BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı - niyə indi?

21-09-2024, 15:42           
BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı - niyə indi?
“BP Azerbaijan” şirkəti Azərbaycandan Avropaya qaz nəql edən boru kəmərindəki 20 faizlik payını satır. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, BP Trans-Adriatik Qaz Boru Kəmərindəki (TAP) payından Amerikanın özəl investisiya fondu Apollo Global Management-ə satmağa razılaşıb. Alqı-satqının məbləği bir milyard dollardır.

Qeyd edək ki, TAP kəməri Azərbaycan qazını Avropaya nəql etmək üçün yaradılan Cənub Qaz Dəhlizinin sonuncu seqmentidir. Dəhlizlə nəql olunan qaz Azərbaycanın “Şahdəniz” yatağının istismarının 2-ci mərhələsi (ŞD2) çərçivəsində əldə olunur. Yatağın işlənməsi layihəsinin səhmdarları: BP - 29,99 faiz, Lukoil- 19,99 faiz, TPAO- 19 faiz, NICO - 10 faiz, Cənub Qaz Dəhlizi QSC-dir - 21,02 faiz. Yataqdan hasil olunan qazı Türkiyə ərazisinə çatdıran Cənub Qafqaz Boru Kəməri (CQBK) və Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsində də pay bölgüsü eynidir. Türkiyəyə qaz çatdıran Trans-Anadolu Boru Kəmərinin (TANAP) səhmdarları: CQD - 51 faiz, BOTAŞ - 30 faiz və BP - 12 faiz, STEAŞ-dır - 7 faiz.

Türkiyədən qazı İtaliyaya çatdıran TAP kəmərinin səhmdarları isə BP - 20 faiz; CQD - 20 faiz; Snam - 20 faiz; Fluxys - 20 faiz; Enagas - 20 faizdir.

İlkin ötürmə gücü illik 10 milyard kubmetr olan TAP kəmərilə qaz nəqlinə 2020-ci ilin dekabrında başlanıb. 2021-ci ildə kəmərlə 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə 11,5 milyard kubmetr qaz nəql olunub. Bu il üçün plan 12 milyard kubmetrdir. Hazırda kəmərin ötürmə gücü 12 milyard kubmetrdən bir qədər yüksəkdir. 2022-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, 2027-ci ilə qədər kəmərin ötürücülük qabiliyyətini iki dəfə artırmaq məqsədi daşıyan investisiyaların cəlb edilməsi üzrə danışıqlar aparılır. Lakin bu, həm də qaz hasilatının artırılmasını və yeni kompressor stansiyalarının tikilməsini tələb edir.

TAP-ın gücünün ikiqat artırılması üzrə işlərin dəyəri ekspertlər tərəfindən milyardlarla dollar məbləğində qiymətləndirilir. Nəzərə alsaq ki, Avropa şirkətləri Azərbaycan qazının alınması üçün uzunmüddətli müqavilələrin bağlanmasına o qədər də maraq göstərmirlər, investorların bu layihəyə sərmayə yatırmaq motivasiyası çox arzuolunandır. Belə bir mərhələdə layihənin əsas sərmayədarlarından, həm də dünyanın ən böyük enerji şirkətlərindən biri olan BP-nin TAP-dakı payını satması birmənalı qiymətləndirilmir.

BP TAP-dakı paylarını satmağa vadar edən səbəbləri açıqlamır. Şirkətin səhmlərini almağa hazırlaşan Apollo Global Management idarəçiliyində təxminən 600 milyard dollar olan özəl investisiya fondudur. Əsası 1990-cı ildə qoyulub, kredit, şəxsi kapital və real aktivlərə investisiya qoyur. 31 dekabr 2020-ci il tarixinə şirkətin idarə olunan aktivləri 498 milyard ABŞ dolları, o cümlədən 328,6 milyard dollar kredit, o cümlədən ara kapital, heyc fondlar, problemli kreditlər və təminatlı kredit öhdəlikləri, 80,7 milyard dollar özəl kapitala investisiya və 46,2 milyard dollar əmlak, o cümlədən daşınmaz əmlak və infrastruktur. Şirkət pensiya fondları, ianə və suveren fondlar, eləcə də digər institusional və fərdi investorlar adından investisiyalar həyata keçirir.

