TIXAC VAR, İZAH YOXDUR... - Bakı yollarındakı “kollaps” kimlərin günahından yaranır?

21-09-2024, 08:36           
TIXAC VAR, İZAH YOXDUR... - Bakı yollarındakı “kollaps” kimlərin günahından yaranır?
Heç kim çıxıb özünün cavabdeh olduğu sahədəki yarıtmaz, yaramaz fəaliyyəti nəticəsində əhaliyə yaradılan süni problemlərin səbəbi və həlli yolları barədə hesabat, izahat vermək istəmir, özünü buna borclu hesab etmir. Sanki yüksək vəzifəli nazirlər, deputatlar, məmurlar, hətta kiçik ixtiyar sahibləri belə bu ölkənin insanına qarşı saymazlıq, yekəxanalıq, hörmətsizlik yarışına çıxıblar...

Bu nədir - “Formula-1”, bu nədir – beynəlxalq tədbir, festival, bu nədir – yüksək ranqlı qonaq gəlib və sair. Olsun. Azərbaycan dünyada tanınsın, sayılsın, seçilsin. Amma bu ölkənin vətəndaşının da sayılması, seçilməsi lazımdır axı!

Vəzifəli şəxslərin çoxu bunu qəbul etməsə də, bu ölkənin ən böyük sərvəti, onun “sifəti” neft, qaz, kürü və s. yox, onun vətəndaşıdır! Onu “o tədbir, bu tədbir” adı ilə küçələrdə, tıxaclarda süründürəndən, yorandan, əsəb, ürək xəstəsi edəndən, işindən, çörəyindən ayrı salandan sonra bu tədbirlərin nə mənası, nə əhəmiyyəti, nə xeyri qalır?

Hələ beynəlxalq tədbirlər bir yana, yollardakı saqqız kimi uzanan və bitmək bilməyən, çox zaman da lüzumsuz olan təmir işləri də bir yandan tıxaclara səbəb olur. Məsələn, hazırda xeyli müddətdir ki, "8 noyabr" prospektində təmir gedir. Bu səbəbdən avtomobil sahiblərinin çoxu yolunu dəyişərək, Babək prospektinə və digər yollara çıxırlar ki, bir təhər mənzil başına çatsınlar. Bu səbəbdən də digər yollarda və demək olar bütünlükdə şəhərdə böyük tıxaclar yaranır. Əslində, həmin təmir-tikinti işlərini ən azından dərs ili başlayanadək, yayda görüb bitirmək olardı. Ancaq etmədilər və bu, hələ dərdin yarısıdır.

Digər bəla isə işlərin çox ləng aparılmasıdır. Hər gün "8 noyabr" prospekti ilə gələnlər şahiddirlər ki, burada təmir işləri çox ləng, zəif aparılır, ya da günün bəzi saatlarında ümumiyyətlə aparılmır. Məsələn, səhər saatlarında təmir gedən yol boyu cəmi 2-3 texnika və bir neçə fəhlə görmək olar. Ancaq məntiqlə az qala bütün paytaxtda nəqliyyatın iflic olmasına səbəb olan bu yoldakı təmir işləri gecə-gündüz, durmadan aparılmalıdır ki, iş tez bitsin və yollar açılsın. Lakin heç kim buna məhəl qoymur, təmir aparan quruma, şirkətə isə gözün üstə qaşın var deyən yoxdur...

Ümumiyyətlə, Bakının tıxac, yol infrastruktur problemilə bağlı heç bir qurum çıxıb izahat vermək, bunun nə zaman və necə həll olunacağı ilə bağlı nəsə demək istəmir. Heç kim özünü buna borclu saymır – nə AYNA, nə Avtomobil yolları Dövlət Agentliyi, nə də Yol Polisi. Hansı ki, bu, onların hər birinin ayrı-ayrılıqda boynunun borcudur, vəzifəsidir. Onlar bu işə lazım gələrsə, elmi cəhətdən yanaşmalı, nəticə yox, səbəbi müəyyən etməli və çıxıb izahat, hesabat verməli, məsələnin həlli yollarını, müddətini göstərməlidirlər. Ancaq heç birindən səs çıxmır. Çünki əsas vəzifələrini iş görməkdə, bu iş barədə xalqa hesabat verməkdə, insanların həyatını yüngülləşdirməkdə, yox, əksinə, xalqa əziyyət verməkdə, cərimə yazmaqda, rüşvət yığmaqda, büdcə vəsaitini talamaqda və s. görürlər! Məhz onların yarıtmaz və başıpozuq fəaliyyəti nəticəsində Azərbaycan dünyanın heç də ən çox avtomobilləşən ölkələri sırasında yer almadığı halda, ən çox tıxac yaşanan (xüsusilə də Bakıda) ölkələrindən birinə çevrilib.

Bəli, bölgələrimizdə iş yerləri azdır, əhali iş, çörək daliyca pataxta axışır, urbanizasiya artır və sair. Lakin urbanizasiya başqa ölkələrdə, bütün dünyada var. Ancaq normal, sivil, məsuliyyətli, hesabatlı idarəetmə sistemi olan ölkələrin çoxunda bu problemin öhdəsindən böyük ölçüdə gələ bilirlər. Avtomobilləşmə səviyyəsi aşağı olan Azərbaycanda isə vəziyyət günbəgün daha da pisləşir...

Mütəxəssislər tez-tez müqayisə gətirirlər ki, 10 milyon əhalisi olan İsveçdə 6 milyon avtomobil olduğu halda, Bakıdakı kimi tıxaclar yoxdur. Bizdə isə avtomobil sayı qat-qat az olmasına baxmayaraq, Bakının içərisində bir ünvandan digərinə - işinə, evinə, xəstəxanaya və s. gedən vətəndaş saatlarla yollarda, tıxaclarda qalır. Mütəxəssislər onu da vurğulayırlar ki, adambaşına düşən avtomobil sayını nəzərə alsaq, Bakıda tıxac olmalı deyil. Amma var. Tıxac var, lakin bunun izahını verən, gerçək səbəbini və bundan çıxış yollarını, müddətini göstərən dövlət qurumu, orqanı yoxdur!

Məsələnin texniki tərəflərini bilmirik, bunu mütəxəssislər oturmalı, aydınlaşdırmalıdır. Ancaq onu bilirik ki, tıxac və müvafiq qurumların yarıtmaz, yaramaz fəaliyyətindən irəli gələn bütün buna bənzər problemlər yalnız Azərbaycan insanı sayılanda, hesablaşmalı olanlar onunla hesablaşanda həll olunmağa başlayacaq...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.