Qubad İbadoğlu Saxarov mükafatına namizəd göstərilib
19-09-2024, 09:34
Avropa Parlamentinin Yaşıllar/Azad Avropa Alyansı (Greens/EFA) siyasi qrupu azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlunu builki Saxarov Mükafatına namizəd göstərdiyini açıqlayıb.
“Builki Saxarov mükafatına azərbaycanlı akademik, antikorrupsiya fəalı və qalıq yanacaqlar sənayesi tənqidçisi doktor Qubad İbadoğlunun namizədliyini irəli sürməkdən qürur duyuruq. Bakının qalıq yanacaqlar sənayesinin tənqidçilərinə qarşı qeyri-insani rəftarına qlobal diqqət lazımdır”, Yaşıllar qeyd edib.
Sentyabrın 12-də 53 yaşını ev dustaqlığında qeyd edən Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılılıb, saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. İbadoğlu ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu qeyd edib.
Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı yerli və beynəlxalq çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
“Avropa Parlamenti hər il insan hüquqları və fikir azadlığının müdafiəçisini Saxarov mükafatı ilə təltif edir. Yaşıllar/Azad Avropa Alyansının fəallığına görə Azərbaycanda haqsız yerə həbs edilən doktor Qubad İbadoğlunu namizəd göstərməsi qərarı ilə hədsiz qürur duyuram. Biz onun yanındayıq”, Parlamentin niderlandlı deputatı Katarina Vieira qeyd edib.
Avropa Parlamenti 2023-cü ilin sentyarbrında və bu ilin aprelində İbadoğluna qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanksiyalara çağıran iki qətnamə qəbul edib.
Parlament İbadoğlu ilə yanaşı digər siyasi məhbusların da azad edilməsinə çağırıb.
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin aprel ayında qəbul etdiyi qətnaməsini “obyektivlikdən uzaq” və Azərbaycana qarşı “qərəzli siyasi aksiya kimi” qiymətləndirdiyini vurğulayıb.
1988-ci ildə təsis edilən və sovet dissident alim Andrey Saxarovun adını daşıyan Saxarov Düşüncə Azadlığı Mükafatı Avropa Parlamenti tərəfindən hər il həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxslərə və ya qruplara təqdim edilir.
Parlamentin siyasi qruplarının hər biri hər il öz namizədini irəli sürür. Namizədlər Xarici Əlaqələr Komitəsinin, İnkişaf Komitəsinin və İnsan Hüquqları Alt Komitəsinin birgə iclasında təqdim olunduqdan sonra üç namizəddən ibarət qısa siyahı seçilir.
Saxarov Mükafatının yekun qalibi Avropa Parlameti prezidenti və Parlamentdə təmsil olunan bütün siyasi qrupların liderlərinin daxil olduğu Prezidentlər Konfransı tərəfindən seçilir.
https://x.com/GreensEFA/status/1836293838438117446?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1836293838438117446%7Ctwgr%5E3a4fa08ce5fa3ca3b75ba415c2e674feb0e8137b%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7789030.html