Apollo BP-nin törəmə şirkətinin qeyri-nəzarət payını alıb və bu əməliyyatla bağlı ilk məlumatları yayanlardan olan nə Reuters, nə də Bloomberg alınan payın nə qədər olduğunu açıqlamayıb. Məlum olan bir məqam var ki, BP bu layihədə nəzarət paketi sahibi statusunu itirməyəcək.

BP-nin Apollo sazişindən əldə edəcəyi gəlir bu il Britaniya şirkətinin aktivlərinin ümumi satışından əldə olunan gəlirlərə daxil ediləcək. Nəzərdə tutulan plana əsasən bu il BP öz aktivlərinin optimallaşdırılmasından ümumilikdə 2-3 milyard dollar qazanacaq - bu, onun maliyyə göstəricilərinin yaxşılaşdırılması üzrə işinin bir hissəsi kimi hədəfidir. Baxmayaraq ki, BP son illərdə xeyli miqdarda borcunu ödəsə də, onun balansı hələ də rəqiblərindən zəifdir.

Qeyd etmək yerinə düşər ki, TAP-dakı payı Britaniya şirkətinin bu il satışa çıxardığı tək aktivi deyil. Şirkət ABŞ-dakı külək enerjisi biznesinidə satışa çıxarıb. Məlumatı BP Wind Energy özü yayıb. Bu şirkət ABŞ-ın yeddi ştatında on külək stansiyasında iştirak payına malikdir. Onların hamısı şəbəkəyə qoşulub, onların ümumi gücü 1,3 GVt təşkil edir. RBC Capital Markets analitikləri bu biznesin dəyərini təxminən 2 milyard dollar qiymətləndirirlər.

Şirkət bu addımını ABŞ-da bərpa olunan enerji sahəsində genişlənmə üçün əsas platforma kimi Lightsource BP-nin günəş enerjisi biznesinə diqqət yetirmək istəyi ilə izah edib: “Bu planlaşdırılan satış portfelimizi daha da sadələşdirmək strategiyasının bir hissəsidir”.

Bloomberg qeyd edir ki, TAP sövdələşməsi neftin qiymətinin düşməsi və neft şirkətlərinin maliyyə imkanlarının azalması fonunda baş verir. BP şirkətinin özü bu ilin ikinci rübünü arzuolunmaz nəticələrlə başa vurub. Şirkətin açıqladığı məlumata görə, BP 2024-cü ilin ikinci rübündə xalis zərərlə üzləşib. Şirkətin yaydığı press-reliz bildirilir ki, bu zərərə baxmayaraq, şirkət dəqiqləşdirilmiş mənfəətini və dividendlərini artırıb.

Şirkət bildirir ki, aprel-iyun aylarında ötən ilin eyni dövründəki 1,79 milyard dolla gəlirə qarşı 129 milyon dollar xalis zərərlə üzləşib. Bu rəqəmə Gelsenkirhendəki neft emalı zavodunda hasilatın azaldılması da daxil olmaqla 1,5 milyard dollarlıq silinmə aiddir. Eyni zamanda, ehtiyatların əvəzlənməsinə uyğunlaşdırılmış mənfəət (xalis gəlirə ekvivalentdir, lakin birdəfəlik faktorlar istisna olmaqla) keçən ilin eyni dövründəki 2,59 milyard dollardan 2,76 milyard dollara yüksəlib. Şirkətin özünün hazırladığı konsensus proqnozunda bu rəqəm 2,54 milyard dollar nəzərdə tutulurdu.

İyunun sonunda şirkətin xalis borcu bir il əvvəlki 23,66 milyard dollardan 22,61 milyard dollara qədər azalıb. İlin əvvəlindən iyunun sonunadək BP-nin kapitallaşması 2,8 faiz azalaraq 74,1 milyard funt-sterlinqə düşüb.

