natig Jafarli
TEREF