Şəhidlərlə bağlı məlumatları silən şəxs: "O məqalələr yaradılmamalı idi"

13-09-2024, 08:37           
Şəhidlərlə bağlı məlumatları silən şəxs:
"Şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və Vikipediyada verilib".
TEREF xəbər verir ki, bunu Vikipediya-Azərbaycanın inzibatçısı Ayxan Ziyadzadə “Qafqazinfo”ya deyib.
O, qeyd edib ki, şəhid məqalələri 2020-ci ildən başlayaraq Azərbaycanca Vikipediyada könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı:
"Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. Vikipediya buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı”.
A.Ziyadzadə əlavə edib ki, Vikipediya Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir:
“Biz əlimizdən gəldikcə o məqalələri saxlamağa çalışdıq, lakin artıq məsələ ABŞ-də yerləşən Vikimedia Fondunun diqqətinə belə çatmışdı. Vikipediyanın qaydalarına əsasən, həmin məqalələr ümumiyyətlə yaradılmamalı idi. Bu səbəblə son çarə kimi, artıq yaradılan məqalələrin öz məqsədinə çatdığı qənaətində olaraq konsensus ilə silinməsinə qərar verilmişdi. Buna baxmayaraq, həmin konsensus aylardır icra olunmurdu. Mən sadəcə silmə səlahiyyətlərinə malik bir inzibatçı kimi həmin konsensusu icra etmişəm.
Şəhidlərin ruhu, mirası biz də daxil olmaqla bütün Azərbaycan vətəndaşları üçün ucadır. Biz onların mirasının davam etməsi üçün əlimizdən gələni etmişik və baş vermiş hadisənin bu cür şərh edilməsi məni şəxsən məyus edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.