Bakı, Azərbaycan və gələcək haqqında səsli fikirlər.

16-09-2024, 12:14           
Bakı, Azərbaycan və gələcək haqqında səsli fikirlər.
Bu gün Bakının Azərbaycanın paytaxtı olduğu, ümumiyyətlə, bu gün yaşadığımız Azərbaycan Respublikasının varolma günüdür. Çünki, Bakısız Azərbaycan qurmaq, ölkə və dövlət olmaq mümkün olmazdı. Bakını paytaxt edən yerli qəhramanların, Türk Ordusunun verdiyi şəhidlərin ruhu qarşısında baş əymək boynumuzun borcudur. Allah rəhmət eləsin! Amin!
Dövlət olmaq daha ağır, daha məsuliyyətli məsələdir, dövləti yaşatmaq qurmaqdan da çətindir. Dünya tarixi boyu minlərlə dövlətlər, onlarla İmperiyalar qurulub, sonradan sıradan çıxıb ancaq tarix kitablarında qalıblar. Dövləti yaşatmaq üçün vətəndaşı yaşatmaq lazımdır, vətəndaşı yaşatmaq üçün isə elm, təhsil, rəqəbətli iqtisadiyyat, aydın hədəflər, ən başlıcası, bütün bunları təsis etmək üçün Ədalətli Sistem gərəkdir.
Bu gün Azərbaycan kompası sınmış, hədəfləri olmayan gəmiyə bənzəyir. Çünki, son 35 ildə məmləkətin iki hədəfi var idi –Allaha min şükür, bu hədəflərə çatmışıq. İlk hədəf müstəqilliyimizin bərpası idi, buna millət olaraq nail ola bildik. İkinci hədəfimiz torpaqlarımızn işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası idi – Şəhidlərimizin qanı, Qazilərimizin əməyi, Ali Baş Komandanın düzgün siyasəti, xalqımızın birliyi bu hədəfə çatmağımızda əsas rol oynadı. Yəni, müstəqilliyimizi də, suverenliyimizi də xalqımızın 99%-i istəyirdi deyə millət olaraq bu hədəflərə nail olduq.
Yaxşı, indi nə istəyirik, xalq, toplum, Dövlət olaraq hədəfimiz nədir?! Hədəfi, məramı, məqsədi aydın olmayan Dövlət həmişə təhlükələrlə üzləşir – bunu anlayıb cəmiyyətdə bu məsələlərlə bağlı ciddi diskurs açmaq lazımdı.
Bu gün həm də bilik günüdür, növbəti təhsil ilinə start verilir. Dövlətin gələcəyini, yolunu-izini, əsasən, elm və təhsil səviyyəsi müəyyən edir. Burada keyfiyyət axsayır, amma mən başqa, önəmli bir məsələyə fikir yönəltmək istərdim.
Azərbaycanda 4,5 ildir quru sərhədlər məntiqsiz və qanunsuz olaraq bağlıdır. Hamı baş sındırır ki (çünki, rəsmi elan etdikləri “pandemiya” səbəb deyil, hətta tragikomediyadır), bunun səbəbi nədir, gah AZAL məsələsinə bağlayırlar, gah da təhlükəsizlik tədbirlərinə - amma, məncə, əsas səbəb başqadır. Hökumət hər vəclə ölkədən valyuta çıxışının qarşısını İNZİBATİ üsullarla almağa çalışır, halbuki, iqtisadi üsullara etməlidir, bunu bacarmır – yəni, ölkədə mal-məhsul istehsalı bolluğu olmalıdır, özümüz-özümüzü təmin etməyi bacarmalıyıq, uzuzluq və bolluq yaratmalıyıq ki, valyuta axını azalsın, əksinə, ixracı artıraraq daha çox qazanmaq mümkün olsun. Bunun üçün rəqəbətli və ədalətli sistem lazımdır – o da ki, yoxdur, qura, yarada bilmirlər, və ya istəmirlər. Açıq sərhədlər rejimində sərhədyanı rayonların əhalisi kiçik biznes kimi, və ya öz ehtiyaclarını ödəmək üçün gündə-həftədə bir neçə dəfə qonşu ölkələrə keçib ordan bazarlıq edirdilər. İlk baxışdan xırda məsələ kimi görünsə də, il ərzində yüzmilyonlarla dollarlıq vəsaitin bu yolda xərcləndiyi bilinən məsələdir – məncə, əsas səbəb budur.
Amma, hökumət bir məsələni anlamır-anlamaq istəmir ki, ölkədən ən çox valyuta, pul, vəsait aparan “beyin köçüdür”. Ölkədə təhsilin adı pulsuzdur, özü valideynlərə böyük məbləğdə vəsaitə başa gəlir. Bundan başqa Dövlət də şagirdə-tələbəyə ildə 2000 manata yaxın vəsait xərcləyir – indi özünüz hesablayın, şagird 11 il oxuyur, hər şargirdə dövlət, təqribən 11 min dollar xərcləyir. Məktəbdə oxuyan şagirdə valideyn müəllimlər tutur, əlavə dərslərə ödənişlər edir, bilik verir, dil kurslarına göndərir, ortalama götürsək, hər şagirdə (pal-paltar, kitab-dəftər və s. xərclərdən əlavə) valideynlər 11 ilə 8-9 min dollar xərcləyir. Beləliklə, dövlətin və valideynlərin xərclədiyi 20 min dolları yaxşı oxuyan, perspektivi olan, dil bilən gəncimiz özü ilə birgə xaricə aparır. Bax əsl valyuta axını, məmləkətin gələcəyini baltalayan valyuta axını budur – həm pul itiririk, həm də beyinləri.
Tanıdığın-bildiyim ailələrdən, ən azı 1 nəfər xaricə köçən var, hər 3 gəncdən, ən azı biri təhsil üçün xaricə getmək istəyir, buna çalışır. Gedənlər də dönmür – bu sistemə dönmək istəmirlər. Hər il minlərlə gəncimizi bu yolla itiririk, Türkiyə, Avropa, ABŞ üçün dövlət və valideyn olaraq pul xərcləyib ağıllı kadrlar yetişdiririk – ağlı olan da geri qayıtmır. Belə....
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.