Maraqlıdır ki, Avropada qeydə alınan iqtisadi durğunluq şəraitində Apollo Global Management iri Avropa şirkətlərinin səhmlərini alır: o, artıq Air France, Intel və Vonovia şirkətlərinin hissələrini alıb.

Fond həmçinin Avropanın ən böyük maye qaz təchizatçısı olan ABŞ-ın şist layihələrində iri investorlardan biridir. Keçən həftə o, LNG logistika şirkəti olan Freedom CNG-də pay alıb. Apollo bundan əvvəl ABŞ-da şist yataqları və qazma şirkətlərini də satın almışdı. Bu isə Fondun qaz sənayesinə ciddi yatırımlar siyasəti yürütdüyünü göstərir.

Avropa İttifaqının 2040-cı ilədək qaz da daxil olmaqla, qalıq yanacaq istehlakından tam imtina etmək siyasətinə rəğmən Apollo Global Management-in TAP-da pay alması ekspertlər arasında ciddi müzakirələrə səbəb olub. Rusiyadan olan bir sıra eksertlər bu addımın ABŞ-ın Avropanı özündən daha çox asılı hala gətirmək siyasətinin nəticəsi kimi qiymətləndirirlər. Lakin bəzi analitik mərkəzlərdə Apollo Global Management-in TAP-da pay alması kəmərin genişləndirilməsi prosesinə investisiya cəlb etmək üçün gediş hesab olunur. Bildirilir ki, Brüsselin Avropa maliyyə qurumlarına qalıq yanacaqla bağlı layihələri maliyyələşdirmək qadağası fonunda ABŞ fondunun TAP-a investisiya qoyması ABŞ-dakı potensial investorları kəmərin genişləndirilməsi layihəsinə cəlb etmək baxımından uğurlu addım ola bilər. Eyni zamanda bu prosesi həm də ABŞ-ın layihəyə dəstəyinin əlaməti kimi qiymətləndirənlər də var.

Enerji məsələləri üzrə ekspert İlham Şabana görə, BP-nin TAP-dakı payının hamısını satmadığı açıqlanan məlumatda aydın qeyd edilir: “BP-nin TAP-da 20 faiz payı vardı. Açıqlanan məlumatdan da aydın olur ki, Amerika şirkətinə qeyri-nəzarət payını satıb. Bu o deməkdir ki, satılan hissə 10 faizdən yüksək deyil, çünki nəzarət 50+1 faiz deməkdir. Dəqiq neçə faizin satıldığı açıqlanmırsa, bu, 3 də ola bilər, 5 də, 9,9 da. Ola bilsin ki, BP-nin müəyyən vəsaitə ehtiyacı var, ona görə satışa gedib. Yaxud hələlik heç nə açıqlanmır, amma ola bilər ki, BP ilə Apollo Global Management-in hansısa digər yerlərdə müştərək işləri olacaq, yaxud başlanıb. Buna görə də bu əməliyyatı TAP-da vəziyyət pisdir, yaxud BP Azərbaycanla bağlı layihələrdən çıxır kimi qiymətləndirmək doğru deyil”.

Onu da qeyd edək ki, BP Azərbaycanda indi 30 illiyi qeyd olunan Əsrin müqaviləsinin - “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə 1994-cü ilin 20 sentyabrında Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında neft-qaz sahəsində ilk hasilatın pay bölgüsü sazişinin əsas iştirakçılarından biri və operatorudur. Şirkətin layihədə 30,34 faiz payı var.

2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb. Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə - Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verilib. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub.

2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağı üzrə mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 174 milyard ABŞ dolları olub. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 4 milyard 271,6 milyon ABŞ dolları gəlir əldə edilib.

BP-nin operatorluğu ilə AÇG yatağının dərin qatlarından qaz hasilatına başlanması üzrə layihənin icrasına da başlanıb...

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.