Atılmış, aclıq və zorakılıq görmüş, çarəsiz əlil olan dünya rekordçusu

16-09-2024, 11:34           
Atılmış, aclıq və zorakılıq görmüş, çarəsiz əlil olan dünya rekordçusu
Oksana Masters əsl Paralimpiya ulduzudur: o, akademik avarçəkmədə, biatlonda, xizək və velosiped yürüşlərində çoxlu mükafatlar alıb. Yeddi yaşına qədər Bondarçuk soyadını daşıyan Oksana Ukrayna uşaq evlərində yaşayırdı: doğulandan dərhal sonra buraya düşmüşdü. Valideynləri ondan imtina etmişdilər, çünki çoxsaylı inkişaf pozuntuları ilə anadan olmuşdu: hesab olunur ki, pozuntular Çernobıl AES qəzasından sonrakı radiasiyanın təsirindəndir. Oksananın 8 yaşı olanda onu amerikalı Gey Masters övladlığa götürüb və dünya miqyaslı idmançıya çevrilməsinə kömək edib.

Yuxarıdakı otaq

Ukraynanın Xmelnitski şəhərində uşaq evi direktorunun yanına gətiriləndə Oksananın 5 yaşı vardı. Direktor qıza eynəkli, mehribanlıqla gülümsəyən naməlum qadının şəklini göstərərək “sənin gələcək anandır” dedi.

Ondan sonra Oksana hər gün o şəklə baxmaq istəyirdi. Uşaq evinin əməkdaşları onu cəzalandırmaq istəyəndə eynəkli qadına baxmağı qadağan edirdilər. Cəzalandırmaq isə hərdən lazım gəlirdi. Başqa uşaqlarla birlikdə fermerlərdən gavalı və günəbaxan oğurlayırdı: uşaq evində yemək çatışmırdı və aclıqdan Oksananın qarnı ağrıyırdı.

1989-cu ildə anadan olan kimi valideynləri ondan imtina ediblər. Qızın bir böyrəyi, mədəsinin bir hissəsi və sağ bisepsi yox idi. Hər iki əlində beş barmaq vardı, amma baş barmaqlar yoxdu, qalanlarının arasında da pərdə vardı. Ayaqlarının hərəsində altı barmaq. Sol ayağı sağdan 15 sm qısa. Hər ikisində bəzi sümüklər yoxdu, dizlər isə deformasiya olunmuşdu.

Hesab olunur ki, səbəb radiasiyadır. Xmelnitski, Oksananın doğumundan üç il əvvəl partlayış baş verən Çernobıl AES-dən 300 kilometrlik məsafədə yerləşir. Yerli sakinlər qəzanın fəsadlarını illər sonra da hiss edirdilər.

Ömrünün ilk yeddi ilini Oksana üç uşaq evində keçirib. Dediyinə görə, onlardan biri “azyaşlıların fahişəxanası” idi: başqa uşaqlar kimi Oksananı da 5 yaşından 7 yaşına qədər “yuxarıdakı otağa” aparır və seksual zorakılığa məruz qoyurdular. Əvvəl Leyni adlı rəfiqəsi vardı, onu böyüklərdən qoruyurdu. Bir dəfə Leyni çörək oğurladı və onu qəddarcasına döydülər. Oksana stolun altında gizləndi, amma hər şeyi eşidirdi. Rəfiqəsini daha görmədi, “yuxarıdakı otağa” isə bundan sonra hər gün aparıldı.

Günlərin bir günü Oksana yanında kiminsə olduğunu hiss edib oyandı. Gözlərini açdı və çarpayının yanında diz üstdə duran “qaranlıq fiqur” gördü. Oksana iki il ərzində az qala hər gün fotoda gördüyü simanı dərhal tanıdı. Eynəkli qadın idi - onun gələcək anası.

Eynəkli qadın

ABŞ-da yaşayan 43 yaşlı professor və həkim-loqoped Gey Masters 90-cı illərin ortalarında övladlıq götürməyi qərara aldı. Yüzlərlə uşaq fotoları içində Oksananı gördü və onu seçdi.

Professor xatırlayır ki, Oksananın gözündəki qığılcıma diqqət yetirdi və qızı tapmaq fikri onu çulğadı. Amma ərsiz qadın üçün övladlıq götürmək asan deyildi. Masters saysız psixoloji ekspertizalardan keçdi, niyə ərdə olmadığını dəfələrlə izah etdi, psixi cəhətdən sağlam olduğunu isbatladı. İstədiyinə nail olmaq üçün düz iki il sərf etdi: nəhayət, 1997-ci ildə Xmelnitskiyə gəldi və Oksananı özü ilə apardı.

ABŞ-da Oksananın öz otağı, oyuncaqları oldu, yemək həmişə bol idi, amma yenə də qənd tikələrini gizlədirdi. Bütün gəlinciklərini Leyni adlandırırdı.

Oksana başqa uşaqlar kimi yeriyə bilmədiyini həmişə anlayırdı, amma ABŞ-a gedənə qədər əlilliyini dərk etmirdi. 8 yaşında boyu 86 sm, çəkisi 16 kq idi - 3 yaşlı sağlam körpənin göstəriciləri.

Bir dəfə gəzinti zamanı turnikdə sallanan qız gördü və özü də yoxlamaq istədi. Gey Masters qızına izah etdi ki, baş barmaqları olmadığından çox çətin olacaq. Amma iki həftəlik inadcıl məşqlərdən sonra Oksana artıq turnikdən asılırdı. Tezliklə onun əllərində bir neçə əməliyyat etdilər, sümüklərin yerini elə dəyişdilər ki, baş barmaqları olsun.

Anadangəlmə qüsurlar üzündən Oksananın sol ayağını 9 yaşında, sağ ayağını isə 14 yaşında kəsdilər. Ümumən o, ayaqlarında, qollarında və dişlərində 10-dan çox cərrahi müdaxiləyə məruz qalıb.

Uşaq evində norma olan “qorxu və ağrı” olmadan yaşamaq Oksana üçün qeyri-adi idi. Çaşqınlığın öhdəsindən gəlmək üçün özünü kəsirdi. Gey Masters bunu hiss etdi və 2002-ci ildə qızına avarçəkmə ilə məşğul olmağı tövsiyə etdi ki, fikri yayınsın. Oksana qayığa oturdu və ilk dəfə baş verənlər üzərində “azadlıq və nəzarət hiss etdi”: indi onun “yığılan ağrı-acını püskürmək üçün sağlam vasitə”si vardı.

Frenç-press

Anası sayəsində Oksana protezlərdən istifadə edərək konki sürürdü, üzgüçülüklə, voleybolla, basketbolla məşğul olurdu. Amma avarçəkmə ən sevimli məşğuliyyəti idi.

Kentukki ştatında Luisvill şəhərində əlil insanlar üçün avarçəkmə klubunun proqram direktoru Rendi Mills Oksananın uduzmağa nifrət etdiyini sezdi. O, 2008-ci ildə qıza Paralimpiadaya hazırlaşmağı təklif etdi. 19 yaşlı Oksana heç bilmirdi ki, özü kimi birisi belə böyük miqyaslı yarışda iştirak edə bilər. Hazırlaşmağa başladı.

2010-cu ildə Oksana ABŞ-da populyar “CRASH-B Sprints” turnirində dünya rekordu ilə qalib gəldi. Bir il sonra əlilliyi olan avarçəkənlərin dünya çempionatına seçimlərdə ikinci yeri tutdu. Bu, həm də onu Londondakı Paralimpiada-2012-yə apardı.

Turnirə az qalmış Oksana Masters özünəinamı artırmaqdan ötrü ESPN idman jurnalı üçün açıq-saçıq şəkillər çəkdirdi. Məktəb illərində uğursuz saç düzümü və ya üzdə sızanaq onun üçün faciə idi, “hələ ayaq protezlərini gizlətməyin çətinliyini demirəm”.

London Paralimpiadasında Oksana paraatlet Rob Consonla birlikdə qarışıq cütlükdə bürünc medal qazandı. Amma o, daha çoxunu arzulayırdı. 2013-cü ildə bel travması üzündən avarçəkmədən getdi, xizək idmanına yönəldi və bir il sonra Soçi qış Paralimpiadasına vəsiqə qazandı.

ABŞ-a köçəndən sonrakı dövr ərzində ilk dəfə vətəninə bu qədər yaxın idi. Bu, ona əlavə stimul verdi və Oksana 5 km yürüşdə bürünc, 12 km yürüşdə gümüş medal qazandı.

Həmin günlər instaqramda yazdı: “Ana, sənin ürəyinə, mübarizənə, qətiyyətinə və sevginə görə öz minnətdarlığımı ifadə edə bilmirəm. Dünyada ən yaxşı ananın mənim olmasına görə şükür edirəm və çox xoşbəxtəm. Sağ ol ki, ehtiyac olanda mənə təkan verirdin, sağ ol ki, arzularımın dalınca getməyə kömək edirdin, sağ ol ki, mənə inanırdın, sağ ol daimi və şəksiz sevginə görə”.

Soçi oyunlarına az qalmış Masters Yuta ştatında yarışlara gedir. Orada idmançıların ümumi yeməkxanasında arabada oturmuş, frenç-preslə qəhvə hazırlayan bir oğlan görür. Qəhvə üçün sinov gedən Oksananın oğlanla söhbəti tutur. 38 yaşlı Aaron Payk (oğlanın adı belə idi) ov zamanı onurğa beynini zədələyib və buna görə ayaqları iflic olub, amma özünü xizək və velosiped idmanında tapıb.

Hər ikisinin iştirak etdikləri Soçi Paralimpiadasında Oksana Aarondan nə qədər xoşlandığını anladı. Onlar müxtəlif reyslərlə evlərinə qayıdanda Masters anladı ki, bir də nə vaxt görüşəcəklərini bilmir və onu itirmək istəmir. Onlar müxtəlif yerlərdə görüşmək üçün səyahətə başladılar. Yürüşə çıxırdılar, bir-birilərinə məktub yazırdılar, içində hədiyyə olan bağlamalar göndərirdilər və çoxlu qəhvə içirdilər.

Qaldırıcı

Aaron sayəsində Oksana özünə yeni hədəf tapdı: avarçəkmədən və xizəkdən daha çətin olan velosiped idmanı. O, yüksək sürətdən qorxurdu, amma Aarondan nümunə götürməyə çalışırdı. Nəticədə 2016-cı ildə Rio de Janeyroda keçiriləcək yay Paralimpiadasına düşə bildi.

Debüt alınmadı. Onun komandası dördüncü yeri tutdu və kimsə Oksanaya dedi ki, “medal istəyi yetərincə güclü deyildi”. Bu sözlər idmançını qızışdırdı.

O, Aaronla birlikdə Pxençxandakı 2018-ci il qış Paralimpiadasına hazırlaşırdı və turnirə üç həftə qalmış dirsəyini sındırdı. Həkim dedi ki, sağalma 4-8 ay sürə bilər, özü də “normal adamda”. Amma o yenə də Pxençxana getdi və sarılı dirsəyi ilə beş medal qazandı ki, onun da ikisi qızıl idi - xizəkdə sprint və 5 km. Eləcə də ilk dəfə biatlonda yarışdı və iki gümüş medal əldə etdi.

Tokiodakı yay oyunlarında Masters yenidən velosiped idmanında yarışdı və bu dəfə iki qızıl medal qazandı - individual və komanda yürüşlərində. Cəmi yarım il sonra Pekin Paralimpiadasında isə daha dörd medal (iki qızıl və iki gümüş) qazanaraq beş Paralimpiadada 14 medalla ən titullu qadın paraatlet oldu. Parisdə öz kolleksiyasına daha iki qızıl medal əlavə etdi: individual və qrup veloyürüşündə.

Pekin Paralimpiadasının başlamasına bir neçə gün qalmış Rusiya Ukrayanaya qarşı böyük miqyaslı təcavüzə başladı. Bu, Oksana üçün zərbə oldu. Təltifetmə mərasimlərində Mastersi ABŞ və Ukraynanı təmsil edən idmançı adlandırırdılar, ukraynalı paralimiyaçılar isə Oksananı öz komanda yoldaşları hesab edir və bütün medallarına birlikdə sevinirdilər.

“Mən ameriko-ukraynalıyam və bununla fəxr edirəm: xüsusən də indi, müharibə haqqında məlumatı ABŞ-da yaya biləndə. Anam həmişə deyirdi ki, mənim ukraynalı ürəyim çətinliklərin öhdəsindən gəlməyə, mətanətli və döyüşkən olmağa kömək edir”, - Masters bildirirdi.

O, rusiyalıların Paris Olimpiadasında və Paralimpiadasında iştirakının tam qadağan olunmasının tərəfdarı idi, çünki “Tokioda iştirak edən yüzdən çox ukraynalı idmançı, döyüşlər üzündən Paris oyunlarına hazırlaşa bilmir, məşqçilər işsiz qalıb, bütün məşq infrastrukturu isə dağıdılıb”.

2022-ci ilin yayında Oksana və Aaron Vayominqdəki “Grand Teton” milli parkına yollandılar. Gey Masters bir zamanlar orada kollecdə işləyib və bu onun üçün də, qızı üçün də əhəmiyyətlidir. Onlar qaldırıcıda dağa qalxarkən Aaron Oksanaya evlənmək təklifi etdi. Məşqlər və yarışlar cədvəli imkan verən kimi evlənəcəklər.

Oksana deyir ki, uşaq istəyirlər: “Aaronun uşaqlarla arası sazdır, mən də ana olmağı çox arzulayıram. İstəyirəm ki, anam mənim üçün bütün etdiklərindən sonra məni ana görsün. Bilmirəm, övladlığa götürmək olacaq, ya yox, amma bizim gələcəyimizdə uşaqlar mütləq olacaq”.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə:
https://meduza.io/feature/2024/09/09/oksana-masters-samaya-titulovannaya-paraatletka-v-istorii
Məqalədə Oksana Mastersin qazandığı medalların statistikası ilə bağlı bəzi qeyri-dəqiqliklər var. Məsələn, 2022-ci il Pekin qış Paralimpiadasında dörd medal qazandığı yazılır, əslində isə yeddi (üç qızıl, dörd gümüş) medal qazanıb. Hazırda Oksana Mastersin 19 Paralimpiada medalı var ki, bunlardan doqquzu qızıl, yeddisi gümüş, üçü bürüncdür. Dörd qızıl və bir bürünc yay Paralimpiadalarında, qalanları qış Paralimpiadalarında qazanılıb. Pressklub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.